Bakı, 11 sentyabr, AZƏRTAC
İranın Ərdəbil vilayəti (ostandarlıq) Azərbaycan ilə sərhəddir və bu vilayət ilə Azərbaycan arasındakı iqtisadi əlaqələri daha da inkişaf etdirmək olar. Bunun üçün hər iki dövlətin sərhədyanı regionunun iqtisadi potensialı var.
AZƏRTAC İranın İRNA dövlət agentliyinə istinadla xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Ərdəbil vilayətinə səfəri çərçivəsində yerli iş adamları ilə görüşü zamanı deyib.
O bildirib ki, vilayətin özünəməxsus potensialı var.
“Burada kənd təsərrüfatı və əkinçilik imkanları böyükdür. Tikinti materiallarının istehsalı və turizm sahəsində Azərbaycan ilə əməkdaşlıq əlaqələri daha da faydalı ola bilər”, - deyə İran Prezidenti qeyd edib.
M.Pezişkian Ərdəbil vilayətinin dəniz yolu ilə də qonşu dövlətlərlə ticarət əlaqəsi qurmaq imkanını vurğulayıb.