ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Xankəndidəki “Biz və bizim dağlar” abidəsi Qarabağa düşmənçilik düşüncəsi yayıb
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa diqqəti sayəsində işğaldan azad edilmiş ərazilərdə 5 ilə yaxındır həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri təkcə Qarabağ və Şərqi Zəngəzurda dağıdılmış infrastrukturun deyil, həm də milli mədəniyyətimizin, tarixi yaddaşın və dövlətçiliyin bərpasını təmin edən çoxşaxəli prosesdir. Sürətlə reallaşdırılan “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bu ərazilərdə müasir innovasiyaların tətbiqi ilə yeni yaşayış məhəllələri salınır, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilir, kommunikasiya sistemləri qurulur, eyni zamanda, erməni vandalizminin qurbanına çevrilmiş tarixi abidələr bərpa olunur. Yəni xalqımıza məxsus mədəni irs nümunələri yenidən həyata vəsiqə qazanır, əvəzində işğal dövründə və daha əvvəldən tikilmiş, ermənilərin məkrli niyyətlərinin simvollarına çevrilmiş binalar və abidələr tarixin zibilxanalarına göndərilir.
Misal olaraq, Xankəndidə 2021-ci il dekabrın 1-də “Rusiya Şöhrət Xiyabanı” layihəsi çərçivəsində separatçılar və Rusiya sülhməramlıları tərəfindən qanunsuz şəkildə ucaldılmış erməni əsilli rəssam İvan (Hovhannes) Ayvazovskinin heykəlinin demontaj edilməsini, uzun illər separatçı rejimin qondarma “Xarici İşlər Nazirliyi”nin istifadə etdiyi inzibati binanın sökülməsini göstərmək olar. Demontaj və söküntü işlərinin aparılmasının ciddi hüquqi əsaslarının mövcudluğu ilə yanaşı, bu addımların atılmasını zərurətə çevirən həm də Xankəndidə müasir urban planlaşdırmasının bütün parametrləri nəzərə alınmaqla həyata keçirilən şəhərsalma siyasəti və şəhərin gözəlləşməsi prosesi çərçivəsində görülən işlərdir. Separatçıların izlərinin silinməsi istiqamətində atılmış növbəti təqdirəlayiq addım son illər ictimaiyyət arasında geniş müzakirələr yaradan daha bir mövzunu aktuallaşdırıb – Xankəndi şəhərinin girəcəyindəki rəsmi adı “Biz və bizim dağlar” olan, ancaq ermənilərin “Nənə-baba” adlandırdıqları heykəlin mövcudluğuna ehtiyac varmı? Erməni separatizminin simvollarından sayılan heykəlin şəhərin ziyarətçilərinin kütləvi şəkil çəkdirdiyi məkana çevrilməsi nə dərəcədə doğrudur? Əsas sual isə budur: Vaxtilə bu heykəl nə məqsədlə qoyulub?
Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Bilal Dədəyevin qəzetimizə açıqlamasına görə, sözügedən abidənin ucaldılması 1960-cı illərdə yenidən güclənən erməni millətçiliyinin təsiri ilə sıx bağlıdır:
– Xüsusilə 1965-ci ildə İrəvanda qondarma “erməni soyqırımı”nın 50 illiyi ilə əlaqədar keçirilən aksiyalar Xankəndidə də milli zəmində gərginlik yaratmış, hətta bir neçə azərbaycanlının qətlə yetirilməsi ilə nəticələnmişdi. Bu hadisələrin fonunda ermənilər Xankəndidə siyasi mahiyyət daşıyan “tarixi əhəmiyyətli” abidə tikmək qərarına gəlmişdilər. Abidənin müəllifi Azərbaycan SSR-in vətəndaşı, erməni əsilli heykəltəraş Sarkis Baqdasaryandır. O dövrdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışan Heydər Əliyev abidənin siyasi məqsədlər üçün istifadə olunacağı ehtimalını nəzərə alaraq, onun beton bünövrə üzərində tikilməsini tələb etmişdi. Lakin ermənilər məqsədli şəkildə keçmiş SSRİ rəhbərliyini müxtəlif yollarla aldadaraq heykəli birbaşa torpaq üzərində ucaltmış və onun daha qədim görünməsinə çalışmışdılar. Məqsəd isə gələcəkdə abidəni “erməni tarixi irsi” kimi qələmə vermək idi.
Alim bildirdi ki, hazırda Xankəndinin girişindəki sağ yamacda yerləşən və dövlətimizin büdcəsi hesabına 1967-ci ildə inşa edilmiş heykəl ilkin olaraq ermənicə “Nənə-baba” adlandırılsa da həmin dövrdə Azərbaycan rəhbərliyinin və ziyalılarının ciddi etirazı nəticəsində dəyişdirilərək “Biz və bizim dağlar” adı ilə rəsmiləşdirilib. Buna baxmayaraq, ermənilər abidəni öz aralarında hər zaman “Nənə-baba” kimi tanıdıb.
Bəzi erməni müəlliflərin uydurmalarına görə, abidə guya ermənilərin “ulu babası” hesab edilən Tiqran və onun həyat yoldaşının xatirəsinə ucaldılıb. Digər versiyalarda isə heykəltəraş Baqdasaryanın abidəni öz nənə və babasına həsr etdiyi bildirilir. Sovet mətbuatında da heykəlin mənası müxtəlif şəkildə təqdim olunub. Məsələn, 1976-cı ildə “Pravda” qəzetində guya “dünyada uzunömürlülərə həsr edilmiş ilk abidə” kimi bəhs edilib. Əslində isə...
İrəvana sitayiş memorialı
B.Dədəyevin fikrincə, heykəlin üzərində xaç işarəsinin yerləşdirilməsi və onun müxtəlif dövrlərdə ermənilərin milli simvolu kimi istifadə olunması diqqət çəkir:
– Belə ki, abidə keçmiş qondarma “Dağlıq Qarabağ Respublikası”nın “gerbində” və 5 qəpiklik pul vahidində təsvir edilmişdi. Yəni birmənalı olaraq, torpaqlarımızda və Azərbaycan SSR-in büdcəsi hesabına inşa edilsə də, onun xalqımızın tarixi keçmişi və mədəni irsi ilə heç bir bağlılığı yoxdur.
Xankəndi qədimdən xalqımızın yurd saldığı, Azərbaycan dövlətlərinin mövcud olduğu ərazilərdə yerləşib, Qarabağ xanı İbrahimxəlil xanın şəxsi mülkü olub və xalq arasında “Xanın kəndi” mənasında “Xankəndi” adlandırılıb. Tarixçi Molla Pənah Vaqifdən sonra Qarabağ xanının vəziri olmuş Mirzə Camal Cavanşir yazırdı: “Mərhum İbrahim xandan altı imarət qalmışdır ki, onlardan biri də Şuşadan bir qədər aralıda yerləşən Xan bağıdır”. Məhz bu abidənin ucaldıldığı ərazi azərbaycanlılar tərəfindən uzun illər “Xanbağı” adlandırılıb.
Bu tarixi faktlar Prezident İlham Əliyev tərəfindən də 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi”nə dair panel müzakirəsində Ermənistanın baş naziri Nikol Paşinyanın tarixi təhriflərinə cavab olaraq xüsusi vurğulanmışdır.
Həmin ərazidə Qarabağ xanı İbrahimxəlil xanın şərəfinə abidənin ucaldılması məqsədəuyğun olardı. Belə abidə həm Xankəndinin tarixi simvoluna çevrilə bilər, həm də şəhərə gələn qonaqlara xalqımızın həqiqi tarixi irsini təqdim etmək baxımından xüsusi əhəmiyyət daşıyar.
Mövzu ilə bağlı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin mətbuata açıqlamasındakı bir məqam da xüsusi maraq doğurur: “1967-ci ilin 3 iyununda Xankəndidə Nelson adlı gənc erməninin öldürülməsi faktını (halbuki bunu ermənilər elə özləri etmişdilər – Z.Ə.) Əşrəf adlı azərbaycanlı məktəb direktorunun və daha bir neçə nəfərin üzərinə yıxdılar. Məhkəmə Əşrəfin güllələnməsinə, digərlərinin azad buraxılmasına qərar versə də, ermənilər qərara etiraz etdilər. Hadisə 3 nəfər azərbaycanlının diri-diri yandırılması ilə nəticələndi. Beləliklə, şəhərdə “Xankəndi Ermənistana birləşdirilməlidir” tələbilə böyük üsyan başladı. Bu dövrdə sakitlik yaranandan sonra ermənilər uydurma “Nənə-baba” heykəlinin özülünü qazarkən həmin hadisəyə şahid olmuş 2 azərbaycanlının başını kəsib ora atdılar. Həmçinin erməni dilində “Bura qədim Ermənistan torpağıdır. Bizim arzumuz budur ki, “böyük Ermənistan” reallaşan kimi bu heykəli söküb üzü Bakıya tərəf yenidən ucaldaq” yazısını yazaraq, şüşə qabda bünövrəyə qoyurlar...”.
“O şər yuvası sökülməlidir!”
118 saylı Ağdam-Xocalı Seçki Dairəsindən Milli Məclisin deputatı Elman Məmmədov da mövzu ilə bağlı “Xalq qəzeti”nə bildirdi ki, bəzi özünü “tarixçi”, “alim” adlandıranlar müxtəlif vaxtlarda mətbuata açıqlama veriblər ki, “Nənə-baba” abidəsi guya qoşa dağların rəmzidir, özündə uzunömürlülüyü ehtiva edir:
– Qətiyyən belə deyil. Bu abidə ermənilər tərəfindən məqsədli şəkildə qoyulmuşdu ki, həmin ərazilər tarixən guya ermənilərə məxsus olub. Azərbaycan rəhbərliyi də sözügedən abidənin sökülməsi, o vaxtkı “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin birinci katibinin cəzalandırılması ilə bağlı məsələ qaldırmışdı. Ancaq Moskva buna imkan verməmişdi. Həmin vaxt ermənilər gördülər ki, bunlara dəyib-toxunan yoxdur, abidədən 100 metr aşağıda, Xankəndi şəhərinin girişindəki Dövlət Yol Polisi postunun yanında, düz yolun ortasında başqa bir abidə də ucaltdılar. Adını qoydular ki, guya açar formasındadır, şəhərin rəmzi açarını simvolizə edir. Amma əslində erməni xaçı formasında idi. Bu addım da məqsədli şəkildə atılmışdı. Çünki o dövrdə separatçı proseslərə start verilmişdi. “Nənə-baba” erməni qoca kişi ilə qoca arvadını özündə əks etdirir. Qətiyyətlə təklif edirəm ki, ölkəmizə, millətimizə, tariximizə, memarlığımıza heç bir aidiyyatı olmayan bu abidə sökülsün.
E.Məmmədov onu da əlavə etdi ki, ermənilərdən fərqli olaraq, biz heç vaxt heç bir millətin mədəni dəyərlərinə toxunmamışıq:
– Bakıda da çox yerdə başqa millətlərə məxsus dini abidələr var. Dövlətimiz tərəfindən qorunub saxlanır. Bu, Azərbaycanın tolerantlığını, humanizmini göstərir. Ermənilər isə dünyaya haray salırlar ki, guya biz onların “dini-tarixi abidələrini” dağıdırıq, məhv edirik. Qətiyyən belə deyil. Bu, ölkəmizə qarşı şər-böhtandır. Ancaq yenə də qeyd edirəm ki, “Nənə-baba” abidəsi Xankəndidə məqsədli şəkildə qoyulub, birbaşa erməni separatizmini simvolizə edir. Mən bir Azərbaycan vətəndaşı, orada yaşamış sakin kimi həmin heykəlin sökülməsinin tərəfdarıyam.
“Bilmirik nə abidədir...”
Sevindiricidir ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağa və Şərqi Zəngəzura kütləvi turist axını müşahidə olunmaqdadır. Uzun illər bu doğma yurd yerlərimizin həsrəti ilə yaşamış insanlar fürsət düşdükcə Xocalını, Xankəndini, Şuşanı, Laçını və digər şəhər və rayonlarımızı ziyarət etməyə tələsirlər. Müşahidələr isə göstərir ki, Xankəndiyə gələn qonaqların demək olar əksəriyyəti şəhərin girişində dayanır, “Nənə-baba” heykəlinin yanında şəkil çəkdirirlər. Sözügedən ərazidə olduğumuz müddətdə də eyni vəziyyətin şahidi olduq. Abidənin yaxınlığında park edən avtomobillərdən düşənlərin hamısı, uşaqlı-böyüklü “Nənə-baba”ya doğru tələsirdilər. Qonaqlardan bir neçəsi ilə həmsöhbət olub, niyə məhz bu heykəlin önündə şəkil çəkdirdikləri ilə maraqlandıq. Mövzu ilə bağlı münasibət bildirənlərdən bəziləri heykəl haqqında ümumiyyətlə məlumatsız olduqlarını etiraf etdilər: “Düzü, heç bilmirik bu nə abidədir, kimindir. Sosial şəbəkələrdə görürük ki, Xankəndiyə gələnlərin hamısı burada şəkil çəkdirir, ona görə biz də çəkdiririk”.
“Nənə-baba”nın yanında şəkil çəkdirməyi ermənilərdən qisas almaq cəhdi kimi təqdim edənlər də tapıldı. Əslən ağdamlı olan keçmiş məcburi köçkün Zaməddin Sultanov, Rusiyada yaşayan soydaşımız Canpolad Quliyev, Bakı sakinləri İsa Sadıqov, Rahib Məhərrəmov isə bildirdilər ki, trendə qoşulub şəkil çəkdirsələr də, sözügedən abidənin mövcudluğu onları narahat edir, demontaj olunmasının tərəfdarıdırlar. Çünki bu heykəl qeyd-şərtsiz ermənilərin məkrli planlarının “abidəyə çevrilmiş nümunəsi”, uzun illər torpaqlarımızı işğal etmiş separatçıların bütün dünyaya sırımağa çalışdıqları simvollarından biridir.
Göründüyü kimi, istər mütəxəssislərin, istərsə də ictimaiyyət nümayəndələrinin mövzuya yanaşmalarında əsas ortaq xətt vaxtilə qondarma “DQR”-in qondarma gerbini də “bəzəmiş” “Nənə-baba”nın sökülməsidir. Çünki o, tarixi irs deyil, “dənizdən-dənizə böyük Ermənistan” adlı məkrli planın eybəcər qalığıdır. Görünür, ermənilərin “Nənə-baba”sı ilə şəkil çəkdirmək imkanlarına son qoymağın, bu abidəni də Ayvazovskinin heykəli, separatçı rejimin qondarma “XİN”-in istifadə etdiyi inzibati bina kimi tarixin zibilxanasına göndərməyin vaxtı çatıb. Həmin ərazidə isə elə indidən “Dəmir yumruğ”un yeri görünür...
Mahir RƏSULOĞLU,XQ-nin Qarabağ müxbiriXankəndi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.