RU

"Ordunun bu uğuru dövlətin hərbi potensialının və strateji hazırlığının real nəticəsidir" - ŞƏRH EDİLDİ

"Anti-terror tədbirinin ikinci ildönümü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələdir. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli əməliyyat nəticəsində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə – xüsusilə də BMT Nizamnaməsinə və dövlətlərin suverenliyi, ərazi bütövlüyü prinsipinə uyğun olaraq öz konstitusion quruluşunu tam bərpa etdi. Separatçı silahlı dəstələrin mövcudluğuna son qoyulması ilə Azərbaycan ərazilərində qeyri-qanuni rejim faktiki olaraq ləğv olundu və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tam suverenlik təmin edildi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

O bildirib ki, bu əməliyyat həm regionda sülh və sabitliyin bərpası, həm də Azərbaycanın reinteqrasiya siyasətinin həyata keçirilməsi baxımından tarixi dönüş nöqtəsi oldu: "Anti-terror tədbiri beynəlxalq hüququn legitim güc tətbiqi çərçivəsində icra edildi və mülki əhalinin təhlükəsizliyi xüsusi diqqətdə saxlanıldı. Qısa müddətdə və dəqiq planlaşdırılmış hərbi əməliyyat göstərdi ki, Azərbaycan ordusu yüksək peşəkarlığa, intizama və texnoloji üstünlüyə malikdir. Ordunun bu uğuru dövlətin hərbi potensialının və strateji hazırlığının real nəticəsidir.

Əməliyyatın uğurunda Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi həlledici rol oynadı. Dövlət başçısı uzun illər ərzində ardıcıl siyasətlə həm beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini möhkəmləndirdi, həm də daxildə güclü iqtisadi və hərbi baza yaratdı. Onun qətiyyətli qərarı sayəsində əməliyyat beynəlxalq hüququn tam legitim çərçivəsində aparıldı və nəticələrini dünya ictimaiyyəti qəbul etdi. Prezident İlham Əliyev əməliyyatdan dərhal sonra bölgədə reinteqrasiya və yenidənqurma siyasətinə start verərək Azərbaycanın humanist yanaşmasını və dinc güclü quruculuq missiyasını nümayiş etdirdi.

Anti-terror tədbirinin ikinci ildönümü Azərbaycan xalqının birliyinin, dövlətin gücünün və liderliyin uğurlu nəticəsinin rəmzidir. Bu tarixi hadisə bir daha sübut etdi ki, Azərbaycan öz milli maraqlarını beynəlxalq hüquq normaları ilə uzlaşdıraraq, suverenliyini və təhlükəsizliyini təmin etmək əzmindədir".

Müəllif: Səbinə Hüseynli
Избранный
2
1
sia.az

2Источники