RU

Azərbaycan millisinin baş məşqçisi: "Ölkəmizi III MDB Oyunlarında layiqincə təmsil edəcəyik"

Azərbaycan bədii gimnastları III MDB Oyunlarında ölkəni layiqincə təmsil edəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, bunu bədii gimnastika üzrə milli komandanın məşqçisi Nəzrin Cəfərzadə yarışın rəsmi saytına açıqlamasında deyib.

O, yığma üzvlərinin III MDB Oyunlarına ciddi hazırlaşdıqlarını söyləyib:

"Qızlarımız hər gün intensiv məşqlər edirlər. Hazırda komanda həm fiziki, həm də psixoloji baxımdan yaxşı formadadır. Heyət ilin əvvəlindən bu günə qədər həm ölkədaxili, həm də beynəlxalq turnirlərdə idmançıların göstərdiyi nəticələr əsasında formalaşdırılıb".

Mütəxəssis komandanın əsas hədəfinin xalçada gözəl çıxışlar nümayiş etdirmək olduğunu bildirib:

"Bizim üçün ən vacib məsələ qızlarımızın məşqlərdə qazandıqları bacarıqları yarışda da uğurla göstərmələridir. Təbii ki, hər bir idmançı nəticə üçün mübarizə aparır və biz də medal qazanmaq istəyirik. Amma əsas məqsəd gözəl çıxışlardır, nəticələr isə bunun ardınca gələcək".

N.Cəfərzadə həmçinin III MDB Oyunlarında rəqabətin kifayət qədər yüksək olacağını vurğulayıb:

"Komandalar ciddi hazırlıqla gəlirlər və hər biri medal uğrunda mübarizə aparacaq. Bu, bizim üçün həm çətinlik, həm də böyük stimuldur. Komandamız yüksək motivasiya ilə yarışa hazırlaşır. Ümid edirik ki, ölkəmizi layiqincə təmsil edəcəyik".

Qeyd edək ki, Azərbaycan 28 sentyabr – 8 oktyabr tarixlərində III MDB Oyunlarına ev sahibliyi edəcək. 7 şəhəri əhatə edəcək idman tədbirində 23 növ üzrə yarışlar təşkil olunacaq. MDB ölkələrinin ən güclü gənc gimnastları Şəkidə bir araya gələcək.

Избранный
4
4
bakivaxti.az

9Источники