RU

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in qəbul edildiyi beynəlxalq şərait və siyasi əhəmiyyəti


“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş” hansı beynəlxalq şəraitdə razılaşdırıldı? Yeni dünya nizamının formalaşması prosesi hazırda davam edir, dünyada gərgin anlar yaşanır. Belə vəziyyət Qərb-Rusiya qarşıdurması ilə yarandı. Rusiya 2015-ci ildə Ukraynaya qarşı başladığı hərbi təcavüzünü müəyyən fasilədən sonra 2022-ci ildə müharibə ilə davam etdirir. Ukraynanın ərazisinin 20 faizini işğal etdi və işğal etməkdədir. Bəhanəsi Ukraynanın NATO-ya daxil olmaq istəyidir. Rusiya bildirir ki, NATO-nun onun sərhədlərinə yaxın olmasına imkan verməyəcəkdir. Gedişat isə onu göstərir ki, Rusiyanın məqsədi keçmiş sovet məkanında olan müstəqil dövlətləri nüfuzu altına almaqdır.
Yəni Ukrayna ilə kifayətlənməyəcək. Rusiya artıq Cənubi Qafqaz dövlətlərinə qarşı təcavüz simptomlarını büruzə verir. Gürcüstana qarşı 2008-ci ildə açıqca müharibə etdi, ərazilərinin bir hissəsini işğal etdi. 2026-cı il iyunun 7-dəErmənistanda yeni hökumət seçkiləri olacaq. Rusiya Ermənistanda qərbyönümlü Paşinyan hökumətini devirməyə çalışır. Hakimiyyətə rusiyayönümlü Koçaryanı, yaxud Sarkisyanı gətirmək istəyir və hətta Qarabağı yenidən alıb onlara verəcəyini vəd edir. Rusiya bununla yenidən Ermənistanda möhkəmlənmək istəyir. Rusiyanın Azərbaycan təyyarəsini vurması, üzr istəməməsi, Azərbaycanın millət vəkilinin Rusiyaya buraxılmaması, ölkədən azərbaycanlıların zorla, işgəncələrlə çıxarılması və s. faktlar Rusiyanın sonrakı planlarını aydın göstərir.

Donald Trampın prezidentliyinin ilk aylarında Kanadanı ABŞ-nin 51-ci ştatı etmək arzusu, İsraili dəstəkləməsi, Qəzzadan əhalinin Misir və İordaniyaya köçürülməsi planları və bölgəni öz hakimiyyəti altına alması arzusu, Ukraynanın Rusiya ilə müharibəni dayandırması üçün irəli sürdüyü təkliflər, Ukraynada olan təbii sərvətləri istismar etməsi haqqında təklifləri, Qrenlandiyanı özünə tabe etmək cəhdləri, Panama haqqında fikirləri və sairən iddiaları ABŞ-ı nüfuzdan saldı. Trampın hədəflərindən biri Nobel sülh mükafatını əldə etməkdir. Belə bir şəraitdə ABŞ Prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına aparan Vaşinqton görüşü keçirildi.

Cənubi Qafqazda sülh və təhlükəzliyə təminat verən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in imzalanmasının çox böyük əhəmiyyəti var. 8 avqust 2025-ci il tarixində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Vaşinqtonda görüşdülər. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətni hər iki dövlətin xarici işlər nazirləri tərəfindən paraflandı. Saziş Qafqazda möhkəm sülh və təhlükəsizliyin yaradılmasına yönəldilmişdir. Saziş təsdiq edilənədək Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından bəhs edən maddələr Ermənistanın konstitutsiyasından çıxarılmalıdır. Ermənistanda hazırda bu istiqamətdə işlər gedir. İkincisi hər iki dövlətin xarici işlər nazirləri Minsk Qrupunun ləğv edilməsi haqqında ATƏT-ə müraciət etdilər. Minsk Qrupu və ona bağlı olan strukturların ləğv edilməsi haqqında razılıq əldə edildi. İşlərin tamamlanması dekabra qədər nəzərdə tutulub. Üçüncüsü Zəngəzur dəhlizinin açılması məsələsidir ki, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir.

Görüşdə digər mühüm məsələ - ABŞ Konqresinin 1992-ci ildə Azərbaycana qarşı qəbul etdiyi Azadlığı Müdafiə Aktına “907-ci Əlavə”nin ləğv edilməsi çox böyük siyasi əhəmiyyətə malikdir. Çünki “907-ci Əlavə”də Azərbaycana verilən yardımların azaldılması guya Azərbaycanın Ermənistanı blokadaya alması ilə əsaslandırılırdı. Bu “Əlavə”nin ləğv edilməsi bütün dünya dövlətlərinə bir daha göstərdi ki, Azərbaycan Respublikası Ermənistana qarşı haqlı mübarizə aparmış, ərazi bütövlüyünü, suverenliyini bərpa etmişdir.

Ramilə Dadaşova

Siyasi elmlər doktoru, dosent,

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Beynəlxalq münasibətlər və geosiyasət şöbəsinin müdiri

Избранный
13
1
baki-xeber.com

2Источники