RU

Azərbaycan nümayəndə heyəti Moldovada icbari tibbi sığorta sistemi üzrə təcrübə mübadiləsi aparıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 8-10-da Moldovanın paytaxtı Kişinyov şəhərində səfərdə olub. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, Zaur Əliyev Moldovanın Milli Səhiyyə Sığorta Şirkətinin baş direktoru İon Dodon ilə görüşüb. Görüşdə İon Dodon 20 ildən artıq müddətdə ölkəsində tətbiq olunan icbari tibbi sığorta sisteminin fəaliyyəti, sistemin inkişafı, əldə edilən nailiyyətlər və hədəflər barədə məlumat verərək, bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Zaur Əliyev öz növbəsində icbari tibbi sığorta sisteminin Moldovada 21 il ərzində uğurlu tətbiqinin təqdirəlayiq olduğunu deyib. O, tibbi sığorta sahəsində təcrübə mübadiləsinin hər iki ölkə üçün faydalı olacağını qeyd edib: “Azərbaycan və Moldova arasında səhiyyə, xüsusilə icbari tibbi sığorta sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bu əməkdaşlıq təcrübə mübadiləsi ilə yanaşı, həm də gələcəkdə birgə layihələrin icrasına zəmin yaradır”.

Görüşdə tibbi xidmətləri müqavilə əsasında təmin edən tibb müəssisələrinin seçilməsi meyarları və ödəniş üsulları, eləcə də icbari tibbi sığorta büdcəsinin orta və uzunmüddətli planlaşdırılması barədə fikir mübadiləsi aparılıb. Bundan başqa, əczaçılıq siyasəti, dərman vasitələrinin və tibbi məhsulların kompensasiya siyahısına daxiledilmə proseduru, səhiyyədə texnologiyaların qiymətləndirilməsi sisteminin tətbiqi, sığortaolunan şəxslərin kateqoriyaları, ailə həkiminə qeydiyyat, vətəndaş müraciətlərinin monitorinqi və tibbi xidmətlərin keyfiyyəti ilə bağlı məmnunluğun ölçülməsi üzrə təcrübələr təqdim olunub.

Görüşdə, həmçinin Milli Səhiyyə Sığorta Şirkəti tərəfindən idarə edilən İT sistemlərinin funksionallığı, elektron reseptlərin tətbiqi və kompensasiya olunan dərman vasitələrinin elektron qaydada təyin edilməsi, DRG (diaqnoza əsasən qruplaşdırma) sistemi və kodlaşdırma auditinin faydaları barədə məlumatlar verilib. Bu təqdimatlar Azərbaycan nümayəndə heyətinə Moldovanın səhiyyə sistemində tətbiq edilən müasir yanaşmalar ilə yaxından tanış olmaq imkanı yaradıb.

Səfər proqramı çərçivəsində agentliyin nümayəndə heyəti Moldovanın səhiyyə naziri Alla Nemerenko ilə görüş keçirib. Daha sonra nümayəndələr “Timofei Moşneaga” Respublika Klinik Xəstəxanasının fəaliyyəti ilə tanış olublar. Bu xəstəxana Moldovanın ən qədim və böyük dövlət xəstəxanasıdır, tədris müəssisələrinin təcrübə bazası kimi fəaliyyət göstərir. 2024-cü ildə xəstəxanada Reanimasiya və intensiv terapiya bölməsi yenidən qurularaq istifadəyə verilib və ağır xəstələr üçün xüsusi şərait yaradılıb.

Nümayəndə heyəti, həmçinin “Medpark” Beynəlxalq Klinikasında olub. Klinika Moldovada JCI (Joint Commission International) akkreditasiyası almış ilk və yeganə özəl tibb müəssisəsidir.

Bundan əlavə, nümayəndə heyəti Nicolae Testemitanu adına Dövlət Tibb və Əczaçılıq Universitetinin Simulyasiya Mərkəzində müasir tədris modelləri ilə tanış olub. Mərkəzdə simulyasiyaya əsaslanan təcrübə və təlim proqramları tələbələrə praktik vərdişlər qazandırmaq üçün geniş imkanlar təqdim edir. Mərkəz regionda qabaqcıl təcrübə, təlim müəssisəsi olaraq tanınır.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev ilə görüşüb, həmçinin Kişinyovda Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Избранный
32
5
sia.az

6Источники