RU

Rusiya-Ukrayna müharibəsi: Sülh masası, yoxsa yeni müharibə mərhələsi?

 

Hazırda Ukrayna-Rusiya müharibəsi yalnız hərbi müstəvidə deyil, həm də diplomatik planda mürəkkəb mərhələyə qədəm qoyub. Cəbhədə intensiv döyüşlərin davam etməsi, eyni zamanda sülh danışıqları istiqamətində müxtəlif təşəbbüslərin gündəmə gətirilməsi paradoksal bir vəziyyət yaradıb. Rusiya öz hərbi təzyiqini artırmaqla sülh masasında üstünlük qazanmağa çalışır, Ukrayna isə ərazi bütövlüyündən güzəştə getmədən müharibəni davam etdirməyə üstünlük verir. Bu mənzərə beynəlxalq güclərin – xüsusilə də ABŞ və Avropa ölkələrinin – prosesdəki rolunu daha da həlledici edir.

Mövzu ilə bağlı politoloq Asif Nərimanlı Editor.az-a açıqlamasında bildirib ki, hazırda Rusiya-Ukrayna cəbhəsində baş verənlər sülh prosesini daha da çətinləşdirir:

“Proses iki istiqamətdə davam edir: bir tərəfdən danışıqlar masasında müxtəlif təkliflər müzakirə olunur, digər tərəfdən isə cəbhədə gərginlik artır. Ən çox müzakirə doğuran məsələ isə Zelenski-Putin görüşünün mümkünlüyüdür. Ukrayna tərəfi bu görüşə maraqlı deyil. Onların mövqeyi haqlıdır, çünki hazırkı şərtlərdə sülh danışıqları Ukrayna ərazilərinin güzəştə getməsi anlamına gələ bilər.

Rusiya istəyir ki, Ukrayna işğal olunmuş ərazilərdə faktiki nəzarəti tanısın. Ukrayna isə bunu qəbul etmir. Bu fonunda Moskvanın davamlı hücumlar həyata keçirməsi – o cümlədən Nazirlər Kabineti və digər dövlət əhəmiyyətli binaların vurulması – Rusiyanın təzyiq siyasətinin bir hissəsidir. Burada söhbət yalnız Ukraynaya deyil, həm də ABŞ və Qərbə yönəlmiş təzyiqdən gedir”.

A. Nərimanlının sözlərinə görə, Tramp və Putin arasında müəyyən məsələlərin müzakirə olunduğu görünür:

“İndi əsas məsələ bu həll planının qəbul etdirilməsidir. Rusiya çalışır ki, davamlı hücumlarla Qərb və Kiyevin qarşısında alternativ seçim qoymasın: ya Moskvanın tələbləri nəzərə alınmalıdır, ya da müharibə daha da şiddətlənəcək. Əslində Kreml üçün əsas hədəf Ukraynaya faktiki olaraq kapitulyasiya sənədini imzalatmaqdır. Kiyev isə yalnız bütün resursları tükəndiyi və xarici dəstəyi itirdiyi halda bu variantı qəbul edə bilər.

Bu gün Tramp administrasiyası Bayden dövründəki qədər Ukraynaya tam dəstək verməsə də, Qərb ölkələrinin əksəriyyəti hələ də Ukraynanın yanındadır. Ona görə də yaxın perspektivdə hücumların intensivləşəcəyi və müharibənin daha şiddətli mərhələyə keçəcəyi gözlənilir. Bununla belə, sülh anlaşması ehtimalını tamamilə istisna etmək olmaz. Çünki tərəflərin hər biri müəyyən səbəblərdən sülh üçün də maraqlıdır: ABŞ prosesi nəzarətdə saxlamaq, Ukrayna vaxt qazanmaq, Rusiya isə öz tələblərini qəbul etdirmək üçün bu imkanı dəyərləndirmək istəyir”.

//Gülnarə Abasova, Editor.az

Избранный
11
editor.az

1Источники