RU

Polşaya hücumun səbəbi: "Rusiya Avropa ilə gərginliyi artırır" ŞƏRH

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiya dronlarının Polşanın hava məkanını pozması rəsmi Moskvanın son vaxtlar Avropa ölkələrinin Ukraynaya güclənən və getdikcə artmaqda olan hərbi dəstəyinə ilk cavabıdır”.

Bu fikirləri Bakupost.az -a açıqlamasında siyasi ekspert Zaur İbrahimli səsləndirib.

Onun sözlərinə görə, Rusiya rəsmiləri əvvəllər bəyan edirdi ki, əgər Avropa ölkələri Ukraynaya yardımın formatını dəyişsə, xüsusilə də birbaşa hərbi birliklərini müharibəyə cəlb etsə, həmin qüvvələr legitim hədəf olacaq. Eyni zamanda, Qərbin Ukraynada PUA zavodları və digər hərbi obyektlərinin də vurulacağını açıqlamışdı:

“İndi isə artıq Rusiya gərginlik səviyyəsini artırmaq qərarına gəlib. Eyni zamanda Qərb ölkələrinə olan təhdidləri reallaşdırmaqdan çəkinməyəcəyini bəyan etmək niyyətindədir və bu niyyətini Polşa hava məkanını dronlar vasitəsilə pozmaqla nümayiş etdirir”.

Z.İbrahimlinin fikrincə, hadisənin baş verdiyi zaman da diqqətçəkicidir:

“Artıq Almaniya çox açıq və qətiyyətli şəkildə Ukraynanı silahlandırır. Böyük Britaniya və Fransa da bu səyləri dəstəkləyir. Həmçinin Avropa sürətlə silahlanır. Bir çox Avropa ölkələrində, həmçinin Baltikyanı ölkələrdə mümkün Rusiya hücumu ilə bağlı müdafiə tədbirləri və vasitələri gücləndirilir. Avropa ölkələri çox açıq şəkildə Rusiya ilə hərbi qarşıdurmaya hazırlaşdıqlarını bəyan edirlər və bu çağırışlar Ukraynaya hərbi yardımın getdikcə artırılması ilə müşahidə olunur”.

Ekspert qeyd edib ki, artıq Avropa ölkələrinin Rusiyanın dərinliklərinə zərbə endirməyə imkan verən silahları Ukraynaya verməyə hazırlaşması, həmçinin Ukraynada bu silahların istehsalına başlanması Moskvanı ciddi narahat edir:

“Çünki Rusiya bütün gücünü sərf etsə də, cəbhədə irəliləyiş çox ləng gedir və eyni zamanda bu müharibənin uzanması Moskva üçün də risklər yaradır. Ukrayna ordusuna silah dəstəyi artır. Eyni zamanda Avropa ölkələrinin Ukraynanı son həddə qədər dəstəkləmək qərarı tamamilə yeni bir geosiyasi vəziyyət yaradır və bu, ABŞ-nin Rusiya ilə sövdələşmək planlarının üzərindən xətt çəkir”.

Ekspert hesab edir ki, Moskva belə addımlarla Avropa ölkələrinin ictimaiyyətində müharibə qorxusu yaratmağa və hökumətlərə təzyiq göstərməyə çalışır:

“Rusiya istəyir ki, bu ölkələr Ukraynaya dəstəyi artırmaqdan geri çəkilsinlər. Polşaya hücumun strateji hədəfi məhz budur: Rusiyanın heç nədən çəkinməyəcəyini, nümayiş etdirmək, hətta lazım gələrsə, Avropa ölkələrinə də zərbələr endirəcəyini göstərməkdir”.

Onun sözlərinə görə, Moskvanın bu istiqamətdə addımlarını davam etdirəcəyi ehtimal olunur:

“Lakin artıq Avropada bu məsələ ilə bağlı strateji qərarlar verilib. Rusiya tərəfindən gərginlik səviyyəsinin artırılması bu qərarları nə qədər dəyişə bilər, bu, mübahisəlidir. Əks effekt də verə bilər. Avropa ölkələri daha sıx birləşə, Ukrayna ətrafında həmrəylik daha da güclənə bilər. Biz yaxın vaxtlarda Avropa ölkələrində ictimai reaksiyaları diqqətlə izləməliyik. Bundan sonra daha yəqin qənaətlərə gələ bilərik. İndiki halda Ukraynanın dəstəklənməsi siyasətini bir çox Avropa ölkələrində cəmiyyətin əksəriyyəti müdafiə edir. Həmçinin Avropa ölkələrinin siyasi elitaları da artıq kifayət qədər qətiyyət nümayiş etdirirlər. Bir müddət əvvəl tərəddüddə olan ölkələr belə artıq Rusiya ilə münasibətdə daha cəsarətli mövqe tuturlar. Bu isə, əlbəttə, Rusiyanı daha çox narahat edən amillərdən biridir.Eyni zamanda Rusiyanın bu addımı Rusiya–Ukrayna müharibəsinin faktiki olaraq öz miqyasını aşacağı ilə bağlı proqnozların reallıqdan uzaq olmadığını göstərir”.

Lalə Novruz,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
www.bakupost.az

1Источники