RU

Azərbaycanda əzbərçilik, İtaliyada analiz öyrədilir – Diaspor fəalı təhsil fərqlərindən DANIŞDI

Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır. Onlar fərqli istiqamətlər üzrə fəaliyyət göstərirlər. 

Xaricdəki azərbaycanlılar həm də ictimai-mədəni təşəbbüsləri, təşkilatlanma işləri və şəxsi uğurları ilə Azərbaycanı təmsil edirlər. Şon zamanlar soydaşlarımızın fəaliyyəti yaşadıqları ölkələrin ictimai mühitinə də təsir göstərir, Azərbaycanın beynəlxalq miqyasda tanıdılmasına mühüm töhfə verir.

AzEdu.az xəbər verir ki, Modern.az saytının start verdiyi “Diasporun səsi”layihəsi məhz bu mövzunu diqqət mərkəzinə gətirir. Layihə çərçivəsində xaricdə yaşayan azərbaycanlılarla müsahibələr təqdim olunacaq, onların gündəlik həyatı, mədəniyyətimizi yaşatmaq istiqamətində gördükləri işlər, yaradıcı təşəbbüsləri və ictimai fəaliyyətləri barədə geniş məlumat veriləcək.

Layihədə həm onların şəxsi hekayələri, həm də Azərbaycan diasporunun ümumi mənzərəsinə aid nüanslar əksini tapacaq.

Əsas məqsəd cəmiyyətimizə müxtəlif ölkələrdəki azərbaycanlıların fəaliyyətini tanıtmaq, onların uğurlarını işıqlandırmaq və diasporla bağlı ictimai bilgiləri artırmaqdır. 

Eyni zamanda, bu yazılar vasitəsilə ölkəmizdəki insanlar xaricdəki soydaşlarımızla bağlı daha dolğun təsəvvür əldə edəcək, onların diasporumuzun fəaliyyət dairəsi barədə məlumatlılığı artacaq. Çünki əksər vaxtlarda xaricdə Azərbaycan üçün fədakarlıq göstərən soydaşlarımızın fəaliyyəti barədə cəmiyyətimiz xəbər tuta bilmir. Bu layihə ilə həm də xaricdəki soydaşlarımıza stimul vermiş olacağıq. 

Layihəmizin ilk təqdimatı İtaliyada aktiv fəaliyyət göstərən azərbaycanlı gənc Toğrul Əliyevə həsr olunur. Hazırda Genuya şəhərində yaşayan Toğrul Əliyev dənizçilik və logistika üzrə beynəlxalq şirkətin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsində çalışır. 


O bu ilin 3-9 avqust tarixlərində Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilən Diaspor Gənclərini Vl Yay Düşərgəsində iştirak edən 100-dən artıq azərbaycanlı gənc arasında olub. 

Həmsöhbətimiz öncə italiyalıların həyat tərzinin fərqliliyindən söhbət açıb. Qeyd edib ki, gündəlik həyatda rahat olmaq, stresdən kənar, hər şeyi vaxta buraxmaq ilk zamanlar onun üçün çətinlik yaratsa da, daha sonra buna alışıb:

“2021-ci ilin oktyabrında təhsil almaq üçün İtaliyaya getdim. Əvvəllər Türkiyədə yaşamışam. Lakin ilk dəfə idi ki, dil, din, həm də güclü mədəni fərqlililkləri olan ölkəyə gəlmişdim. Genuya şəhərində azərbaycanlılar az idi, burada soydaşlarla əlaqə qurmaq imkanım olmadı, şəhərlə bağlı məlumatım da çox kasad idi. Hər şeyi özüm yavaş-yavaş qazandığım təcrübə ilə öyrənməyə başladım. İlk vaxtlar dil çətinliyim var idi. Baxmayaraq ki, Genuya beynəlxalq logistika şəhəridir, amma italiyalılar xaricilərə və digər dillərə qarşı o qədər də açıq deyillər, bu sahədə müəyyən stereotipləri var. 21 yaşımda burada onlarla iş görmək üçün dili öyrənməli idim. 
Bundan başqa, bürokratik problemlərlə daha çox qarşılaşdım. Çünki biz hər şeyi praktiki olaraq tez həll etməyə öyrəşmişik, bizim praktiki zəkamız üstündür. Ona görə də, burada işlərin ləng getməyi, italiyalıların səbrli olması, gözləmə mədəniyyəti mənə də səbri öyrətdi. İtaliya mədəniyyətinə daxil olmaq sənə yavaş həyat tərzinə adaptasiya olmağı öyrədir. Praktik imkanları geniş olan mədəniyyətdə böyüyən gənc kimi bu, mənim üçün ciddi çətinlik idi. Çünki ən elementar işlər belə günlərlə, hətta aylarla vaxt aparırdı. Ancaq zamanla bu, xoşuma gəlməyə başladı. İtaliyalılar uzunömürlü insanlardır. Burada həyat tərzinin də payının olduğunu düşünürəm”. 

"İtaliyalılar biləndə ki, azərbaycanlıyam ölkəmizlə bağlı çoxlu suallar verirdilər"

“Yaşadığım ərazidə Cənubi Qafqazla bağlı məlumatı olan az adam tapdım. Sıravi insanların ölkəmizlə bağlı fikirləri daha az idi. Azərbaycanlı olduğumu bildikdən sonra isə mədəniyyətimiz, regionumuz, dilimizlə bağlı mənə çoxlu suallar verirdilər. Suallara da həmişə dolğun cavab verməyə çalışdım. Düşünürdüm ki, qarşımdakı insan ilk dəfə mənim ölkəm və regionumla bağlı məlumat alacaq. Bunun məsuliyyətini hər zaman hiss etmişəm və çalışmışam ki, onlarda Azərbaycanla bağlı obyektiv, dolğun, ətraflı fikir formalaşdırım. 

Bunda da bacarıqlı olduğumu düşünürəm. Çünki ilk dəfə məndən Azərbaycan haqqında öyrənən dostlarım, iş yoldaşlarım, çevrəm ölkəmizlə bağlı çox pozitiv və maraqlı faktları araşdırıb bunu mənimlə müzakirə ediblər. Hətta mənim bir neçə dostumun musiqi pleylistində artıq Azərbaycanın klassik musiqiləri də var. Hər zaman orta yaşlı italiylılar muğamla bağlı mənə sual verirlər, bununla bağlı onlara videolar da göndərmişəm və musiqimizi çox bəyəndiklərini hər dəfə deyirlər”. 

"Menecerim Azərbaycan bayrağını ofisindən asıb"

“Musiqinin ümumbəşər anlayış olduğunu düşünürəm, orada keçən sözlər başqa insanlar tərəfində tam anlaşıla bilməsə də, onun melodiyası, tonları insanlarda həmin ölkə, oranın insanları, dəyərləri ilə bağlı fikirlər formalaşdırır. Ona görə də mən hər zaman Azərbaycanla bağlı danışarkən musiqimizi xüsusi ilə vurğulayıram. Azərbaycan musiqisi tayı-bərabəri olmayan sərvətdir və hər zaman musiqimizlə üstün etnik kimliyimizi tanıtmağa çalışmışam. Bundan hər zaman pozitiv geridönüşlər almışıq. Burada insanlara Üzeyir Hacıbəyli, Niyazi, Müslüm Moqomayev, Qara Qarayevin musiqilərini dinlədirəm, çox təsirlənirlər və mən bundan sonra Qarabağ, musiqinin kökü, tarix və milli-mənəvi dəyərlərimiz haqqında danışmağa başlayıram. Sanki bu yanaşma onlara Azərbaycanla bağlı praktiki təcrübə şansı verir. 

Həmçinin Azərbaycana gələndə anamdan xahiş edirəm ki, şəkərbura, paxlava bişirsin və İtaliyaya qayıdanda dostlarımı, iş yoldaşlarımı həmin şirniyyatlara qonaq edirəm. Onlar da mənə dönə-dönə tapşırırlar ki, hər Azərbayacandan dönəndə yenidən şəkərbura və paxlava gətirim. 

Qayıdarkən dostlarıma Azərbaycanla bağlı xüsusi hədiyyələrim də olur. Ölkəmizlə bağlı nəyi təqdim edə bilərəmsə, onları hədiyyə kimi dostlarıma verirəm. Hətta məzuniyyət günümdə Azərbaycan bayrağını menecerimə hədiyyə etmişdim. Çünki bayrağımızın rənglərinin harmoniyası, ay və ulduzun gözəlliyi onu cəlb etmişdi, hələ də bayrağımız onun ofisində asılıdır”. 

"Azərbaycan təhsil sistemi ilə İtaliya təhsil sistemi tamamilə fərqlidir"

“İtaliyada təhsil bütün pillələrində əsasən üz-üzə, birbaşa tələbənin şəxsi fikrinə yönəlmiş sistemdir. Azərbaycanda olan yazılı imtahanlar, testlər və s. kimi metodlardan mümkün qədər az istifadə olunur, hətta universitetlərdə ümumiyyətlə istifadə olunmur. Tələbələr professorlarla qarşı-qarşıya əyləşərək, qoyulan məsələ ətrafında müzakirə aparırlar. Hətta burada imtahanlarda kitabdan əzbərlənmiş cavablar versəniz, nəticəniz məqbul hesab olunmayacaq. Tələbədən müxtəlif nümunələrlə bunu praktikada necə həyata keçirə biləcəyi soruşulur. Bir sualla imtahanı bitirmək çətindir, çünki cavablardan başqa suallar da doğur. Bəzən imtahanların müddəti 1 saata qədər çəkə bilir. 08:30-da imtahana girib axşam saat 6-da imtahandan çıxdığımı xatırlayıram. 
“ERESMUS + mənim təhsil həyatımda və ilkin karyera addımlarımda ən mühüm addım idi. İndiyədək verdiyim ən doğru qərarlardan biri bu proqrama qatılmaq oldu. Fərqli mədəniyyətləri öyrənmək, insanlar tanımaq, işləmək, eyni zamanda rəqabətyönümlü mühitdə çalışmaq və milli-mədəni dəyərləri başqa mədəniyyətlərlə qarşılaşdırmağı məhz bunun sayəsində öyrəndim”, - deyə həmsöhbət olduğumuz diaspor fəalı qeyd edib. 



"Harada olursa-olsun, mən bütün gənclərə mütləq şəkildə təhsil almağı tövsiyə edərdim"


“Təhsil həyatda əsas gücdür, çünki təhsilsiz insan zəif olur, daha çox problemlərlə üzləşir. Bunun da başlıca səbəbi insanları və dünyanı anlamaq, azad ola bilməməkdən irəli gəlir. Çünki təhsil azadlıq, güc və qabiliyyətdir. Ona görə ilkin tövsiyəm budur. Bundan başqa imkanları varsa - burada sadəcə maddi imkandan söhbət getmir, çünki mən özüm də maddi imkanları o qədər də yüksək ailədə doğulmamışam. Ancaq ailəm təhsilim üçün müəyyən imkanları mənə vermək üçün qurbanlar veriblər. Buna görə onlara hər zaman minnətdaram. Aillələrə də nəsə demək imkanım olsaydı deyərdim ki, nələrisə qurban vermək olar, amma təhsili heç nəyə qurban vermək olmaz -  xaricdə təhsil daha yaxşı olar. Amma sırf xaricə getmək, orada təhsil almağı düşünüb həmin  yolla getməməlisən. Olmaq istədikləri insan portretini gözlərinin qarşısında canlandırsınlar və özlərini hansı sahədə görürlərsə, inkişaf etdirmək istəyirlərsə, o imkanları onlar üçün açacaq ölkədə, o sahə üzrə təhsil alsınlar. Sadəcə sırf "xaricdə təhsil alım" düşüncəsi vaxt itkisinə gətirib çıxarır. Şəxs gələcəkdə olmaq istədiyi insana töhfə verəcək imkanlara yönəlməlidir. Bu hansı ölkədəki hansı universitetdədirsə, dəqiq araşdırılmalıdır. Getdikləri yerdə, olduqları ölkədə ən yaxşısı olmağa çalışsınlar. Bu, ən çətinidir. Çünki siz ora getdikdə lokal dil, milli-mənəvi dəyərlərdən məlumatsız olursunuz. İlk başda qarşılaşdıqları çətinliklərdən məyus olmasınlar, öz güclərinə, daxillərindək inanca söykənsinlər. Öz imkanlarını təhsil aldıqları ölkənin imkanları ilə birləşdirsələr, ortaya çox gözəl nəticələr çıxacaq”. 

"Hər uşaq ailəsinin güzgüsü olduğu kimi, biz də Azərbaycanın güzgüsüyük"

“Mən 2017-ci ildən etibarən xaricdə yaşayıram. İlk dəfə Türkiyəyə getmişəm, iki il sonra artıq 10 il olacaq ki, gəncliyimin müəyyən hissəsini xaricdə tamamlayacam. Burada oxuyan, çalışan biri kimi Azərbaycanı xaricdə təmsil etmək mənim ən böyük amalım olub. Çünki harada oluramsa olum, bir Toğruldan çox, bir azərbaycanlı olaraq tanındığımı düşünürəm. 

Bunu bildiyim üçün hər hərəkətim, sözümlə qatıldığım lokal, beynəlxalq simpoziumlarda, proqramlarda, danışacağım hər yerdə bir azərbaycanlı olaraq ölkəmizi daha nə qədər irəlidə, yüksəkdə, multikultral dəyərləri olan ölkə kimi göstərə bilərəm, onu düşünmüşəm. Amalım bundan ibarətdir. Azərbaycan xaricdə azərbaycanlı ilə təmsil olunur, necə ki, müəllimlər demişkən, hər uşaq ailəsinin güzgüsü olduğu kimi, biz də Azərbaycanın güzgüsüyük. Mən də bunu bilirəm və inanıram. O güzgünü nə qədər parlaq, işıqlı tuta bilərəmsə, o qədər xoşbəxtəm. Çünki ona baxan hər bir xarici vətəndaş orada ən gözəl əksi görməlidir, bu halda ona baxanda Azərbaycanı ən yaxşı şəkildə tanıyacaq”. 

"Hamı Diasporla İş üzrə Dövlət Komitəsini özünün dayağı hesab edir"

“Xaricdə olan azərbaycanlı olaraq burada səfirliyin keçirdiyi xüsusi günlərlə bağlı tədbirlərdə iştirak edirəm. Əlaqələrimi buradakı azərbaycanlılarla daha da möhkəmləndirməyə çalışıram. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə əlaqələrimi gücləndirirəm. Mütamadi olaraq  keçirilən görüşlərdə, layihələrdə, Azərbaycan adına təşkil olunacaq bütün fəaliyyətlərdə təmsil olunuram. 

Yaxın günlərdə İtaliyanın Milan şəhərində Azərbaycan mədəniyyət evinin açılmasına nail olacağımıza inanırıq. Burada da Diasporla İş üzrə Dövlət Komitəsinin güclü səyləri var. Dövlət Komitəsi xaricdəki soydaşlarımızla çox yaxşı işləyir. Müraciətlərimizə anında cavab verilir. Əksər ölkələrdə yaşayan, təhsil alan azərbaycanlı gənclərlə geniş əlaqəm var. Hamı Diasporla İş üzrə Dövlət Komitəsini özünün dayağı hesab edir. Əlbəttə ki, bu da dövlətimizin xaricdəki azərbaycanlılara olan qayğısı kimi qəbul edilir.

Onu da bildirim ki, bu ilin avqustunda azad edilmiş Xankəndi şəhərində keçirilən Diaspor Gənclərinin VI yay düşərgəsində iştirak etdim. Xaricdən 100-dən artıq gəncin iştirakı ilə keçirilən tədbir bizim üçün ayrı bir dünya oldu. Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlı gənclərin şəbəkələşməsi, ölkəmiz barədə geniş məlumatların əldə edilməsi, 44 günlük Vətən müharibəsinin yaratdığı yeni həqiqətlərin öyrənilməsi və xaricdə yayılması baxımından bu düşərgə əvəzsiz imkan idi. Öz adımdan, dostlarım adından təşkilatçılara təşəkkürlərimi çatdırıram. Düşərgə üzərimizə daha ciddi fəaliyyət göstərmək məsuliyyəti qoyub. Biz bütün bunların öhdəsindən gələcəyik.

Qarabağı hiss etmək, ətrini duymaq, Şuşanı, Xankəndini görmək bəlkə də bugünə qədər yaşadığım ən gözəl hiss idi. Millətim, xalqım adına qürurlu idim, məğrur, qalib və başıdik bir Azərbaycan gənci kimi Qarabağa ayaq basmışdım. İşğal illərində Qarabağ həqiqətlərini, xalqımızın çəkdiyi ağrı-acıları xaricdə yaşadığım müddətcə hər zaman dilə gətirmək və dünya ictimaiyyətinə çatdırmaq üçün mübarizə aparan bir gənc olmuşam. İndi isə həmin gənc Qarabağda idi, özü də düz Xankənidə, Şuşada, Cıdır düzündə! Və bu qüruru yaşadığım anlarda gözlərim yaşarırdı, ona görə ki, bizə bu yolu açan, bizi Qarabağa gətirən əziz şəhidlərimizin keçdiyi o böyük və əzəmətli yol düz gözümün önündə idi. Boğaz düyürlənir, gözlər yaşarırdı. Qazilərimiz və şəhid analarımızla görüşdük, uzun-uzun söhbət etdik. 

Bu düşərgə mənim üçün bir dönüm nöqtəsi oldu. Həm vətənə olan bağlılığımın güclənməsi, bir daha öz mənliyimdə təsdiqini tapması nöqteyi-nəzərindən, həm də şəxsi inkişafım, bilik və bacarıqlarımın artması baxımından. Eyni zamanda onu da qeyd etməliyəm ki, bu düşərgə mənə daha çox işləmə, daha fəal olma və harada vətənimin adı çəkilirsə, orada bütün gücümlə çalışma ilhamı verdi. Vətənə və dövlətə olan sevgimi, inamımı və sədaqətimi daha da gücləndirdi”. 

"Burada qazandığım bütün təcrübə, həm də Azərbaycan üçündür"

“Vətənini qəlbində daşıyan, sevən gənclər kimi, mənim üçün də gələcək planlarımın hər hissəsində Azərbaycan var. Təbii ki, gələcəkdə Azərbaycanda fəaliyyət göstərmək istəyərəm. Hər hansı sahədə dövlətimizə-xalqımıza xidmət edə, onun güclənməsi, inkişaf etməsi, mədəni-siyasi fəaliyyətlərində yer ala bilərəmsə, bu, mənim üçün böyük şərəf ola bilər. Onu da qeyd etməliyəm ki, Azərbaycan gənci harada ölkəsini daha yaxşı, üstün, geniş imkanlarla təmsil edə bilərsə, orada qalması daha yaxşıdır. Təki çalışdığı sahədə fəaliyyətini genişləndirib Azərbayacana da yer versin. Mənim fəaliyyət və düşüncəmin əsasında bu dayanır. Harada oluramsa olum,  Azərbaycanla bağlı işləmək üçün bir imkan tapmağa çalışıram. Bunu da Diasporla İş üzrə Dövlət Komitəsi təşviq edib. Tək mən deyil, əksər gənclər belə düşünür”. 

Toğrul Əliyevin qısa tərcümeyi-halı:

Əliyev Toğrul Teymur oğlu 12 aprel 2000-ci ildə Qəbələdə doğulub. Orta təhsilini Qəbələ rayonunun Həmzəli kəndindəki tam orta məktəbdə alıb. 8-ci sinifdən təhsilini Bakı şəhərindəki 242 saylı tam orta məktəbdə davam etdirib. Bakalavr təhsilini Türkiyənin Karabük Universitetində dövlət idarəçiliyi və siyasi elmlər ixtisası üzrə İqtisadi və idarəetmə elmləri fakültəsində alıb. 2021-ci ildə İtaliyanın Genuya Universitetinin Beynəlxalq əlaqələr və siyasi elmlər fakültəsinin beynəlxalq əlaqələrdə təhlükəsizlik məsələləri və diplomatiya ixtisasına magistratura səviyyəsi üzrə qəbul olunub. 
2024-cü ildə magistr təhsilini tamamlayıb. 2021-2024-cü illərdəki təhsil müddətində üç dəfə ERASMUS + təcrübə layihələrində təcrübəçi olaraq Litvia, Polşa və Hollandiyanın müxtəlif şirkətlərdə təcrübə keçib.

Избранный
10
3
azedu.az

4Источники