RU

İslamabadda ASAN Xidmət mərkəzi yazadılacaq

Pakistanın paytaxtı İslamabadda vətəndaşlara müxtəlif dövlət xidmətlərini bir məkanda təqdim edəcək “ASAN Xidmət Mərkəzi” yaradılacaq.

Operativ Media xəbər verir ki, layihə Azərbaycanla əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Bu məqsədlə Azərbaycanın Dövlət Qulluğu və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Pakistanın İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi arasında bu gün İslamabadda rəsmi saziş imzalanıb.

İmzalanma mərasimi Baş nazir Şahbaz Şərifin iştirakı ilə baş tutub.

Tədbir çərçivəsində Baş nazir Şahbaz Şərif Azərbaycanın Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə də görüş keçirib. Görüş zamanı tərəflər Azərbaycan və Pakistan arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildiriblər.

Baş nazir çıxışında qeyd edib ki, İslamabadda yaradılacaq “ASAN Xidmət Mərkəzi” müxtəlif dövlət qurumlarının xidmətlərini bir çətir altında təqdim etməklə vətəndaşlara böyük rahatlıq yaradacaq. O, bu mərkəzi ictimai xidmət sahəsində inqilabi addım kimi qiymətləndirib.

Şahbaz Şərif həmçinin mərkəzin işə qəbul prosesində şəffaflıq və obyektivliyin təmin olunmasını tapşırıb. O, mövcud Business Sahulat Markaz ilə yeni yaradılacaq Aasaan Khidmat Markazın birləşdirilməsi üçün strategiyanın hazırlanması barədə göstəriş verib.

Baş nazir qeyd edib ki, bu təşəbbüs nağdsız iqtisadiyyatın təşviqi siyasətinə dəstək olacaq və gələcəkdə ölkənin digər şəhərlərinə də genişləndiriləcək.

Şahbaz Şərif, həmçinin, layihəyə dəstək verdikləri üçün Azərbaycan Prezidenti İlham Əliyevə və hökumətinə təşəkkürünü bildirib.

O, layihənin uğurla icrasının iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirəcəyinə əminliyini ifadə edib.

Избранный
4
operativmedia.az

1Источники