RU

Dahi insan Birinci yazı

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Mustafa ÇƏMƏNLİ

Dünyasını dəyişənlərin həyatı sağ qalanların həyatı ilə davam edir.

Siseron

Atalarımız təsadüfən deməyib ki, alim olmaq olar, adam olmaq çətindir. Bu mənada Üzeyir bəy Hacıbəyli təkcə bəstəkar kimi deyil, həm də şəxsiyyətinə, nəcibliyinə, əliaçıqlığına, xeyirxahlığına, uzaqgörənliyinə, mənəvi kamilliyinə görə də dahi İNSANDIR. Mən elə bir gün olmayıb ki, Üzeyir bəyi minnətdarlıq hissi ilə anmayım, həyatından, insani keyfiyyətlərindən, xeyirxahlıqlarından, danılmaz xidmətlərindən, səhnə əsərlərindən, publisistikasından məqalələrimdə, dost-tanışla söhbət əsnasında məsəl çəkməyim, sitat gətirməyim.

Üzeyir bəy Hacıbəylinin ən layiqli yetirmələrindən olan dahi bəstəkarımız Fikrət Əmirovun ustadı haqqında yazdığı xatirə-məqaləsində gəldiyi qənaət diqqətçəkəndir: "Şəxsiyyətin böyüklüyü, paklığı, alicənablığı, ümumiyyətlə ləyaqəti və sənət qüdrəti yaradıcılığında hökmən əks olunur. Sənətlə şəxsiyyəti bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Bu iki mühüm keyfiyyət vəhdət halında olmalıdır. Yalnız bu halda əsl mənada böyüklükdən, dahilikdən söhbət gedə bilər. Dahi Üzeyirə belə bir səadət nəsib olmuşdu".

Mən bu yazımda Üzeyir bəyin nəcibliyindən, insanlığından danışmaq isyirəm. Bu dahi bəstəkar hələ iyirmi iki yaşında ilk Azərbaycan operası olan "Leyli və Məcnun"u yazıb səhnəyə qoyan gündən şöhrətlənməyə başlamışdı. Amma ömür boyu bir dəfə də özünü öyməmiş, təkəbbürlü davranmamış, əksinə, özündən əvvəlki yaradıcı insanlara həmişə hörmətlə yanaşmışdır. Hələ iyirmi səkkiz yaşında, gənc ikən yazmışdır: "Yuxarıdakı daş bünövrə daşını inkar edə bilməz, inkar edərsə, yuxarıda dayana bilməz". Üzeyir bəy sadədən sadə, həssas, təvazökar bir insan olmuşdur. 18 may 1912-ci ildə iyirmi səkkiz yaşlı Üzeyir bəyin "Əsli və Kərəm" operası Mayılov teatrında səhnəyə qoyulmuşdu. O gecədə tamaşaçı coşqunluğu o həddə çatmışdı ki, aktyorlar gənc Üzeyir bəyi çiyinlərində səhnəyə gətirmişdilər. Sonralar Xalq artisti Hacağa Abasov o gecəki tamaşanı xatırlayaraq yazırdı: "Mən o zaman "Əsli və Kərəm"də Sofi rolunu oynayırdım. Yaxşı yadımdadır ki, "Əsli və Kərəm" oynanan gecə Nəcəf bəy Vəzirov, Soltan Məcid Qənizadə, Mehdi bəy Hacınski Üzeyiri səhnəyə çıxarıb tamaşaçılara təqdim edəndə zalda gurultulu alqış qopdu və səhnəyə çoxlu gül-çiçək atdılar. Tamaşaçılar: "Sağ olsun Üzeyir bəy", "Əhsən Üzeyir bəyə", "Yaşasın bəstəkarımız", - deyə qışqırmağa başladılar".

Üzeyir bəy "Koroğlu" operasının librettosunu yazmağı yazıçı, dramaturq, şair Məmməd Səid Ordubadidən xahiş etmişdi. Operanın librettosu üzərində işlərkən hər gün görüşürdülər. Bu müddətdə Məmməd Səid Ordubadinin bir yaradıcı şəxsiyyət kimi bəstəkarı daha yaxından müşayiət etmək imkanı olmuşdur. Məmməd Səid Ordubadi bəstəkarın vəfatından sonra Üzeyir bəy haqqında yazırdı:

"Üzeyir bəyin əsas xüsusiyyətlərindən biri də sadə yaşayışı sevməkdən ibarət idi. Mən əvvəlcə, bir çox opera və operettalar müəllifi olan bu mahir bəstəkarın çox dəbdəbəli və təntənəli həyat keçirdiyini zənn edirdim. Amma "Koroğlu" operasını yazdığımız bir neçə ilin ərzində fikrimin yanlış olduğunu anladım. Onun həyatı adi bir insanın həyatından o qədər də fərqli deyildi, çünki o, qazandığının mühüm bir hissəsini paylayırdı, çox səxavətli və əliaçıq idi.

...Üzeyir bəy şəxsi həyatda sadəliyi sevdiyi kimi, dildə də sadəliyi sevirdi. O deyərdi: dili xalqdan, xalqı da dildən uzaqlaşdırmaq səhvdir.

...Mən Üzeyirin yaradıcılığındakı məharəti ilə tanış olmaqla bərabər, onun şəxsiyyəti ilə dərindən tanış olmağa çalışırdım. O deyirdi ki, "hər adam ilə dost ola bilmərəm, çünki dostluq fikir və əqidə birliyindən doğan ictimai bir varlıqdır. Bu varlığı hər təsadüfi şəxsiyyətlərlə yaratmaq imkan xaricindədir". Bu səbəblə də o, dost olduğu adamlara çox böyük qiymət verərdi. Onun sevmədiyi bir məsələ varsa, o da lovğalıqdan ibarət idi. Onun fikrincə, lovğalıq yaradıcılıqdakı acizlik və tənbəlliyi gizlətmək üçün bir pərdədir. O daim: "Mən bu cür tələbəni görmək istəmərəm" - deyirdi".

"İlk" sözü Üzeyir Hacıbəylinin adı qarşısında yazılan ən mübarək sözdür. İlk operanın, ilk operettanın banisi, ilk dövlət himnimizin bəstəçisi də Üzeyir bəydir. İlk türk musiqi məktəbinin (1922), ilk notlu Xalq Çalğı Alətləri Orkestrinin, Dövlət xorunun, qəzəl-romansın, sazçı qızlar ansamblının yaradıcısı, 1940-cı ildə filarmoniyada fəaliyyət göstərən Dövlət xoru ilə rəqs ansamblını birləşdirib mahnı və rəqs ansamblının yaradılmasının təşəbbüskarı da Üzeyir bəydir. Azərbaycanda Milli Konservatoriyanın təşkili və onun ilk rektoru olmaq şərəfi də Üzeyir bəyə qismət olub. Üzeyir bəy özü bu sahədəki xidmətini belə xarakterizə edirdi: "Mən Azərbaycan Dövlət Konservatoriyasının yenidən təşkili ilə məşğul oldum, ilk türk musiqi məktəbinin əsasını qoydum. Bu məktəb üç ildən sonra musiqi texnikumu adlandı və müdirliyi mənə tapşırıldı".

"Azərbaycan xalq musiqisinin əsasları" adlı ilk fundamental bir əsərin müəllifi də məhz Üzeyir Hacıbəylidir. Onun bu yeniliklərini, ilkinliyini, orijinallığını dahi bəstəkarımız Qara Qarayev çox dəqiq ifadə etmişdir. O yazır: "Üzeyir Hacıbəyov haqqında düşünəndə istər-istəməz intibah dövrü sənətkarlarının çoxşaxəli yaradıcılıqları yada düşür. Mənə elə gəlir ki, həmin sənətkarlar öz dövrləri üçün rəssamlıq, heykəltaraşlıq və s. sahələrə gətirdikləri yeniliklərdə necə böyük rol oynayıblarsa, Üzeyir Hacıbəyov da Azərbaycan musiqisində, milli opera, operetta janrlarının inkişafında, dramaturgiyasında, publisistikasında elə böyük bir şəxsiyyətdir".

Üzeyir bəy arzu edirdi ki, "Şərq musiqisi, nəhayət, Avropa musiqisi ilə yanaşı, layiq olduğu şərəfli yeri tutsun və bütün bəşəriyyətin inkişafına kömək edən qüdrətli vasitələrdən birinə çevrilsin". Üzeyir bəyin 1922-ci ildə yaratdığı ilk türk musiqi məktəbi 1925-ci ildə texnikuma çevrildi. Aradan bir il keçmiş, 1926-cı ildə musiqi texnikumu əsasında Dövlət Konservatoriyası yaradıldı. Konservatoriyanın rektoru vəzifəsinə Üzeyir bəy təyin olundu və ömrünün sonuna qədər, başqa yaradıcılıq işləri ilə yanaşı, öz vəzifəsində çalışdı.

Üzeyir bəyin ömür yoluna nəzər saldıqca insan bu dahi bəstəkarın çalışqanlığına, təşəbbüskarlığına, həm də yaradıcılıqla məşğul olmağa necə macal tapmağına heyrətlənməyə bilmir. Təkcə Konservatoriyanı professional musiqi ocağına çevirməyə, yüksək ixtisaslı musiqiçi kadrların hazırlanmasına nə qədər əmək sərf etmişdi. Bununla yanaşı, pedaqoji fəaliyyət də göstərirdi. Bu barədə Xalq artisti, bəstəkar Səid Rüstəmov ustadını "Böyük bəstəkar" adlı xatirəsində yad edərək yazır:

"Üzeyir bəy əvvəllər musiqi texnikumunda, sonralar isə Konservatoriyada notla tar və harmoniya dərsləri aparırdı. Mən həm notla tar çalmağı və həm də harmoniyanı Üzeyir bəyin sinfində keçirdim. 1931-ci ildə Asəf Zeynallı, Fuad Əfəndiyev, Əşrəf Həsənov və mən Üzeyir bəyin bilavasitə rəhbərliyi  və redaksiyası ilə ilk dəfə olaraq Azərbaycan dilində "İbtidai not savadı" adlı musiqi dərsliyi yazıb çap etdirdik. O zamanlar Üzeyir bəy bizə sinifdə Azərbaycan muğamlarının "çox maraqlı", qanunauyğun quruluşlarından söhbət açır və özünün Azərbaycan muğamları üzərindəki yaradıcılıq  müşahidələrindən danışıb, misallar göstərirdi. Bu "söhbətlər" get-gedə təkmilləşərək, indi hamımızın bildiyi "Azərbaycan xalq musiqisinin əsasları" adlı müstəqil bir musiqi fənninə çevrildi.

Asəf Zeynallının "Ölkəm" romansı həmin illər Üzeyir bəyin sinfində muğamlar haqqındakı "söhbət"lərinin məhsuludur".

Üzeyir bəy yaradılması vacib olan hər bir işin təməlini qoyarkan onun sabahını da düşünmüşdü. O, 1926-cı ildə rektoru olduğu Konservatoriyada tələbə gəncləri toplayaraq ilk Azərbaycan çoxsəslu xorunu yaratmışdı. Lakin təəssüf ki, bədxahlar "Azərbaycan xalqına çoxsəsli xor, polifoniya lazım deyildir" - deyərək öz mənfi təsirini göstərmiş, "nəticədə böyük zəhmətlə yaradılmış xor dağılmışdır" (Ü.Hacıbəyli).

Üzeyir bəy həyatda da, yaradıcılığında da xalq musiqisinə çox böyük dəyər verirdi. Uzun illərin zəhmətinin bəhrəsi olan "Azərbaycan xalq musiqisinin əsasları" əsəri də bu vurğunluğun bariz nümunəsidir. Bu böyük bəstəkar, musiqişünas alim zamanı dəyərləndirməkdə də müstəsna şəxsiyyətlə?dən idi. O, vaxtında muğam bilicilərini - Əbdülbaqi Zulalovu, Cabbar Qaryağdı oğlunu, Keçəçi oğlu Məhəmmədi, Məşədi Məmməd Hüseynovu, Mirzə Mənsuru, Mirzə Fərəci, Əhməd Bakıxanovu əvvəl musiqi texnikumuna, sonra rektoru olduğu Konservatoriyada pedaqoji fəaliyyətə cəlb etmişdi.

Üzeyir bəy həm də onların muğamlar haqqında fikirlərini öyrənib muğamların tədris proqramını hazırlayırdı. O, uzun illərin təcrübəsindən bu qənaətə gəlmişdi ki, hər hansı bir işin təməlini qoymaq üçün peşəkarlarla çiyinə-çiyinə çalışmaq gərəkdir. Üzeyir bəyin dövrünü, həyat və yaradıcılığını göz önünə gətirəndə onun qədər istedadlı adamları görüb qiymətləndirən başqa bir şəxsi xatırlamaqda çətinlik çəkirik.

Bu böyük bəstəkar hər bir tələbəsinin insani keyfiyyətlərilə yanaşı, istedadının hansı sahədə uğur qazanacağını da öncədən dəyərləndirə bilirdi. Görkəmli bəstəkar Soltan Hacıbəyov unudulmaz müəlliminin bu kimi örnək olası keyfiyyətlərini yüksək qiymətləndirərək yazır: "Mən Üzeyir Hacıbəyov kimi bu qədər səmimi olmağı bacaran, bilavasitə başqalarının nailiyyətləri ilə bu qədər sevinən, yeni-yeni sənət zirvələrinin fəthinə bu cür həvəsləndirən ikinci şəxsiyyət tanımırdım".

O, hər kəsin, o cümlədən tələbələrinin hər birinin uğuruna sevinir, onları yazıb-yaratmağa ruhlandırır, sabah ehtimadını doğruldacaqları işə cəlb edirdi. Bəstəkar Müslüm Maqomayev Azərbaycan Radio Verilişləri Komitəsində musiqi şöbəsinin rəhbəri işləyərkən yaxın dostu, bacanağı Üzeyir bəyə təklif edir ki, notlu xalq çalğı alətləri orkestri yaratsın. Üzeyir bəy dostunun təklifini qəbul edir. Üzeyir bəy baxmayaraq Konservatoriyanın rektoru idi, bununla yanaşı, dərs də deyirdi, işi başından aşırdı, ancaq dostunun təklifinə sayğı ilə yanaşmışdı. Çünki musiqiçi tələbə gənclərin not bilmələrini vacib hesab edirdi. Hələ musiqi texnikumunu yaradanda Avropa alətləri ilə yanaşı, xalq musiqisinə də önəm verərək tar, kamança, xanəndə sinifləri də açmışdı. O, eyni zamanda xalq çalğı alətlərində notla çalmağı da tədris proqramına salmışdı. Tələbəsi Qılman Salahov musiqi texnikumunu kamança ixtisası üzrə bitirəndə təklif etmişdi ki, texnikumda qalıb notlu kamança sinfi açsın. Qılman Salahov müəlliminin təklifini qəbul edib notlu kamança sinfi açır və 1932-ci ildən 1952-ci ilə qədər Asəf Zeynallı adına Orta İxtisas Musiqi məktəbində dərs deyir və tədris proqramı hazırlayır.

İlk notlu Xalq Çalğı Alətləri Orkestri Üzeyir bəyin bədii rəhbərliyi və dirijorluğu ilə 1932-ci ilin oktyabrında 24 nəfərlə fəaliyyətə başlayır. Bu iyirmi dörd nəfərin çoxu Üzeyir bəyin öz tələbələri idi. Qılman Salahov, Səid Rüstəmov, Xosrov Məlikov, Tutu Həmidova, Ruqiyyə Rzayeva (kamançada ifa edirdi. Ağabacı Rzayevanın bacısı) və başqaları orkestrin ilk üzvüləriydilər. Üzvlərin sayı getdikcə artan orkestrin dirijoru Üzeyir bəy, köməkçisi iyirmi dörd yaşlı tələbəsi, gələcəyin böyük bəstəkarı Səid Rüstəmov idi. Musiqişünas Elmira Abbasova ilk notlu Xalq Çalğı Alətləri Orkestri haqqında bəhs edərkən xatırladır ki, "Üzeyir Hacıbəyovun qarşısında böyük çətinliklər dururdu. Hər şeydən əvvəl xalq çalğı alətlərinin ifaçılıq imkanları barəsində möhkəm kök salmış təsəvvürü aradan qaldırmaq lazım idi. Notu bilən musiqiçilərin az olması da böyük bir mane idi".

Üzeyir bəy hər bir işdə səbirli və ardıcıl çalışan şəxslərdən idi. Başladığı işi yarımçıq qoymaq şakəri yoxdu. Elmira Abbasova yazır: "Orkestrin məşqləri olduqca orijinal idi. Musiqiçilər həm birlikdə çalmaq vərdişləri əldə edir, həm də musiqi tarixi və nəzəriyyəsinə dair biliklərə yiyələnirdilər. Dörd il beləcə keçdi. Orkestr lazımınca möhkəmləndikdən sonra Üzeyir Hacıbəyov ona rəhbərlik etməyi öz etibarlı köməkçisi Səid Rüstəmova tapşırdı".

Bu dörd ildə orkestrdə çalğıçıların sayı kifayət qədər artmışdı. 1938-ci ildə Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüyündə orkestrin üzvlərinin sayı artıq 75 nəfər idi. Bu orkestr ongünlükdə Üzeyir bəyin "Arşın mal alan" musiqili komediyasının tamaşalarında iştrak etmişdi.

Üzeyir bəy 1935-ci ildə işinin hədsiz çoxluğunu nəzərə alıb orkestrə rəhbərliyi köməkçisi Səid Rüstəmova etibar etdi. Güman etmək olardı ki, bundan sonra bu böyük bəstəkarın asudə vaxtı daha çox olacaq. Ancaq belə düşünmək sadəlövhlük olardı. Əslində işi çoxdu. Konservatoriyanın rektoruydu, eyni zamanda notla tar çalmağı və həm də harmaniyadan dərs keçirdi, "Koroğlu" operası üzərində işləyirdi. Digər tərəfdən Üzeyir bəy ürəyində daim Fransada mühacir həyatı yaşayan çox sevdiyi kiçik qardaşı Ceyhun bəyin nigarançılığını çəkirdi. Şəxsi söhbətlərdə müasirləri etiraf edirdilər ki, Ceyhun bəyin mühacir həyatı yaşamağı yolverilməz hal kimi yeri düşdükcə Üzeyir bəyə xatırladılırmış.

Üzeyir bəyin asudəliyi çox çəkmədi. Böyük bəstəkarın qismətində yenə də bir ilkə imza atmaq, vacib bir sənət sahəsinin təməl daşını qoymaq varmış. 25 may 1936-cı ildə Dövlət filarmoniyası yarandı. Üzeyir bəy burada ilk dəfə Dövlət xorunu yaratdı. Az bir müddətdə xorun üzvlərinin sayı 80 nəfərə çatdı.Yaratmaq sözü yaradıcı adamın yuxusuz gecələrini, axtarışlarını, istedadlı gənclərin üzə çıxarılıb işə cəlb edilməsini, öyrədilməsini və s. və i.a. çoxsaylı əngəllərin qarşısının alınmasını, nəhayət, xalqın, hakimiyyət adamlarının qarşısına hazır bir kollektiv kimi çıxmağı tam əks etdirmir. Artıq bu yaşanmış, tarixə qovuşmuş, ancaq təqvimə düşmüş, xatirələrdə əbədiləşmiş günlərdən birinə çevrilmişdir. Üzeyir bəy o zaman təkcə Dövlət xorunu yaradıb ona dirijorluq etməklə işini bitmiş sanmamışdı. O günlərin canlı şahidi olmuş Xalq artisti Leyla Bədirbəyli xatırlayırdı ki, "filarmoniyanın, o cümlədən mahnı və rəqs ansamblının təşkili və fəaliyyəti Üzeyir bəyin əməyi və şəxsi iştirakı ilə bağlıdır".

Üzeyir bəyin yaratdığı Dövlət xorunun ilk solistlərindən Şövkət Ələkbərovanın, Qüdrət Əmiraslanovanın, Xurşid Babayevanın, Sima Məmmədbəylinin, Cahangir Cahangirovun və bir çox başqalarının adları mədəniyyət, incəsənət tarixində şərəfli yer tutur.

Qabaqdan 1937-ci ilin məşəqqətli günləri gəlirdi. Hələ ki, ilin əvvəlləri sakit keçirdi. 30 aprel 1937-ci il Üzeyir bəyin həyatında ən əlamətdar, tarixləşəcək bir gün idi. Həmin günün axşamı Üzeyir bəyin "Koroğlu " operasının ilk tamaşası oynanılırdı. Koroğlu rolunda Bülbül çıxış edirdi. İlk dəfə idi ki, Üzeyir bəyin uzaqgörənliyi sayəsində tar və kamança notlu orkestrdə vətəndaşlıq hüququ qazanırdı. Təəssüf doğuran hal o idi ki, Cümhuriyyətdən əvvəlki və Cümhuriyyət dövründəki məsləkdaşları "Koroğlu"nin ilk tamaşaçıları sırasında deyildilər. İlk operasına dirijorluq etmiş Əbdürrəhim bəy dörd il idi ki, dünyasını dəyişmişdi, Əhməd bəy Ağaoğlu Türkiyəyə köçmüşdü, sevimli qardaşı Ceyhun bəy Əlimərdan bəy Topçubaşovla Parisdə keçiriləcək sülh konfransına getmiş, 28 aprel 1920-ci ildə bolşeviklər hakimiyyətə gəldiyi üçün vətənə dönməmişdi. Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadə də mühacirət həyatı yaşayırdı. Yanvar ayının ilk günlərindən 37-nin tuthatutu başlamışdı. Folklorşünas Hənəfi Zeynallı, professor Bəkir Çobanzadə həbs olunmuşdu, növbədə "Allah bilir daha kimlər vardı". Amma Hüseyn Cavid əfəndi hələ həbs olunmayıb, "Koroğlu"nun tamaşaçıları arasındadır. Sabahkı qəzetlərdə onun da fikirləri yer alacaqdır: "Koroğlu" operası Azərbaycanın opera aləmində öz revolyusion coşqunluğu ilə son dərəcə yüksək bir yer tutmaqdadır".

Dövlət filarmoniyasında böyük canlanma vardı. Bu da səbəbsiz deyildi. 1938-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti günləri keçiriləcəkdi. Bununla yanaşı, 37-nin məşəqqətli günləri başlamışdı. Belə təlatümlü vaxtda onun deputatlığa namizədliyi Naxçıvan MSSR-dən Millətlər Sovetinə verilmişdi. Elə bir vaxtda ki, xalqımızın milli ruhuna, əxlaqına yad-yabançı olan, "türkəm" deyənin qanına susayan Şerin, Qirqoriyanın, Markariyanın, Qalıstyanın, Ohanesiyanın, Avanesiyanın müstəntiqliyi ilə yüzlərlə ziyalılarımız, din xadimlərimiz, hərbçilərimiz güllələnirdilər, sürgün edilirdilər. Erməni olan kəs belə bir fürsəti əldən qaçırardımı?! Belə bir vaxtda Üzeyir bəylə rastlaşanda üzünə yaltaqcasına irişən filarmoniyanın yerli komitəsinin sədri Akopiyan niyə sakit oturmalıydı. Bu zatıqırıq eləməyib tənbəllik 22 noyabr 1937-ci ildə surəti Bakı Sovetindəki mərkəzi seçki komissiyasına, NKVD-yə iftira dolu bir məktub göndərmişdi. Yazırdı ki, "Üzeyir Hacıbəyovun şəxsiyyəti mənim ücün qaranlıqdı, qardaşı Parisə qaçıb ...himayə etdiyi sinifi dostları var". Axırda da yazırdı ki, "Üzeyir Hacıbəyovun gerçək üzünü aydınlaşdırmağı xahiş edirəm". Akopiyan unudurdu ki, Üzeyir bəyin bir üzü var.

Mənim bu olaylar barədə belə geniş söz açmağım da Üzeyir bəyin yüksək insani keyfiyyətlərinə görədir. Həqqiqətən çuğulçu erməni Akopiyanın yazdığı kimi, Üzeyir bəy iri neft sənayeçisi Nəcəf Əmiraslanovun qızı Qüdrət Əmiraslanovanı, qardaşı Nəsir Əmiraslanovun 1937-ci ildə həbs edilməyinə baxmayaraq, Dövlət xoruna solist götürmüşdü. Eləcə də sovet hökuməti qurularkən güllələnmiş polkovnikin qızı Sima Məmmədbəylini. Əlbəttə, Üzeyir bəy onları Dövlət xoruna atalarına görə yox, məlahətli səslərinə görə qəbul etmişdi. Amma şübhə etmək olmaz ki, Üzeyir bəy bu gənc xanımların kimlərin övladları olmasından xəbərsiz olub. Şübəsiz ki, olubdur. Ancaq mərhəmət hissi ehtiyatkarlığa qalib gəlib.

1988-ci ildə çuğulçu Akopiyanın cızmaqarasında adı hallanan milyonçu Nəcəf Əmraslanovun qızı Qüdrət xanımla görüşüb söhbət etmişdim. O, mənə Üzeyir bəyin xeyirxahlıqlarından danışmışdı. Akopiyanın Üzeyir bəy haqqında yazdığı böhtan dolu məktubun üstündən ona görə ölkə başçısı M.C.Bağırov sükutla keçmişdi ki, o zaman öz sahəsində yeganə şəxsiyyət idi.

1938-ci ildə Moskvada keçirilən ongünlükdə Üzeyir bəyin "Arşın mal alan" musiqili komediyası, "Koroğlu" operası böyük tamaşaçı məhəbbəti qazanmışdı. "Koroğlu" operasına dövlət adamları ilə yanaşı, ölkənin birinci şəxsi Stalin də baxmışdı və operadan çox xoşu gəlmişdi. O, hətta Üzeyir bəyə xüsusi diqqət göstərmişdi. Beləliklə, Üzeyir bəy o günə qədər başı üstündə hazır dayanan Damokl qılıncından xilas olmuşdu. Yaradanın lütfü ilə 37-nin gedər-gəlməzindən xilas olmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
14
525.az

1Источники