RU

""Formula 1"ə görə tıxac və digər problemlərin həllini gözdən qaçırmaq olmaz" - Komitə sədri

Bildiyimiz kimi, sentyabrın 19-21-də Bakıda "Formula 1" yarışları keçiriləcək. Qeyd edək ki, bu idman yarışı paytaxtın mərkəzində keçirildiyi üçün yarışın başlamasından həftələr öncə hazırlıqlar başlayır və daha sonra yollar tamamilə bağlandığı üçün şəhər sakinləri həm ictimai nəqliyyat problemi yaşayırlar, həm də sürücülər alternativ yollarda böyük tıxaclarla üzləşirlər. Bu da təbii ki, insanların vaxtında işə gedib-gəlməsində və digər vacib məsələlərdə çətinlik çəkmələrinə səbəb olur. Eyni zamanda Bayıl, Bibiheybət qəsəbələrində, "20-ci sahə" kimi yerlərdə yaşayan və işləyənlər bir neçə marşrut dəyişməli olurlar və ya "manatlıq" taksilərdən istifadə etməyə məcbur olurlar ki, bu da onların əlavə xərcə düşməsinə gətitib çıxarır. Bundan başqa "Formula 1"in keçirildiyi ərazidəki bütün məktəblər bağlanmalı olur ki, bu da təhsildə problem yaradır. 

Bəs paytaxt əhalisinin narahatlığına son qoymaq üçün "Formula 1" yarışlarının bölgələrdə, yaxud Bakıətrafı yerlərdə, məsələn elə yenicə yaradılmış və daha da böyük layihələrin gözlənildiyi "Sea Breeze"də keçirilməsi mümkündürmü?

Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Redaktor.az"a açıqlamasında Milli Məclisin komitə sədri Fazil Mustafa bildirdi ki, bu yarışın harada keçirilməsi ilə bağlı dəfələrlə təkliflər irəli sürülüb.

"Yarışın digər rayonlarda və bölgələrdə keçirilməsi də nəzərdə tutulub. Əks arqument isə odur ki, Bakı şəhərinin reklamı olunur və burada infrastruktur daha yeni və inkişaf etmişdir. Bütün hallarda, tıxac və digər problemlərin də həllini gözdən qaçırmaq olmaz. Ərazinin hara olması ilə bağlı konkret fikir söyləmək çətindir, çünki mən texniki tərəfi tam bilmirəm və konkret yer təklif edə bilmərəm. Lakin onu bilirəm ki, bu cür tədbirlər keçirilərkən mütləq əhalinin narahatlığını, məktəblərin fəaliyyətini və tıxac problemini nəzərə almaq lazımdır. Yarışla paralel olaraq bu kimi məsələlər də planlaşdırılmalıdır ki, insanlar hər il eyni sıxıntıları yaşamasınlar", - deyə millət vəkili yekunlaşdırdı.

Избранный
3
2
avtosfer.az

3Источники