RU

Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında memorandum imzalanıb

Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Vatikan Apostol Kitabxanası və Apostol Arxivi arasında anlaşma memorandumu imzalanıb.

Adalet.az xəbər verir ki, memorandumu Müqəddəs Taxt-Tacda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Covanni Çezare Paqatzi imzalayıblar.

Sənədin məqsədi elm və tədqiqat sahəsində birbaşa əməkdaşlıq və təcrübə mübadiləsini dəstəkləmək, həmçinin Vatikan arxivlərində Azərbaycan tarixi ilə bağlı sənədlərin araşdırılması, qorunması və rəqəmsallaşdırılmasını təmin etməkdir.

1475-ci ildə təsis edilən Vatikan Apostol Kitabxanası dünyanın ən qədim və nüfuzlu elmi mərkəzlərindən biri hesab olunur. Zəngin fonduna nadir əlyazmalar, inkunabullar, qədim xəritələr və müxtəlif dillərdə dəyərli nəşrlər daxil olan bu kitabxana yalnız ixtisaslaşmış tədqiqatçılar üçün açıqdır. Vatikan Apostol Arxivi isə 1612-ci ildə Papa V Pavelin fərmanı ilə kitabxanadan ayrılaraq müstəqil qurum kimi formalaşıb. Burada Müqəddəs Taxt-Tacın əsrlər boyu apardığı diplomatik yazışmalar, papaların fərmanları, inzibati qeydiyyatlar və digər rəsmi sənədlər qorunur. Arxiv bu gün dünya üzrə ən mühüm və tədqiqatçılar üçün qiymətli olan tarixi mənbələrdən biri kimi tanınır.

Избранный
1
29
adalet.az

10Источники