RU

Rusiya ilə münasibətlər kəsilsə, Azərbaycan bu addımı atacaq — ŞƏRH

"Rusiya ilə münasibətlərdə sözsüz ki, sərinlik hiss olunur. Lakin bu sərinlik hələlik iqtisadi, ticarət, investisiya, humanitar və mədəni əlaqələrin qırılmasına gətirib çıxarmayıb. Siyasi münasibətlərdəki soyuqluğa baxmayaraq, Azərbaycan-Rusiya münasibətlərində hələ ciddi boşluq və fasilə müşahidə edilmir".

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, bununla belə, prosesin gələcəyi ilə bağlı konkret proqnoz vermək çətindir:

"Çünki siyasi münasibətlərdə soyuqluq davam edərsə, bu, iqtisadi, ticarət və investisiya sahələrində də müəyyən boşluqların və fasilələrin yaranmasına səbəb ola bilər. Rusiya Azərbaycanın xarici siyasətində mühüm mövqeyə malikdir və münasibətlərdəki hər hansı qırılma Azərbaycanı alternativ istiqamətlərdə axtarış aparmağa vadar edə bilər".



Onun sözlərinə görə, Azərbaycan xarici siyasətində həmişə şaxələndirməyə üstünlük verib:

"Rusiya ilə yaxşı münasibətlərin olduğu dövrlərdə belə, Azərbaycan Qərb ölkələri, Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələri gücləndirməyə çalışıb. Bu, Azərbaycanın strateji siyasətində əsas yanaşmalardan biridir".

Ekspert bildirib ki, Rusiyayla siyasi münasibətlərdəki soyuqluq iqtisadi və ticarət əlaqələrinə də təsir edərsə, Azərbaycan Qərb ölkələri, xüsusilə də ABŞ, İsrail və Avropa dövlətləri ilə əməkdaşlığı genişləndirmək istiqamətində addımlar atacaq:

"Bundan başqa, Cənub-Şərqi Asiyanın bir sıra ölkələri ilə də yeni əməkdaşlıq mərhələsi başlaya bilər. Beləliklə, alternativ tərəfdaşlıqlar Azərbaycanın xarici siyasətində daha mühüm yer tutacaq".


Əfsanə Kamal
Demokrat.az
Избранный
22
1
demokrat.az

2Источники