RU

Tokio Rusiyadakı bütün yapon mərkəzlərini bağlayır

AzVision.az xəbər verir ki, Yaponiya hökumətinin baş katibi Yosimasa Hayasi belə bəyanatla çıxış edib.

“Rusiya daxilində vəziyyətin dəyişməsi və Rusiya-Yaponiya münasibətləri fonunda biznesin (texniki yardım mərkəzlərinin işi) dayandırılması barədə qərar qəbul edildi”,- yaponiyalı məmur deyib.

Yosimasa Hayasi Yaponiya Mərkəzinin Rusiyada sosial-iqtisadi islahatlara texniki dəstək vermək məqsədi ilə 1994-cü ildə yaradıldığını xatırladıb.

Onun sözlərinə görə, mərkəz indiyədək müvafiq kurslar, beş günlük yapon dili kursları, biznes uyğunluğu və digər fəaliyyətlər vasitəsilə Yaponiya-Rusiya əlaqələrinin dərinləşməsinə töhfə verib. Öz tarixi rolunu tam yerinə yetirmiş mərkəz rəsmi Moskvanı bağlanması barədə diplomatik kanallar vasitəsilə xəbərdar edib.

“Qeyd edim ki, Rusiya hökumətinin cari ilin yanvarında müvafiq memorandumun tətbiqinin dayandırılması ilə bağlı birtərəfli qərarı da bağlanma məsələsində mühüm amil olub. Bu qərarla, eləcə də Rusiya tərəfindən sonradan konstruktiv qarşılıqlı fəaliyyətin olmaması ilə əlaqədar bağlanma barədə məlumat verərkən biz Moskvaya bir daha təəssüfləndiyimizi bildirdik”, - yaponiyalı məmur vurğulayıb.

“Hokkaydo Sinbun” qəzetinin jurnalisti hökumət katibindən avqust ayında Vladivostokdakı Yapon mərkəzində aparılan yoxlamalarla da maraqlanıb.

Yaponiya hökumətinin baş katibi iyulun 30-da və avqustun 26-da Rusiya Daxili İşlər nazirliyinin əməkdaşlarının Vladivostokdakı Yapon mərkəzinə baş çəkdiyini və yoxlamalar, o cümlədən şəxsi heyətlə müsahibələr aparmasından Tokionun xəbərdar olduğunu söyləyib.

“Yaponiya hökuməti Rusiya tərəfini mərkəzin əməkdaşlarının fiziki təhlükəsizliyini təmin etməyə çağırır və yaranmış vəziyyətə cavab vermək üçün lazımi tədbirlər görür”,- Yosimasa Hayasi deyib.

Xatırladaq ki, Ukraynaya hərbi müdaxilə ilə bağlı Yaponiya Rusiyaya qarşı bir neçə sanksiya paketi qəbul edib. Bunun qarşılığında 2022-ci ilin martındaMoskva Tokio ilə sülh müqaviləsi bağlamaqdan imtina etdiyini, yaponların Kuril adalarının cənubuna vizasız gediş-gəlişinin dayandırıldığını və bu ərazidə birgə iqtisadi fəaliyyətin qurulması ilə bağlı dialoqdan çıxdığını açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az
Избранный
22
azvision.az

1Источники