ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Globalinfo.az İsrailin Qətərə hücumu ilə bağlı İsrailin İTON.TV telekanalının siyasi analitiki Aleksandr Qur-Aryedən müsahibə alıb.
Həmin müsahibəni təqdim edirik:
– İki gün öncə İsrail Qəzzada ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü atəşkəs təklifini qəbul etdiyini açıqlamışdı. Belə bir məqamda İsrail Qətərə hücum etdi. Bunu necə anlamaq olar?
– ABŞ prezidenti Donald Tramp HƏMAS-a bütün girovların azad edilməsini və bu müddət ərzində hərbi əməliyyatların dayandırılmasını sonuncu dəfə təklif etdi. O, şəxsən İsrailin danışıqlar dövründə və ondan sonrakı dövrdə hərbi əməliyyatları davam etdirməyəcəyinə zəmanət verdi. Yəni, yekun nizamlanma üzrə danışıqlar aparılır, amma eyni zamanda HƏMAS-ın silahı yerə qoymalı və Qəzzanı tərk etməli olduğunu vurğulayır. Bundan sonra İsrail dərhal bu təkliflə razılaşdığını açıqladı. Və təklif İsraillə əvvəlcədən razılaşdırılıb.
HƏMAS iki ildir ki, danışıqlarda əvvəlcə razılaşdıqlarını elan edir, sonra müxtəlif dəyişiklik və əlavələr edirlər. Bu dəfə də eyni cür hərəkət etdilər. Onu da vurğulayım ki, Dohada oturan HƏMAS liderlərinin əmlakı milyard dollarlarla ölçülür. Bu sərvət xeyirxah və həssas avropalıların, amerikalıların zəhmətlə qazandıqları pullarla Fələstin xalqının xoşbəxtliyi üçün topladığı ianələr hesabına formalaşıb. Bu pullar oğurlanır. Əgər bu onilliklər ərzində Qəzza üçün yığılan bütün pullar onun özünə yatırılsaydı, o zaman Qəzza yox, artıq Küveyt olardı. HƏMAS təklif qarşısında “fikirləşəcəyik” dedi. Tramp, onlar bu təklifdən imtina edərsə, çox pis bir şey baş verəcəyini açıqladı. O, prinsipcə, ən böyük dövlət – Birləşmiş Ştatların prezidenti kimi dolayı yolla da olsa, birtəhər terrorçularla danışıqlar aparmalı idi. Ona görə də növbəti bəhanə gələndə Tramp yaşıl işıq yandırdı.
– Trampın hücumla bağlı məlumatı olduğu deyildi. Və Qətər bu barədə məlumatın ona hücumdan 10 dəqiqə sonra verildiyini deyir. Bunu necə izah edərdiniz?
– Onların Qətərdə məhv edilməsi üçün həyata keçirilən əməliyyat bir neçə aya hazırlanmışdı. Hücumun indi baş verməsi Trampın qərarı idi və buna srağagün baş verən dəhşətli terror aktı, Qüdsdə avtobus dayanacağında insanların güllələnməsi də müəyyən dərəcədə təsir göstərib. HƏMAS bu terror aktına görə məsuliyyəti rəsmən öz üzərinə götürdü və bir neçə dəqiqə sonra hücum baş verdi. Aydındır ki, bu təsadüfdür. Amma cinayətin ardınca dərhal cəza gəlmiş oldu.
Təbii ki, bu barədə Qətərə məlumat verilib. Hücumdan təxminən 10 dəqiqə sonra xəbər verilməsi barədə yayımladıqları məlumat tamamilə cəfəngiyatdır. Bütün bu əməliyyat ABŞ, Səudiyyə Ərəbistanı və İordaniya ilə razılaşdırılıb. Xəritəyə baxın, İsrail təyyarələri İordaniya və Səudiyyə Ərəbistanı ərazisi üzərindən uçub və heç bir hava hücumundan müdafiə sistemi onları saxlamağa çalışmayıb və onlar sakit tərzdə geri qayıdıblar. Misir, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Qətərlə münasibətləri çox mürəkkəbdir və hətta İsrailin bu zərbəni vurmasına müəyyən dərəcədə sevindilər.
Hücuma bir gün qalmış beynəlxalq media HƏMAS-ın danışıqlar qrupu və Qətər baş nazirinin görüşməsi barədə məlumat verdi. Əl-Cəzirənin məlumatına görə, baş nazir Trampın təklifini qəbul etməsi üçün HƏMAS-a təzyiq göstərib. O, ABŞ dövlət katibinə və Uitkofa zəng edərək danışıqların heç bir nəticə vermədiyini deyib. Hücumun baş verməsinə bu da təsir edib.
Aleksandr Qur-Arye
– İsrailin Dohaya hücumu sizcə hansı nəticələri doğuracaq?
– Nəticələr haqda indidən danışmaq çətindir. Qətər hücumdan sonra vasitəçilik cəhdlərini dayandırdığını dedi. İsrail isə bu rol üçün Misiri seçdi. Çox keçmədən Qətər yeni açıqlamasında Fələstin xalqını çox sevdikləri və müharibənin davam etməsindən narahatlıq duyduqları üçün yekun razılaşma əldə olunsun deyə yenidən vasitəçilik etməyə hazır olduğunu dedi.
Aydındır ki, hazırda İsrail və Qətər arasında münasibətlər müəyyən qədər gərgindir. Lakin bizim ekspertlərin fikrincə, ciddi heç nə baş verməyəcək. Qonşularımız olan sünni Ərəb dövlətləri də qeyd etdiyim kimi, vəziyyətdən məmnundurlar və səslənən simvolik bəyanatlardan başqa heç nə gözlənilmir. Heç kim “İbrahim Razılaşmaları”ndan çıxmaq fikrində deyil. Onu da qeyd edim ki, müharibə başlayandan bəri heç kim “İbrahim Razılaşmaları”ndan çıxmayıb.
– Son dövrdə Türkiyə-İsrail gərginliyi artıb. Prezident Ərdoğan Suriyanın bütövlüyü ilə bağlı açıqlamasında SDG/YPG-nin Suriya hökumətinə inteqrasiya öhdəliklərini yerinə yetirmədiyini dedi. Ərdoğanla MHP lideri Dövlət Baxçalının görüşündə qılınc mesajı verildi. Türkiyə və İsrail arasında hərbi qarşıdurma mümkündürmü? Türkiyə-İsrail münasibətləri hansı məcrada davam edəcək?
– İsrailin Suriyada Türkiyə ilə maraqları toqquşur. Türkiyə uzun zamandır ki, Suriyanın şimal hissəsində genişlənir. Orada türk administrasiyası var, türk pulu dövriyyədədir. Türkiyə cənuba doğru təsirini genişləndirmək, oradan rus bazalarını çıxarmaq, İsrail sərhədinə çatmaq istəyirdi. İsrail, Rusiyanın bazalarının burada saxlanmasına icazə verilməsi üçün Suriya hökuməti qarşısında lobbist fəaliyyəti göstərib. İsrail türklərin gəlməsindənsə, rusların orada qalmasını daha üstün tutur.
Hərbi münaqişəni tam istisna etmək olmaz, amma bu ehtimal çox azdır. Türkiyə NATO dövləti kimi təşkilatın razılığı olmadan müharibə başlada və ya onu bitirə bilməz. Və İsrailin hərbi hava qüvvələrinin gücünü İran və husilərə qarşı həyata keçirilən bombardmanlar da sübut etdi. Yaxın Şərqdə və dünyada heç bir aviasiya qüvvələri belə bir şey etməyib. Ərdoğan bunu anlayır. Türkiyə iqtisadiyyatı böhran vəziyyətindədir, inflyasiya çox yüksək həddədir. Bu, elektorata təsir edir. Ərdoğanın bu cür çıxışlarından sonra Türkiyə birjaları bir neçə günlük çökür. Amma onun necə hərəkət edəcəyini də öncədən söyləmək mümkün deyil.
Gülnar Səlimova
Globalinfo.az
İstanbul
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.