RU

Hakan Fidan İtaliyaya səfərə hazırlaşır

Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 11-12-də İtaliyada işgüzar səfərdə olacaq. Məlumatı “Anadolu” verib. 

XİN-dəki mənbələrdən alınan məlumata görə, səfər çərçivəsində Fidan İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ilə danışıqlar aparacaq,  Istituto Affari Internazionali beyin mərkəzində çıxış edəcək.

Fidanın italiyalı həmkarı ilə görüşündə türkiyəli nazir ikitərəfli ticarət dövriyyəsinin 40 milyard dollara çatdırılması məqsədinə nail olmaq üçün əməkdaşlıq sahələrinin şaxələndirilməsinin zəruriliyinə diqqət çəkəcək, mövcud Türkiyə-Aİ Gömrük İttifaqının yenilənməsinin vacibliyini vurğulayacaq.

Hakan Fidanın Aralıq dənizində enerji təhlükəsizliyi və əlaqə sahəsində əməkdaşlıq məsələsini gündəmə gətirməsi, o cümlədən regiondakı bütün dövlətlərin beynəlxalq hüquq normalarına riayət etməsinin vacibliyini xatırlatması və qeyri-qanuni miqrasiya ilə mübarizədə birgə səylərin vacibliyini qeyd etməsi gözlənilir.

Fidanın həmçinin müdafiə-sənaye əməkdaşlığının gücləndirilməsi, elm, texnologiya və innovasiya sahələrində müştərək layihələrə diqqət yetirməsi, Türkiyə-Aİ əlaqələri, NATO çərçivəsində əməkdaşlıq və Liviyada sülh və sabitliyə nail olmaq yolları da daxil olmaqla, aktual regional və qlobal problemləri müzakirə edəcəyi gözlənilir.

P.Əmircanov
XQ

Избранный
27
xalqqazeti.az

1Источники