Prezident İlham Əliyev “Masallı rayonunun Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə tapşırılıb ki, Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin. İqtisadiyyat Nazirliyi isə göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Nazirlər Kabinetinə tapşırılıb ki, Sərəncamdan irəli gələn məsələləri həll etsin.