Moskvadakı “Aviapark” ticarət mərkəzindəki azərbaycanlı iş adamı Emin Ağalarova məxsus “Forte Bello”, “Zafferano” və “Edoko” restoranları bağlanıb.
Moderator.az APA-ya istinadən xəbər verir ki, yerli Telegram kanalları “Aviapark” ticarət mərkəzində üç restoranın bağlanması barədə məlumat yayıblar.
“Agalarov Development” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə isə, “AgalarovRest” şirkətinin müstəqil layihələrə fokuslanmaq planlarına görə restoranlar bağlanıb.
“AgalarovRest”in hazırkı strategiyasının bir hissəsi olaraq, şirkət diqqətini ticarət mərkəzlərində yerləşən obyektlərdən müstəqil layihələrə yönəldir”, - “Agalarov Development”dən bildirilib.
“NF Group”un pərakəndə əmlak departamentinin regional direktoru Yevgeniya Xakberdiyevanın sözlərinə görə, Emin Ağalarovun təkcə “Aviapark”da deyil, digər yerlərdə də restoranları bağlanıb.
“Əsas səbəb müəssisələrin daha az səmərəli olmasıdır. Onlar orta və yuxarı seqmentlərdə işləyirdilər, harada ki, auditoriya konseptlərin, xidmətin və təkliflərin daimi yenilənməsini gözləyir. Bu, son illərdə baş verməyib, ona görə də layihələr təbii olaraq başa çatıb, baxmayaraq ki, onlar bir çox rəqiblərdən daha uzun müddət davam edib”, - Xakberdiyeva qeyd edib.