RU

Müharibə cəbhəsində məğlub etdiyimiz Ermənistanı demokratiya yarışında da geridə qoya bilərik PƏRVİZ HƏŞİMLİ YAZIR

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin dünənki iclasında deputatların çıxışları arasında xüsusilə seçilən ƏHD Partiyasının lideri Qüdrət Həsənquliyevin nitqi oldu.

Həsənquliyev pafosdan, yersiz tərifdən uzaq olaraq  Azərbaycanın perspektivi üçün islahatların vacibliyini vurğuladı.

Deputat çıxşında  44 Günlük Vətən Müharibəsinin qalibiyyətinin davamı kimi ölkənin qarşısında daha bir mərhələnin aşımalı olduğunu deyib.

Həsənquliyev Azərbaycanda demokratik islahatların vacibliyini, həmçinin Amnistiya Aktının qəbulunu təklif edib.

Elə sonuncudan başlayaq:

Azərbaycan Avropa Şurasında məhbus sayına görə ilk beşlikdə olan dövlətlərdən biridir.

Bugün Azərbaycan həbsxanalarındakı sıxlığın müxtəlif səbəbləri var.

Bunun bir səbəbi mövcud penitensiar müəssisələrlə bağlıdırsa, digər səbəbi isə ölkənin məhkəmə-hüquq sisteminin mövcud durumu ilə bağlıdır.

Təbii ki, Amnistiya Aktı olmalıdır və bu vacibdir.

Amma ən vacib olan Azərbaycanda real məhkəmə-hüquq islahatlarının aparılmasıdır.

Bu problemi ölkə başçısı da gördüyündən hələ bir neçə il öncə “Azərbaycanda məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında” Fərman imzalayıb.

Təsadüfi deyil ki, həmin fərmanda bir neçə yerdə “korrupsiya” ifadəsi var və bu ifadə məhkəmə sistemindəki problemin ölkə başçısı tərəfindən dilə gətirilməsidir.

Ona görə də birinci məhkəmələrdən başlanılmalıdır.

Xüsusilə, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun məcburiliyini tanıyan Azərbaycan dövləti konvensiyanın eyni maddələrinin təkrar pozuntusuna yol verən hakimləri müəyyən etməli, onları cəzalandırmalıdır.

Ola bilər ki, çoxları bu fikirlərin reallıqdan uzaq olduğunu düşünsün.

Çünki, bu tipli qərarlar jurnalistlərə, siyasi fəallara münasibətdə qəbul olunur.

Amma bir şeyi unutmaq olmaz ki, Azərbaycan dövlətinin artıq düşmənlə savaş problemi yoxdur, bugün “erməni dəyirmanına su tökənlər”ə nə Ermənistanın, nə də Avropanın ehtiyac var. Ona görə də qalib Azərbaycan dövlətinin 400-ə yaxın siyasi məhbusu olması üzücüdür.

Hətta Avropa Şurasının üzvü olmayan Belarus belə siyasi məhbus mövzusunu birdəfəlik bağlamaq istəyir.

Jurnalistlərin, ictimai fəalların azadlıqda olması hakimiyyət üçün hər hansı təhlükə doğurmur.

Belə olan halda bu insanları həbsdə saxlamağa da zərurət yoxdur.

İlin başa çatmasına 3 ay  qalır. Yanvar ayında AŞ PA-da 2026-cı il  il üçün üzv ölkələrin deputat qruplarının mandatı təsdiqlənəcək.

Azərbaycan artıq iki ildir ki, AŞ PA -da yoxdur. Amma bu bizi arxayın salmamalıdır.

Əgər proses bu cür davam edərsə, bizim üzvlük məsələmiz gündəmə gələ bilər.

Axı, bu kimə xeyir edir?

Heç olmasa ilin sonuna kimi məşhur siyasi məhbuslardan 20-30 nəfəri azad etmək olar.

Əgər bu olarsa, yanvarda Azərbaycanın deputat qrupunun mandatı da təsdiq olunacaq.

Müharibə cəbhəsində məğlub etdiyimiz Ermənistanı demokratiya yarışında da geridə qoya bilərik.

Hakimiyyət üçün vacib olan amil ölkə başçısına xalqın dəstəyidir ki, bu da var.

Pərviz Həşimli

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
44
icma.az

1Источники