RU

Rusiyanın Polşaya hücumunda Vaşinqton detalı Fransalı ekspert şifrələri açdı

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Xəbər verdiyimiz kimi, sentyabrın 10-a keçən gecə Polşa hava məkanı “Şahid” PUA-ları tərəfindən pozulub. Varşava da daxil olmaqla 4 hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Polşa Baş Qərargahı ölkənin hava məkanını pozan bütün naməlum pilotsuz təyyarələrin məhv edildiyini elan edib. Əməliyyatda NATO Hava Komandanlığı və Hollandiya Kral Hərbi Hava Qüvvələri iştirak edib.

Polşaya dron hücumu ilə bağlı bəzi analitiklər hesab edir ki, hazırda Rusiya prezidenti Vladimir Putin NATO-nun 5-ci maddəsini sınaqdan keçirir və əgər ABŞ liderliyindəki ittifaq bu maddənin tələblərinə uyğun reaksiya ortaya qoymasa, təşkilat de-fakto çökmüş olacaq.

Mövzunu Globalifno.az-a şərh edən Fransalı tarixçi, politoloq Maksim Quen (Maxime Gauin) deyib ki, Polşanın hava məkanını pozan dronların sayını (19) və onların trayektoriyasını nəzərə alsaq, burada təsadüf ehtimalı çox azdır:

“Bu dronların Polşaya bu ölkənin prezidentinin Vaşinqton səfərindən bir həftə sonra göndərilməsi yəqin ki, təsadüfi deyil. Təkcə analitiklər deyil, Almaniya hökuməti də Rusiyanın NATO-nu sınaqdan keçirdiyini bəyan edib. Rusiya faktiki olaraq 2014-cü ildən NATO ölkələrinə ənənəvi hücum səviyyəsindən zəif hücumlar edir: GRU-nun (Rusiya ordusunun kəşfiyyat xidməti) iki bombası Vrbetisdə (Çexiya) partladı, biri 2014-cü ilin oktyabrında, digəri həmin ilin dekabrında partladılıb, sursat anbarına ziyan dəyib. Rus hakerlər 2022, 2024 və 2025-ci illərdə Fransa xəstəxanalarına kiberhücumlar həyata keçirdiklərini təsdiq ediblər. 2024-cü ildə Rusiya Estoniya ilə dəniz sərhədini göstərən mayakları yığışdırdı”.

Maksim Quen

M.Quen qeyd edib ki, NATO-nu çökdürmək 1950-ci illərdən bəri həmişə SSRİ-nin əsas məqsədi olub və bu keçmiş və peşmanlıq duymayan KQB zabiti olan Vladimir Putin üçün də əsas məqsəddir:

“NATO kiberhücumlar və ya sökülən mayaklar səbəbindən ləğv olunmadı və “Şahid”lərin buraxılış qurğuları Polşa Hərbi Hava Qüvvələri tərəfindən məhv edilməsə belə dağılmayacaq. İstənilən halda, NATO üzvləri müvafiq qətiyyətli mövqe tutmalıdırlar. Rusiya pilotsuz təyyarələrini Polşanın hava məkanına daxil olmamışdan əvvəl vurmaq üçün Polşanın hava hücumundan müdafiə sistemlərini Ukrayna ilə sərhəddə yerləşdirmək və “Səma qalxanı” (“Sky Shield”) təklifini qəbul etmək (Ukrayna səmasında, heç olmasa ölkənin qərb yarısında Rusiya pilotsuz təyyarələrini və raketlərini vurmaq üçün NATO reaktivlərindən istifadə etmək) qəti və təsirli cavab olardı”.

Onun sözlərinə görə, Baltikyanı ölkələrdən fərqli olaraq, Polşa strateji dərinliyə və böyük orduya malikdir:

“Onun Hərbi Hava Qüvvələri F-16, F-35 və İsveçin “Saab” 340 havadan erkən xəbərdarlıq və nəzarət təyyarələri ilə təchiz olunub. Rusiya Hərbi Hava Qüvvələrində artıq praktiki olaraq heç bir havadan erkən xəbərdarlıq və nəzarət təyyarələri yoxdur. NATO-nun döyüş təyyarələrinin ondan üstünlüyü Ukraynadakı müharibədə sübut olunub. Beləliklə, Polşa asanlıqla “Səma qalxanı” (“Sky Shield”) ssenarisində iştirak edə bilər”.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
11
globalinfo.az

1Источники