RU

Elnarə Akimova: Region məktəblərində çalışan müəllimlər üçün stimullaşdırıcı tədbirlər görülməlidir

“Region məktəblərində çalışan müəllimlər üçün əlavə stimullaşdırıcı tədbirlər - maddi bonus, yaşayış şəraiti - görülməlidir, peşəkar inkişaf kursları təmin olunmalıdır. Müəllimləri də düşünmək lazımdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Elnarə Akimova deyib.

Deputat bildirib ki, regionlarda yaşayan şagirdlərin şəhərdəki həmyaşıdları ilə eyni imkanlara sahib olması yalnız təhsil siyasətinin deyil, dövlətimizin sosial ədalət siyasətinin də mühüm hissəsidir: “Kənd məktəblərində təhsil bərabərliyi təmin olunmalıdır. Zənnimcə, kənd məktəblərində sürətli və stabil internetin yaradılması üçün Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə proqramı hazırlanmalıdır. Məktəblərdə pulsuz “təhsil interneti” tətbiq olunmalıdır. Eləcə də regional laboratoriya mərkəzlərinin yaradılmasına ehtiyac var. Hər rayonda ən azı bir tədris-laboratoriya kompleksi yaradılmalı və yaxınlıqdakı kənd məktəbləri bu mərkəzdən istifadə etməlidir. Bu komplekslərdə fizika, kimya, biologiya və robot texnikası üzrə praktiki dərslər təşkil edilməlidir. Bilirik ki, bu gün regionlarda fizika, kimya, biologiya fənlərinin praktiki dərsləri çox vaxt yalnız nəzəriyyə ilə məhdud qalır. Bu isə şagirdlərdə həmin fənnə marağın azalmasına səbəb olur. Regionlarda ən azı “regional laboratoriya mərkəzləri” yaradıla bilər ki, yaxınlıqdakı bir neçə kənd məktəbi buradan istifadə etsin. Bu, həm maliyyə baxımından qənaətlidir, həm də şagirdlərə praktiki təcrübə qazandırır. Digər vacib məsələ, kitabxanaların modernləşdirilməsidir. Kənd məktəblərində köhnə kitabxanalar yenilənməli, müasir dərslik və ədəbiyyatla təmin olunmalıdır.
Elektron kitabxana sisteminə çıxış hər bir məktəb üçün təmin edilməli, planşet və ya kompüterlər vasitəsilə istifadəyə açıq olmalıdır. Bu təkliflər həyata keçərsə, kənd məktəblərində oxuyan hər bir uşaq öz potensialını tam reallaşdırmaq imkanı qazanacaq”.

Избранный
75
2
apa.az

3Источники