RU

Özbəkistan - həm də "yaşıl enerji" tərəfdaşımız

Şavkat MİRZİYOYEV: "Bərpaolunan enerji təkcə iqtisadi məqsəd deyil, bu, bizim gələcəyə verdiyimiz töhfədir"

Hazırda beynəlxalq gündəmdə maraq doğuran məsələlərdən biri də Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın yaradacağı "yaşıl dəhliz"dir. Belə ki,  keçən il noyabrın 13-də COP29 çərçivəsində bu üç ölkənin dövlət başçıları  "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalayıblar.

Əvvəla 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalandığını xatırlayaq. Bunun üçün Qara dənizin dibi ilə "yaşıl enerji" kabeli çəkiləcək. Prezident İlham  Əliyev  keçən il Azərbaycan, Qazaxıstan  və Özbəkistan arasında  "yaşıl enerji" ilə bağlı sənəd imzalanarkən  məhz ölkəmizdən Qara dənizin dibi ilə Avropaya kabel xətti çəkilməsi ilə bağlı  artıq həyata keçirilməkdə olan planlardan da danışaraq demişdir: "Bu layihənin texniki-iqtisadi əsaslandırılması tamamlanmaq üzrədir və bununla da biz Mərkəzi Asiyanı, Qafqazı, Avropanı, Xəzər və Qara dənizləri vahid enerji dəhlizi ilə birləşdirəcəyik. Xüsusilə sevindirici haldır ki, bu saziş hər zaman bir-birinə yaxın olan üç qardaş ölkə arasında imzalanır". 

Azərbaycanın  "yaşıl gündəliyi" artıq bütün dünyaya bəllidir . 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında ən azı 6 qiqavatlıq "yaşıl enerji" - günəş, külək və su-elektrik enerjisi istehsal ediləcək. 

Prezident İlham Əliyevin "yaşıl enerji zonası" elan etdiyi Qarabağ və Şərqi Zəngəzurda su-elektrik enerjisi əsas yer tutur. Cari ayın əvvəlində Kəlbəcərdə dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilmiş 3 yeni su-elektrik stansiyası da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərimizdə bu cür enerji obyektlərinin sayı 38-ə, ümumi gücü isə 307 MVt-a çatdırılıb. Cəbrayıl rayonunda isə BP şikəti ilə 240 meqavatlıq "Şəfəq" Günəş-Elektik Stansiyası tikilməkdədir. 

2023-cü il oktyabrın 26-da Bakıda Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin   tikdiyi 230 MVt gücündə "Qaradağ" Günəş-Elektrik Stansiyası işə salındı. "Qaradağ" Xəzər regionunda və MDB məkanında ən böyük günəş-elektrik stansiyasıdır. Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti isə qoyuluş gücü 240 MVt olan Xızı-Abşeron Külək-Elektrik Stansiyası layihəsini həyata keçirir. Bu siyahını uzatmaq da mümkündür. 

Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın birlikdə yaradacağı "yaşıl dəhliz" üçün bu ölkələrin hər birinin böyük potensialı var. Bu qeydlərdə qısa da olsa, Özbəkistanın ehtiyatları barədə məlumat vermək istərdik. Yenə də COP29 çərçivəsində  imzalanan üçtərəfli sənədə qayıdaraq Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dediklərini xatırlayaq: "Bərpaolunan enerji təkcə iqtisadi məqsəd deyil. Bu, bizim gələcəyə verdiyimiz töhfədir, gələcək nəsillər qarşısında məsuliyyət hissimizin nəticəsidir. Mən bu layihənin ekoloji əhəmiyyətini xüsusilə qeyd etmək istərdim. Nəql ediləcək enerji külək və günəş enerjisidir, iqlimə təsiri azaltmağa kömək edəcək bərpaolunan və təmiz mənbədir. Bununla biz Paris Sazişi çərçivəsində iqlimin qorunması üzrə birgə səyləri və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağı dəstəkləyirik. Ölkələrimiz əhəmiyyətli dərəcədə bərpaolunan enerji resurslarına malikdir və qlobal enerji keçidinə mühüm töhfə verə bilər. Özbəkistanda bu istiqamətdə genişmiqyaslı işlər aparılır, "yaşıl enerji"nin inkişafı üçün böyük proqram qəbul edilib. Biz 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payını 40 faizə çatdırmağı, həmçinin 4,2 qiqavatlıq enerjisaxlama sistemləri yaratmağı planlaşdırırıq. Bundan başqa, ilin sonunadək biz əlavə olaraq 2,6 qiqavat bərpaolunan enerji və 300 meqavat enerjisaxlama sistemlərini şəbəkəyə birləşdirəcəyik. Hər il təxminən 2 qiqavat Günəş və külək enerjisi istehsal etmək gücünü işə salırıq".

Özbəkistan Prezidenti hələ 2023-cü ilin dekabr ayında Dubayda keçirilən COP28-də "yaşıl keçid"i sürətləndirməyə yönəlmiş bir sıra təşəbbüslər irəli sürmüş və ölkənin enerji balansının şaxələndirilməsinin və karbon izinin azaldılmasının vacibliyini vurğulamışdı. O, Özbəkistanın BEM (Bərpaolunan Enerji Mənbələri) payının artırılmasına və davamlı inkişafa, həmçinin milli və regional proqramların dəstəklənməsi məqsədilə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə can atdığını demişdi.

Özbəkistan mütəxəssisləri də təsdiqləyirlər ki, "yaşıl enerji" dəhlizinin yaradılması haqqında üç respublika arasında razılaşma sənədinin imzalanması strateji xarakter daşıyır və ölkələrin iqtisadi inkişafına güclü təkan verir. Elə bu günlərdə Özbəkistanın Energetika Nazirliyinin ekoloji diplomatiya və "yaşıl iqtisadi layihələr" şöbəsinin mütəxəssisi Furkat Kurbonov ölkəsinin alternativ enerji mənbələrinin elektrik enerjisi istehsalı üçün böyük potensialı olduğunu vurğulayaraq deyib: "Belə ki, 2025-ci ilin sonuna kimi 3,5 qiqavat enerji istehsal etmək gücünə malik külək və günəş-elektrik stansiyalarının istismara verilməsi planlaşdırılıb. Özbəkistan hökuməti 2030-cu ilə kimi ölkədə istehsal olunan elektrik enerjisinin 54 faizini alternativ enerji mənbələrindən əldə etməyi qarşıya məqsəd qoyub. Yerli və xarici sərmayədarlar Özbəkistanın enerji sektoruna 

25 milyard dollar həcmində sərmayə yatırıblar. 2024-cü ildə Özbəkistanda inşa edilən günəş və külək-elektrik stansiyaları 4 milyard 860 milyon kilovat-saat elektrik enerjisi istehsal ediblər. Azərbaycan, Özbəkistan və Qazaxıstanın arasında "Green Corridor" ("Yaşıl Dəhliz") yaratmaq barədə razılıq sənədinin imzalanması iqtisadi, enerji, geosiyasi və regional əməkdaşlıq üçün olduqca əhəmiyyətlidir. Özbəkistan bu dəhliz vasitəsilə Avropanın enerji bazarına çıxmaq şansı əldə edir".

Özbəkistan günəşli bir ölkədir və bu, GES kimi bərpaolunan enerji mənbələri əsasında generasiyanın yaradılması istiqamətində vacib inkişaf arqumentidir. Günəş enerjisinin böyük potensialı respublikanın cənub-qərb, cənub və mərkəzi hissələrində, xüsusilə Nəvai, Buxara, Səmərqənd, Surxandərya və Cizak vilayətlərində mövcuddur.

Özbəkistan Beynəlxalq Günəş Enerjisi İnstitutu ölkədə günəş enerjisi hesabına elektrik enerjisi istehsalının texniki potensialını ildə 3000 TVt/saatdan (teravaft-saat - texniki və ya enerji ölçü vahidi) çox qiymətləndirib ki, bu da 2050-ci ilə qədər proqnozlaşdırılan elektrik enerjisinə olan tələbatı əhəmiyyətli dərəcədə üstələyir.

Ekspertlərin rəyinə görə, Özbəkistanda külək enerjisinin yüksək potensialı respublikanın şimal-qərb və cənub-qərb hissələrində, xüsusilə Qaraqalpaqstan, Buxara və Nəvai vilayətlərində mövcuddur. Beləliklə, Özbəkistanda aşağı karbonlu enerjiyə keçid "yol xəritəsi"ndə külək enerjisi potensialı 500 QVt qiymətləndirilir.

Ekspert  Edvard Romanov inamla deyir ki, gələcəkdə Özbəkistan davamlı inkişaf və aşağı karbonlu iqtisadiyyat sahəsində regionun aparıcı ölkələrindən birinə çevrilə bilər. Bu yol ekologiyanın yaxşılaşdırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və sabit iqtisadi artımın təmin edilməsinə yönəlmiş bir sıra kompleks və iddialı hədəflərlə bağlıdır. Proaktiv yanaşma sayəsində ölkə artıq enerji "yaşıl" keçidində ilk nəticələri görür və iqtisadiyyatın bütün əsas sektorlarının modernizasiyası da daxil olmaqla daha dərin islahatlar planlaşdırır.

Beləliklə, Özbəkistan daha ekoloji təmiz və innovativ iqtisadiyyatın yaradılmasına doğru irəliləyir. Bu planların həyata keçirilməsi gələcək nəsillər üçün möhkəm təməl yaradacaq, resursların qorunmasını təmin edəcək, elmi tədqiqatları və innovasiyaları stimullaşdırmaqla yeni "yaşıl sənaye" sahələrinin inkişafına  imkan verəcək.

Flora SADIQLI,

"Azərbaycan"

Избранный
58
azerbaijan-news.az

1Источники