RU

İnformasiya müharibəsinin qurbanı olmayaq - Deputatdan çağırış

“Son günlərdə yayılan məlumatlar və açıqlamalar göstərir ki, informasiya təhlükəsizliyi mövzusu təkcə mütəxəssislərin deyil, hər bir vətəndaşımızın diqqət mərkəzində olmalıdır”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Millət vəkili bildirib ki, bu gün informasiya sadəcə məlumat ötürmə vasitəsi deyil, ən güclü strateji silah kimi istifadə olunur.

“Məlumatın kim tərəfindən, hansı məqsədlə və necə paylaşılması milli təhlükəsizliyimiz üçün həyati əhəmiyyət daşıyır.

Unutmayaq ki, yalan və ya təhrif edilmiş məlumat təkcə fərdlərin deyil, bütövlükdə cəmiyyətin zərərinə işləyə bilər. Bu gün informasiya müharibəsi adi silahlı qarşıdurmalardan daha gizli, lakin daha təhlükəli ola bilir. Sosial şəbəkələrdə və müxtəlif platformalarda məsuliyyətsiz paylaşımlar, yoxlanılmamış xəbərlərə inanmaq və onları yaymaq düşmən qüvvələr tərəfindən asanlıqla manipulyasiya edilə bilər.

Bunu biz ən açıq şəkildə Qarabağ müharibəsi zamanı da gördük. Hərbi əməliyyatlarla yanaşı, informasiya müharibəsi də aparılırdı. O dövrdə bəzi saxta xəbərlər və yanlış paylaşımlar cəmiyyətin psixoloji durumuna təsir etməyə, ordumuzun iradəsini zəiflətməyə və xalqımız arasında çaşqınlıq yaratmağa yönəlmişdi. Lakin xalqımızın müdrikliyi, dövlətimizin koordinasiyalı fəaliyyəti və doğru informasiya axınının təmin olunması bu cəhdləri boşa çıxardı”.

C.Məmmədovun sözlərinə görə, bu gün də vəziyyət fərqli deyil:

“Regionda baş verən proseslər, qlobal güclərin maraqları, ölkəmizə qarşı aparılan təxribatçı kampaniyalar bir daha göstərir ki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Dövlətin gücü təkcə ordusu ilə deyil, həm də informasiya məkanını qorumaq bacarığı ilə ölçülür.

Bu səbəbdən hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməliyik:

- Paylaşdığımız hər xəbərin mənbəyini yoxlamalı, yalnız rəsmi və etibarlı məlumatlara güvənməliyik.

- Təxribat xarakterli yazılara, saxta hesablardan yayılan məlumatlara alət olmamalıyıq.

- Özümüzlə yanaşı, ətrafımızdakı insanları da düzgün informasiya istifadəsinə təşviq etməliyik.

Unutmayaq: informasiya silahı ya bizim gücümüzə güc qatar, ya da əleyhimizə çevrilər. Seçim bizim əlimizdədir. Gəlin, birlikdə diqqətli olaq, dövlətimizin maraqlarını, xalqımızın təhlükəsizliyini qoruyaq”.

Избранный
5
1
modern.az

2Источники