Yaradıcı şəxslərin istirahətinin təmin olunması üçün yaradılan hər bir imkan müsbət dəyərləndirilməlidir. Yaradıcılıq qurumlarının üzvü olan və olmayan şəxslərin hər birinin ayrıseçkilik edilmədən bu məkanlarda istirahətinə şərait yaradılmalıdır.
Məsələn, Azərbaycan Yazıçılar Birliyinin Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq Evinin təmirdən sonra açılışı oldu. Açılış mərasində Prezident İlham Əliyev də iştirak etdi. Əlbəttə, bu məkan dövlət büdcəsi hesabına, şəxsən Prezidentin diqqət və qayğısı sayəsində təmir olunub yenidən AYB-nin ixtiyarına verildi. Bu çox yaxşıdır. Yeri gəlmişkən, Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı və Bəstəkarlar İttifaqının üzvləri üçün"Şabran" İstirahət Kompleksi də fəaliyyət göstərir. Bu da müsbət haldır və yaradıcı şəxslərin istirahəti, sərbəst şəkildə yaradıcılıqla məşğul olmaları üçün gərəklidir.
Yaxşı olmazmı ki, AYB-nin S.Vurğun adına Yaradıcılıq Evindən eyni zamanda digər yaradıcılıq ittifaqlarının üzvləri - bəstəkarlar, rəssamlar, memarlar, heykəltəraşlar, jurnalistlər, ailimlər də istifadə etsin? Məsələn, jurnalistlərin, eləcə də elm adamlarının istirahət edəcəyi bir yaradıcılıq evləri yoxdur, eləcə də digərlərinin. Sözsüz, bu sahələrin hər birində təmsil olunanlar üçün ayrıca yaradıcılıq-istirahət evlərinin tikilməsi vacibdir. Təbii ki, indiki şəraitdə dövlət bunların hamısını təmin edə, hər sahə üzrə bir yaradıcılıq-istirahət evi tikə bilməz. Ammayaxşı olar ki, AYB-nin Yaradıcılıq Evindən jurnalistlər, alimlər, bəstəkarlar, rəssamlar və digərləri də istifadə etsinlər.
Elyar İslamoğlu: “...Elmi işçilər, jurnalistlər və digər yaradıcı şəxslər üçün də AYB-nin Yaradıcılıq Evində şərait yaradılarsa çox müsbət hal olar”
Filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu “Bakı-Xəbər”ə bildirdi ki, AYB-nin Yaradıcılıq Evinin təmirdən sonra açılması çox müsbət haldır. O vurğuladı ki, bu Yaradıcılıq Evindən başqa AYB-nin Şabranda istirahət kompleksi də var və yazıçılar, şairlər yaradılan imkanlardan istifadə edib həm dincələ, həm də işləyə bilirlər: “AYB-nin özünün binası da çox möhtəlşəmdir, mərkəzdə yerləşir, zalları da böyükdür, istənilən vaxt orda yaxşı tədbirlər keçirmək olur. Çox təəssüflər olsun, həmin məkanlardan yalnız yazıçı və şairlər istifadə edirlər. Çox arzu edərdim ki, AYB-nin yaradıcılıq evindən alimlər, rəssamlar, bəstəkarlar, jurnalistlər də istifadə edə bilsin, onlara da şərait yaradılsın. Eyni zamanda yaradıcılığın müxtəlif sahələrində olan çox istetdadlı gənclər də o Yaradıcılıq Evindən istifadə edə bilsinlər”.
E.İslamoğlu hesab edir ki, o yaradıcılıq evlərində jurnalistlərin, alimlərin ərsəyə gətirdikləri kitabların da təqdimatı keçirilə bilər. Eyni zamanda da E.İslamoğlu qeyd etdi ki, bu gün alim və jurnalistlərin daha çox dincəlməyə haqqı var. “Təbii ki, dövlət hər bir sahə üzrə ayrıca yaradıcılıq evləri təşkil edə bilməz. Odur ki, elmi işçilər, jurnalistlər və digər yaradıcı şəxslər üçün də AYB-nin Yaradıcılıq Evində şərait yaradılarsa çox müsbət hal olar. Çünki bizlərin də istirahətə ehtiyacımız var”-deyə E.İslamoğlu bildirdi.
Mətləb Salahov: “Jurnalistlərin də YaradıcılıqEvlərindən istifadəsi tam ədalətli və mediaya növbəti diqqət nümunəsi olardı”
“Nəcib Jurnalistlər” İctimai Birlyinin rəhbəri Mətləb Salahov da bildirdi ki, jurnalistlərin də YaradıcılıqEvlərindən istifadəsi tam ədalətli və mediaya növbəti diqqət nümunəsi olardı: “Azərbaycanda yaradıcı insanlara hər zaman dövlət qayğısı mövcud olub. Bu ənənə hələ ulu öndər Heydər Əliyevin ötən əsrin 70-80-ci illərdə Azərbaycana rəhbərlik etdiyi zamanlardan başlayır. Lap yenicə Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışı oldu. Bölgələrimizdə də yaradıcı insanlar üçün istirahət mərkəzləri fəaliyyət göstərir. Lakin burda diqqət çəkən incə nüans var. Cəmiyyətdə daima “yaradıcı insanlar” termini daha çox şair və yazıçılara şamil edilir. Əlbəttə, ədəbiyyatımızın əsas lokomotivi şair və yazıçılarımız sayılır. Buna sözüm yoxdur.
Amma söz yaradıcılığının memarı, cəmiyyətin güzgüsü, ictimai rəyi formalaşdıran dördüncü hakimiyyət sayılan qələm əhli-jurnalistlərimiz, gözəl rəsm tabloları ilə möhtəşəm incəsənət əsərləri yaradan rəssamlarımız da yaradıcı insanlardır. Xüsusilə medianın hazırkı internet əsrində cəmiyyətin informasiya lokomotivi olduğunu nəzərə alsaq, o zaman jurnalistikanın cəmiyyət üçün fikir formalaşdırılması baxımdan yaradıcı sahə olduğunu aydınca görə bilərik. Bu, açıq-aydın reallıqdır. Məncə, artıq jurnalistlərimizin və rəssamlarımızın da Yaradıcılıq Evlərindən, İstirahət Mərkəzlərindən səmərəli istifadə etmək vaxtı çoxdan çatıb. Düşünürəm ki, bu olduqca ədalətli mövqe və 150 illiyini qeyd edən Azərbaycan mətbuatına növbəti qayğının nümunəsi olardı”.
İradə SARIYEVA