RU

DTK və milis işçilərindən birgə “əməliyyat”: İnkassatorları öldürərək pulları oğurlayıblar

Hər şeyi “ideal” olan Sovet İttifaqında baş verən bu hadisə hüquq-mühafizə orqanlarında vəziyyətin əsl simasını ortaya qoyub.

Bu, Moskva şəhərinin mərkəzində odlu silahdan istifadə etməklə törədilən böyük soyğunun hekayəsidir.

...1986-cı ilin noyabr axşamı sovet vətəndaşının həyatında dəyişən heç nə olmayıb - insanlar hər zamankı kimi evə tələsirlər, küçələr get-gedə boşalır. Lakin Molodyojnı univermağına yaxınlaşan “Volqa” markalı zirehli avtomobili üçün həmin axşam qeyri -adi və fəlakətli olub.

Quldurların qəniməti 330 min rubl təşkil edib. Amma ən vacib nüans: dəstə tamamilə keçmiş və indiki milis zabitlərindən, Dövlət Təhlükəsizlik Komitəsi və Sovet ordusunun üzvlərindən ibarət olub. Ölkədə qanunun keşiyində duranlar bu dəfə amansız soyğunçu obrazında ortaya çıxıblar. Qrupun lideri isə keçmiş cinayət axtarış şöbəsinin əməkdaşı İqor Kniqin olub. Ona həmkarı Valeri Fineyev kömək edib. Qrupa keçmiş DTK zabiti Konstantin Qolubkov və ordunun “N” saylı hərbi hissəsində komandirin təlim-tərbiyə üzrə müavini Yevgeni Subaçev də qoşulub.

Saat 21:07-də “Volqa” pul köçürmə maşını "Molodyojnı" tərəfdə dayanıb. Nağd pulu mühafizə edən inkassator Viktor Novikov sonuncu vəsaiti almaq üçün mağazaya daxil olub. Onunla birlikdə polis serjantı Vera Alfimova da çıxıb. Qadın milisin növbəsi başa çatıb və o, artıq xidməti silahını təhvil verib.

Bu zaman qaranlıqdan iki nəfər peyda olub. Milis kapitanı geyimində olan bir adam (Qolubkov) və ov tüfəngi olan bir mülki şəxs (Kniqin) atəş açıblar. Novikov və sürücü Mişin hadisə yerində ölüblər, digər inkassator Karpinski yaralanıb və huşunu itirib. Atəş səslərini eşidən Alfimova qaçsa da, güllədən yayına bilməyib. Quldurların hücumu beş nəfərin həyatına son qoyub.

Pul kisələrini götürən cinayətkarlar hadisə yerindən qaçmağa başlayıblar. Kənardan elə görünüb ki, milis qulduru təqib edir. Ryabinova küçəsindəki həyətdə onları mühəndis İqor Kondratenko görüb. O, əvvəlcə milisin qulduru həbs etdiyini düşünüb. Lakin vəziyyət başqa cür olub. Odur ki, “milis” qəfildən silahını ona tərəf tuşlayıb. Xoşbəxtlikdən silahda güllə qalmayıbmış. Kondratenko yerə uzanmağa məcbur olub, amma əsas detalları xatırlayıb: mavi avtomobil və nömrənin bir hissəsini. Maşın uzaqlaşanda o, dərhal milis patrulunu saxlayıb.

Bu təsadüfi şahid sonradan işdə əsas fiqur olub. Onun ifadəsi cinayətkarların avtomobilini tez bir zamanda tapmağa imkan verib. Bir neçə dəqiqə ərzində milis cinayətkarların avtomobilini tapıb. Onları saxlamaq istəyəndə quldurlar atəş açıb, milis serjantını yaralayıblar.

Tezliklə canilərin avtomobili “Universitet” metrostansiyası yaxınlığında aşmış vəziyyətdə tapılıb. Məlum olub ki, yüksək sürətlə hərəkət edən avtomobil idarəetmədən çıxaraq aşıb. Yaralı Qolubkov yoldaşları tərəfindən yolun kənarına atılıb və təqibdən qaçan Kniqin sonda qazanxanada özünü güllələyib.

İstintaqa müstəntiq İsa Kostoyev rəhbərlik edib. İşdə irəliləyiş Valeri Fineyevin dindirilməsi zamanı təsadüfən əvvəllər istintaqa məlum olmayan bir adın - Subaçevin adını çəkdiyi zaman baş verib. Bu səhv dəstənin növbəti üzvünün sürətlə həbsinə səbəb olub. İstintaq müəyyən edib ki, cinayətkar dəstə bir neçə ildir fəaliyyət göstərib. Hələ 1983-cü ildə Kniqin və Fineyev qiymətli daşların satıcısını öldürüblər, 1985-ci ildə isə silah əldə etmək üçün bir milisi qətlə yetiriblər.

Fineyev ölüm cəzası alıb, Subaçev isə 10 il müddətinə azadlıqdan məhrum edilib. İş rekord 15 saat ərzində açılıb. Bu cinayət sovet sistemi üçün həyəcan siqnalı olub, bundan sonra təhlükəsizlik orqanları əməkdaşların yoxlanmasını gücləndirilib və kassalardan vəsaitlərin yığım qaydalarına yenidən baxılıb.

1980-ci illərin ortalarında milis məmurlarının başçılıq etdiyi və ya onların daxil olduğu cinayətkar qruplar artıq adi hal alıb. 1984-cü ilin dekabrında - 1985-ci ilin yanvarında Moskvada, Zarayskaya və Stalevarov küçələrində mağazalardan gəlirləri çıxaran şəxslərə hücumlar edilib. Cinayətkarlar müvafiq olaraq 25 və 30 min rubl götürüblər və iki inkassator öldürülüb. Məlum olub ki, cinayəti lideri Savçenko adlı yol milisi leytenantı olan dəstə törədib.

Ümumiyyətlə bu hadisələr forma geyinmiş bir insana qeyd-şərtsiz etibar dövrünün bitməsinin simvolu olub. Uniforma geyinmiş şəxslərin törətdiyi bu cinayətlər təkcə ölkəni sarsıtmayıb - hüquq-mühafizə orqanlarına inamı məhv edib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Избранный
18
musavat.com

1Источники