RU

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sənaye bumu

Buradakı sənaye parkları soxsaylı iş yerləri, bolluq və ucuzluq deməkdir

Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərin iqtisadiyyatını dirçəltmək və burada məskunlaşdırılacaq vətəndaşların məşğulluğunu təmin etmək Azərbaycan dövləti üçün əsas məsələdir. Məhz bu səbəbdən də son dörd  ildə  Qarabağ və Şərqi  Zəngəzur iqtisadi rayonlarında böyük layihələr həyata keçirilir. Xüsusilə burada yaradılan sənaye parkları ölkə iqtisadiyyatına inteqrasiya olunmaqla ona yeni inkişaf tempi gətirir.

Burada yaradılan Ağdam və «Araz Vadisi İqtisadi Zonası» sənaye parkları regionun sənaye potensialının yaradılmasında mühüm rol oynayır. Sözügedən parklar istehsal sektorunun inkişafı, mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə olunmasını təmin etməyə yönəldilib. Hazırda həmin sənaye parklarında innovativ metodların cəlb edilməsi ilə sənaye istehsalının qurulması, rəqabətqabiliyyətli məhsul istehsalı, qabaqcıl texnologiyaların geniş tətbiqi istiqamətində sistemli tədbirlər görülür.

Azərbaycan Respublikası Prezidentinin 28 may 2021-ci il tarixli Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkında investisiya portfeli 285 milyon manatdan çox olan 30 rezident və 4 qeyri-rezident qeydiyyatdan keçib. Rezident sayına görə ölkə üzrə ikinci yerdə olan sənaye parkında sahibkarlar tərəfindən görülmüş işlərə 138 milyon manata yaxın investisiya yatırılıb, 900-dən artıq daimi iş yeri yaradılıb. İşlə təmin edilənlərin çoxu Ağdam və ətraf rayonların sakinləridir. 

İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu sənaye parkının fəaliyyətə başladığı müddətdən indiyədək təxminən 500 milyon manat dəyərində məhsul istehsal olunub, bunun təxminən 18 milyon manatlıq hissəsi ixrac edilib. Burada əsasən tikinti materiallarının, tütün məmulatlarının, müxtəlif növ ayaqqabıların, havalandırma, yanğınsöndürmə və metal məmulatlarının, dəmiryolu avadanlıqlarının, elektirk avadanlıqlarının və s. istehsalı həyata keçirilir. İstehsal edilən məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilir. Ağdam Sənaye Parkının əksər hissəsi sahibkarların istifadəsinə verilib. Parkın qalan əraziləri üzrə sahibkarlardan investisiya müraciətlərinin qəbulu hazırda davam edir.

İşğaldan azad edilmiş ərazilərdə yaradılan ikinci sənaye parkı isə «Araz Vadisi İqtisadi Zonası»dır. Bu sənaye parkı da Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2021-ci il tarixli Fərmanı ilə yaradılıb. Sənaye Parkında ümumi investisiya portfeli 150 milyon manata yaxın 18 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Cəbrayıl rayonunda yerləşən sənaye parkında sahibkarlar tərəfindən indiyədək 3,4 milyon manatlıq, həmçinin, bu ilin birinci  yarısında 2,7 milyon manatlıq məhsul satılıb.

Ərazisi 200 hektar olan «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkı logistika baxımından strateji əhəmiyyətə malik Cəbrayıl rayonunda, yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir. Sənaye parkının əsas fəaliyyət istiqamətləri logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiridir.

Bəs bu sənaye parknda nələrin istehsalı planlaşdırılıb? Xatırladaq ki, parkda fəaliyyətə yeni başlamış iki müəssisədən biri «Taube Electronic» MMC-dir. MMC smart televizorların istehsalı ilə məşğul olacaq. Müəssisədə ilkin olaraq ildə 19 min 500 ədəd televizor hazırlanması nəzərdə tutulur. Həm yerli, həm də xarici bazarda «Taube» brendi ilə satılacaq cihazlar 4 müxtəlif ekran ölçüsü ilə alıcıların seçiminə təqdim ediləcək. Ümumi investisiya həcmi 3,5 milyon manat olan zavodda 20 nəfəri tam işlə təmin etmək mümkün olacaq. 2026-cı ildə istehsalına başlanması gözlənilən  «Taube» televizorlarının istehsalında istifadə olunacaq xammal  Çindən gətiriləcək.  Daxili bazarın tələbatı ödənildikdən sonra şirkət məhsullarını xaricə çıxarmaq niyyətindədir. Azərbaycan istehsalı olan televizorların ilkin olaraq MDB ölkələrinə ixracı planlaşdırılır.

Məlumdur ki, dəmir yolları ilə yükdaşımalar digər nəqliyyat növləri ilə müqayisədə daha rentabellidir. Məhz bu səbəbdən də «Araz Vadisi İqtisadi Zonası» Sənaye Parkı sahibkarların daha çox diqqətini cəlb edir. Axı, bu park Horadiz-Ağbənd dəmir yolunun yaxınlığında yerləşir və bu nəqliyyat qovşağı gələcəkdə Zəngəzur dəhlizinə birləşməklə Avropaya qədər uzanacaqdır. Demək, parkda fəaliyyət göstərən sahibkarlara istehsal etdikləri məhsulları dünya bazarlarına çıxarmağa geniş imkanlar yaranacaqdır.

Qeyd edək ki, sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli mühit yaradılıb. Sənaye parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahıya əsasən) aiddir.

Həmin güzəştlər rezidentlərə vəsaitlərinə qənaət etmək və istehsalı genişləndirmək imkanı yaradır.  Bir sözlə, sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri o qədər genişdir ki, nəticədə rezidentlər bugünədək 511 milyon manatdan çox vəsaitə qənaət etməyi bacarıblar.

Cari ilin birinci  rübü üzrə isə bu göstərici 7,3 milyon manat təşkil edib. Həmçinin bu dövrdə, azad edilmiş ərazilərdəki sənaye parklarında fəaliyyət göstərən sahibkarlara idxal olunan texnika, texnoloji avadanlıqlar, eləcə də xammala görə 142 təsdiqedici sənəd verilib. Nəticədə müəssisələr ümumilikdə təqribən 8 milyon manata yaxın vergi və rüsumlardan azad olunublar.

Elçin Zaman, «İki sahil»

Избранный
2
10
ikisahil.az

10Источники