Ilyas Hüseynov: “İsrailin hərbi hədəflərinin traektoriyasının genişlənməsi bölgə üçün təhdidləri daha da artırır”
“BMT-nin Baş katibi Antonio Quterreş İsrailin HƏMAS-ın Dohadakı qərargahına hücumunu pisləyib”. Quterreş BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında mətbuat konfransında jurnalistlərə açıqlamasında bu barədə danışıb.
O bildirib ki, İsrailin Qətərə hücumları haqqında yenicə öyrəniblər: “Bu ölkə atəşkəs və bütün girovların azad edilməsində çox müsbət rol oynayır. Mən Qətərin suverenliyi və ərazi bütövlüyünün belə kobud şəkildə pozulmasını pisləyirəm. Bütün tərəflər daimi atəşkəsə nail olmaq üçün çalışmalıdır”.
Maraqlıdır, İsrailin Dohanı vurması Yaxın Şərqdə müharibənin gedişinə necə təsir edəcək?
“Israilin Həmasdakı Doha qərargahına hücumu yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb olub”
Siyasi şərhçi İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Israilin Həmasdakı Doha qərargahına hücumu yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb olub: “Ayrı-ayrı dövlətlər münaqişə arealının genişlənməsindən narahatdır. Bununla bağlı bir sıra dövlətlərin bəyanatları var. O cümlədən, BMT-nin baş katibiAntonio Quterreş də İsrailin hücumunu pisləyib. Hesab edirəm ki, bu tip yanaşmalar davam etdirilməlidir. Çünki Yaxın Şərqdə İsrailin müxtəlif dövlətlərə hücumu və öz məqsədlərinə, hədəflərinə çatmaq istiqamətində israrı qlobal qarşıdurmaya səbəb ola bilər. Lakin maraqlı cəhət ondan ibarətdir ki, BMT-nin baş katibi Antonio Quterreş öz narahatlığı ilə göstərir ki, bu qurum məlum müharibənin qarşısının alınmasında acizdir. Bu da onu göstərir ki, BMT-nin özünün tutarlı mexanizmi olmalı və islahatlar həyata keçirməlidir. Əks təqdirdə ayrı-ayrı dövlətlər əldə etdiyi hərbi kəşfiyyat materialları əsasında hərbi strategiyalar formalaşdıraraq ərəb dövlətlərinə hücum həyata keçirə bilər. Bu da cavab tədbirləri ilə qarşılanacaq və ekskalasiyanın qarşısını almaq mümkün olmayacaq. Məsələn, Rusiya-Ukrayna müharibəsinin nizamlanması üçün Amerika prezidenti Donald Tramp çox rahatlıqla öz diplomatik fəaliyyətini həyata keçirəcəyini zənn edirdi, lakin gözlənilən baş tutmadı. Artıq Vaşinqtonun məlum olayla bağlı sülh təşəbbüsləri də heç bir nəticə vermir. O cümlədən, bu yanaşmanı ekskalasiyalara aid edə bilərik. Hesab edirəm ki, İsrailin hərbi hədəflərinin traektoriyasının genişlənməsi bölgə üçün təhdidləri daha da artırır”.
Günel CƏLİLOVA