RU

Kilian Mbappe Tyerri Anrini qol sayında keçdi

Fransalı hücumçu Kilian Mbappe ölkəsinin milli komandasının heyətində vurduğu qolların sayına görə veteran futbolçu Tyerri Anrini keçib.

Arena.az xəbər verir ki, bu, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ötən gecə keçirilmiş Fransa – İslandiya oyununda (2:1) reallaşıb.

Mbappe matçın 45-ci dəqiqəsində fərqlənərək yığmanın heyətində 52-ci qoluna imza atıb. İspaniyanın “Real” klubunun hücumçusu bu göstəricidə Fransa millisinin sabiq futbolçusu Tyerri Anrini (51) geridə qoyaraq 2-ci yerə yüksəlib.

Hazırda Fransa millisində ən çox qol vuran futbolçu Olivye Jirudur. “Lill” klubunun formasını geyinən 38 yaşlı ön xətt oyunçusunun hesabında 57 qol var. Amma 26 yaşlı Mbappenin qısa zaman içində Jirunu da geridə qoyacağı şübhə doğurmur.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Mbappe cari mövsümdə “Real”ın heyətində 3 oyuna çıxıb, 3 qol vurub. Fransalı futbolçunun Madrid klubunun heyətində ümumi statistikası isə belədir: 62 oyun, 47 qol, 5 məhsuldar ötürmə.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 92 oyun keçirib, 52 qol vurub və 38 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Həmçinin Mbappe “Real”ın heyətində ilk mövsümündəcə, 2024/2025-ci illər mövsümünün İsapniya La Liqasının 31 qolla ən sərrast qolçusu olub və “Qızıl buts” mükafatını qazanıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

error: Məzmun qorunur!
Избранный
35
2
arena.az

3Источники