RU

Fransada məscidlərin qarşısında donuz başları: "Makron" yazısı, xarici müdaxilə şübhəsi və siyasi hiddət

Paris, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da Parisdə və İl-dö-Fransa regionunda məscidlərin qarşısında ən azı doqquz donuz başı aşkarlanıb. Bu, Fransada islamofob nifrətin yeni və narahatedici bir mərhələyə keçməsi kimi qiymətləndirilir. Hadisə ictimaiyyətdə və siyasi dairələrdə güclü reaksiya doğurub.

AZƏRTAC xəbər verir ki, Paris Polis Prefekti Loran Nünez verdiyi açıqlamada bu hadisəni genişmiqyaslı bir əməliyyat adlandırıb. Paris prokurorluğu da artıq irqi və dini mənsubiyyətə görə nifrətə təhrik maddəsi ilə cinayət işi açıb.

Donuz başları Parisin 15-ci, 18-ci və 20-ci rayonları, həmçinin Monruj, Malakoff, Monröy və Jantiyi şəhərlərindəki məscidlərin qarşısında aşkarlanıb. Bir çox donuz başının üzərində mavi rənglə "Makron" sözünün yazıldığı bildirilir.

Loran Nünez bildirib ki, bu qədər sinxron və məqsədyönlü şəkildə həyata keçirilmiş aksiyalar təcrübəli və bir neçə şəxs tərəfindən təşkil olunmuş ola bilər: "Əvvəlki oxşar hadisələrdə xarici müdaxilə elementləri sübut olunub. Burada da eyni ssenarinin ola biləcəyindən ehtiyat edirik”.

Prefekt 2023-cü ilin oktyabr ayında Parisdə ulduz nişanlarının çəkilməsi və 2024-cü ilin mayında isə Şoa Memorialının qırmızı rəngə boyanması ilə bu hadisə arasında oxşarlıq ola biləcəyini qeyd edib. Həmin hadisələrdə sonradan Rusiya tərəfindən yönləndirilmiş təxribat ehtimalı əsas versiya kimi irəli sürülmüşdü.

“Əyilməz Fransa” hərəkatının rəhbəri Jan-Lük Melanşon hadisəni ölkədə sürətlə yüksələn islamofobiyanın növbəti nümunəsi kimi qiymətləndirib.

Milli Birlik (RN) partiyasının nümayəndəsi Toma Menaje də bu hadisəni müsəlman vətəndaşlara qarşı dözülməz təxribat kimi qiymətləndirib.

Hazırda Paris Polis Prefekturasının kriminal briqadası hadisənin təşkilatçılarını müəyyən etmək üçün istintaqa rəhbərlik edir. Rəsmilər istisna etmirlər ki, başqa məscidlərdə də oxşar hallar aşkar oluna bilər.

Bu hadisə Fransa cəmiyyətində dini və milli birliyə qarşı yönəlmiş nifrət aktlarının nə qədər təhlükəli və incə planlaşdırıldığını bir daha göstərir. İndi əsas sual budur: bu təxribatların arxasında kimlər dayanır və onların məqsədi nədir?

 

Избранный
27
1
azertag.az

2Источники