RU

Rüstəm Rüstəmov küçəsində çuxurla imtahan – Bu yolda maşınlar hər dəfə silkələnir

Payız yağışları yaxınlaşır, Bakının yollarında isə köhnə problemlər hələ də qalır. Nizami rayonunun Rüstəm Rüstəmov küçəsində hər gün yüzlərlə avtomobilin keçdiyi  çuxurlar artıq sakinlərin həyatının bir parçasına çevrilib.

Küçənin dörd yol ayrıcında, həyətlərə gedən giriş yolunun düz ortasında iri bir çuxur var. Buradan maşınla keçən hər kəs eyni mənzərə ilə rastlaşır: avtomobil silkələnir, təkərlər zərər görür, sürücülər əsəbiləşir. Musavat.com-a müraciət edən sakinlər deyirlər ki, bu vəziyyət artıq az qala bir ildir davam edir.
“Bir dəfə maşınımızın təkəri bu çuxurda elə zədələndi ki, dəyişməyə məcbur olduq. Az qala hər gün eyni narahatlıqla yola çıxırıq. Yolun üstünün örtülməsini gözləməkdən yorulmuşuq”, – sakinlərdən biri Musavat.com-a gileylənir.

5a3fdf4d-d4ac-45ca-9663-1efc4778c87f.jpg


Məhlələrin arasında da vəziyyət fərqli deyil. Yağışdan sonra sanki kiçik gölməçəyə çevrilən dərin çuxurlar uşaqlar üçün təhlükə yaradır. Valideynlər deyirlər ki, azyaşlı övladlarının o yerlərdə yıxılıb zədə almasından hər dəfə narahat olurlar.

“Hər dəfə gəlib qazıb bir çuxur açırlar, sonra günlərlə, həftələrlə heç kəs onu örtmür. Qonşular olaraq biz də məcbur qalıb daş, torpaq doldururuq ki, heç olmasa yol bir az düzəlsin”, – digər sakin əlavə edir.

 

3460a8cc-35b2-4331-8033-e754fb8178b2.jpg
Küçənin digər hissələrində də mənzərə eynidir. Həyətyanı yollara daxil olan maşınların silkələnməsi, təkərlərin sıradan çıxması artıq adiləşib.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli saytımıza açıqlamasında bildirdi ki, əraziyə baxış keçiriləcək və lazımi tədbirlər görüləcək.

Amma sakinlər bu sözləri dəfələrlə eşitdiklərini, yenə də aylarla gözləməli olduqlarını deyirlər. Payızın yağışları isə yaxınlaşır. Onların fikrincə, yolların bərpası daha da geciksə, həm piyadalar, həm də sürücülər üçün təhlükə qat-qat artacaq.

fd4fd142-368d-4f56-8a22-3ec7f1f9d4cf.jpg


Şahanə Rəhimli
Musavat.com

Избранный
69
musavat.com

1Источники