RU

Kir Starmer Britaniyanın ABŞ-dakı səfirini vəzifədən azad edib

London, 11 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkənin ABŞ-dakı səfiri Piter Mandelsonu vəzifədən azad edib.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, qərar P.Mandelsonun cinsi cinayətlərə görə məhkum olunmuş və sonradan həbsxanada intihar edən milyarder Cefri Epşteynlə əlaqələrinə dair yeni məktubların üzə çıxmasından sonra verilib.

Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, Mandelsonun yazdığı elektron məktublar onun Epşteynlə münasibətlərinin təyinat zamanı məlum olandan daha geniş və dərin olduğunu ortaya qoyub.

Məsələ ilə bağlı parlamentdə suallara cavab verən Kir Starmer bir neçə gün öncə Mandelsona etimadını ifadə etmişdi. Lakin ABŞ qanunvericiləri son günlər bir sıra sənədləri açıqlayıblar. Onların arasında Mandelsonun Epşteyni ən yaxşı dostum adlandırdığı məktub da var.

Mandelson özü də etiraf edib ki, yaxın vaxtlarda Epşteynlə yazışmalarına dair daha çox utanverici məktublar dərc olunacaq.

 
Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
39
2
azertag.az

3Источники