RU

Azərbaycanda beynəlxalq İT şirkəti olan Andersen Lab ın mərkəzinin açılışı olub

ain.az bildirir, Oxu.az portalına istinadən.

Bu gün ölkəmizdə beynəlxalq İT şirkəti olan "Andersen Lab"ın Azərbaycanda rəsmi mərkəzinin açılışı baş tutub.

Oxu.Az-ın verdiyi xəbərə görə, mərkəz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan İnnovasiya Mərkəzi çərçivəsində fəaliyyətə başlayıb. Dünyanın 19-dan artıq ölkəsində fəaliyyət göstərən və 3700-dən çox mütəxəssisi olan şirkət ötən ilin oktyabr ayından etibarən ölkəmizdə texnopark rezidenti statusu ilə fəaliyyət göstərir.

Mərkəzin açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak edib. Rəşad Nəbiyev mərkəzdə yaradılan şəraitlə tanış olub. Tədbirdə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə heyətinin sədri Fərid Osmanov mərkəzin və layihənin əhəmiyyətindən bəhs edib. Daha sonra "Andersen Lab" şirkətinin təsisçisi Aleksandr Komiç və vitse-prezidenti Denis Astaçpeniya mərkəzin fəaliyyəti və proqramın istiqamətləri barədə təqdimatla çıxış edib. Bununla yanaşı, tədbirdə, həmçinin, şirkətin hökumətlə əlaqələr üzrə baş direktoru Kiril Rudi də iştirak edib.

Yeni açılan mərkəz gənclərə nəzəri biliklərlə yanaşı, əsasən real layihələr üzərində işləmək imkanı yaradır. Burada gənc mütəxəssislər biliklərini təcrübə ilə möhkəmləndirə, beynəlxalq səviyyədə tələb olunan bacarıqlar qazana bilirlər. Mərkəz eyni zamanda "Andersen Lab" əməkdaşlarının Azərbaycandakı rəsmi iş yeri funksiyasını da yerinə yetirir. Mərkəzin fəaliyyətində əsas hədəf insan kapitalının inkişafına dəstək vermək, İT sahəsində peşəkar kadr çatışmazlığını aradan qaldırmaq, xüsusilə də İKT xidməti ixracını gücləndirməkdir.

Hazırda mərkəzdə həyata keçirilən ən böyük təşəbbüslərdən biri "IT SkillsBridge" proqramıdır. Bu unikal proqram çərçivəsində iştirakçılar "Java", "JavaScript" üzrə proqramlaşdırma, biznes analitikası, keyfiyyətə nəzarət, "DevOps", mobil proqramlaşdırma və layihə idarəetməsi üzrə bilik və bacarıqlara yiyələnirlər.

Layihəyə ümumilikdə 14 mindən çox müraciət qeydə alınıb, seçim prosesindən sonra 210 nəfər təlimlərə qəbul edilib. "Andersen Lab" şirkətində iş yeri ilə təmin olunan müvafiq iştirakçılarla əmək müqavilələri bağlanıb, həmçinin təqaüdlər verilməkdədir. Proqramı sona qədər tamamlayacaq 100 mütəxəssis "Andersen Lab" şirkətində fəaliyyətlərini davam etdirəcək və şirkət tərəfindən reallaşdırılan qlobal layihələrin iştirakçıları olacaqlar. Proqram iştirakçılarının 30 faizi qadın, 70 faizi isə kişilərdir. Yaş bölgüsünə görə, iştirakçıların yarısı 20-25 yaş arasında, 30 faizi 25-30 yaş arasında, 20 faizi isə 30-35 yaş arasında təmsil olunub.

Sözügedən proqram azərbaycanlı İT mütəxəssislərin beynəlxalq layihələrdə iştirakını genişləndirəcək, ölkənin qlobal rəqəmsal xidmət bazarına sürətli inteqrasiyasına şərait yaradacaq. Nəticədə İKT xidmətlərinin ixracının genişlənməsinə və həyata keçirilən layihələr sayəsində ölkəmizə maliyyə vəsaitlərinin daxilolmalarının artmasına müsbət təsir göstərəcək.

"Andersen Lab"ın təşəbbüsü dövlət və özəl sektor əməkdaşlığının uğurlu nümunəsi hesab olunur. Həyata keçirilən layihə gənclərin bilik və bacarıqlarının artırılmasına, onların əmək bazarında rəqabət qabiliyyətinin yüksəldilməsinə və Azərbaycanın regional, eləcə də qlobal rəqəmsal mərkəz kimi mövqeyinin möhkəmlənməsinə töhfə verəcək.

Söhrab İsmayıl

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
15
1
oxu.az

4Источники