“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi “Əlilliyi olan qaçqın qadınların həyat hekayələri” adlı layihənin icrası uğurla davam edir.
Redaktor.az xəbər verir ki, bu barədə birliyin sədri Məhluqə Rəhimova mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə, 1948-1953 və 1988-ci ildən etibarən Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) etnik və siyasi səbəblərlə zorla deportasiya olunan, fiziki məhdudiyyətlərlə yaşamağa məcbur edilən qadınların dramatik həyat hekayələrini beynəlxalq səviyyədə gündəmə gətirir.
“Azərbaycanın vətəndaş cəmiyyəti təşəbbüsü çərçivəsində həyata keçirilən “Əlilliyi Olan Qaçqın Qadınların Həyat Hekayələri” layihəsi, zorla köçürülmüş və fiziki məhdudiyyətləri olan qadınların fərdi şahidliklərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağı hədəfləyir. Buna görə də, Azərbaycana zorla köçürülən və fiziki məhdudiyyətlərlə üzləşən qaçqın qadınların insan hüquqları pozuntularına dair şahidlikləri beynəlxalq platformaya təqdim olunacaqdır”, - deyə M.Rəhimova vurğulayıb. Bildirib ki, layihə çərçivəsində hazırlanan 5 dəqiqəlik sənədli videoçarx, zorla köçürülmüş, hüquqları pozulmuş qadınların real şahidliklərini, tarixi faktlar və hüquqi kontekstlə birlikdə təqdim ediləcək. Bu təşəbbüs, Birləşmiş Millətlər Təşkilatının “Heç kəs geridə qalmasın”, “Qadınların gücləndirilməsi” və “Qaçqınların ləyaqətli qayıdış hüququ” prinsipləri ilə tam uyğunlaşdırılıb.
“Layihənin əsas məqsədi əlilliyi olan qaçqın qadınların səsinin dünyaya çatdırılması, BMT konvensiyalarına əsaslanaraq qayıdış hüququnun tanınması və təşviqi, beynəlxalq insan hüquqları və humanitar hüquq pozuntularının sənədləşdirilməsi və regional və qlobal müdafiə mexanizmlərinin aktivləşdirilməsi üçün çağırış erməkdir”.
Layihənin məqsədi bu kateqoriyadan olan qadınların həyat təcrübəsini qlobal miqyasda görünən etmək, eyni zamanda beynəlxalq hüququn pozulması faktlarını sənədləşdirərək aidiyyəti qurumların diqqətinə çatdırmaqdır. Bu təşəbbüs, həm də beynəlxalq müdafiə mexanizmlərinin gücləndirilməsi və effektiv tətbiqinə töhfə verməyi, dayanıqlı dialoq və hüquqa əsaslanan əməkdaşlıq mühiti yaratmağı hədəfləyir.
“Biz BMT-nin müvafiq strukturlarını - OHCHR, UNHCR, UN Women, UNDP, ECOSOC, Avropa İttifaqının İnsan Hüquqları üzrə Mexanizmlərini və beynəlxalq ictimaiyyəti bu səslərə biganə qalmamağa çağırırıq. Bu qadınların qayıdış hüququ, reabilitasiya ehtiyacı, sosial-iqtisadi müdafiəsi və ədalətə çıxışı təmin olunmalıdır. Layihə beynəlxalq platformalarda, o cümlədən Cenevrədəki BMT-nin İnsan Hüquqları Şurasında, BMT-nin Qadın Statusu üzrə Komissiyasında (CSW) və Qaçqınlar üzrə BMT-nin Yüksək Komissarlığının illik sessiyalarında təqdim olunacaq; hesabat və videoçarx Azərbaycan və İngilis dillərində paylaşılacaq”, - QHT rəhbəri əlavə edib.
Məhluqə Rəhimovanın sözlərinə görə, layihə çərçivəsində hazırlanacaq videoçarx və tematik hesabatın təqdimatı BMT-nin Cenevrə və Nyu-York strukturlarına, həmçinin regional insan hüquqları mexanizmlərinə təqdim olunacaq. Layihə tərəfdaşları beynəlxalq humanitar hüququn və insan hüquqları prinsiplərinin tətbiqi və monitorinqi sahəsində daha fəal şəkildə əməkdaşlıq etməyə çağırılır.
“Bu, təkcə bir videoçarx deyil, bütün dünyada zorla köçürülmüş qadınların səslərinə bir körpüdür. Əlilliyi olan qaçqın qadınların hüquqları tanınmadıqca, beynəlxalq hüquq sadəcə prinsiplər toplusu olaraq qalır. Unutmayaq ki, ədalət – qayıdış hüququmuzu təmin etməklə, ləyaqəti bərpa edə bilər. Qayıdış – bir hüquqdur, seçim deyil”, - deyə, M. Rəhimova bildirib.

