Tural İsmayılov: "Şirkətin gələcək addımları və Avropa İttifaqının məhdudiyyətlərinin miqyası məsələnin əsas həlledici amili olacaq"
İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, 19-cu sanksiyalar paketinin bu ilin sentyabrında qəbul edilməsi planlaşdırılır. Avropalı diplomatlar arasında Politico-nun dörd mənbəsinə görə, Rusiyanın enerji resurslarının satışına yeni ciddi məhdudiyyətlərin də daxil ediləcəyi gözlənilmir.
Bloomberg agentliyi mənbələrə istinadən iddia edir ki, Aİ ölkələri altı bank və enerji şirkətinə məhdudiyyətlər, o cümlədən "Rosneft" və "LUKoil"-a qarşı daha sərt sanksiyalar tətbiq edə bilər.
Məlum olduğu kimi, "LUKoil" Azərbaycanda da fəaliyyət göstərir. Əgər "LUKoil"-a qarşı da sanksiya tətbiq ediləcəksə, bunun "LUKoil"-un Azərbaycandakı fəaliyyətinə hansı formada təsirləri ola bilər?
Baki-xeber.com nəşrinin sualını cavablandıran siyasi şərhçi Tural İsmayılov bildirdi ki, Avropa İttifaqının “LUKoil”a qarşı sərtləşdirilmiş sanksiyaları qəbul olunarsa, bu, şirkətin beynəlxalq fəaliyyət dairəsinə birbaşa təsir göstərə bilər: "Belə məhdudiyyətlər ilk növbədə maliyyə əməliyyatlarının çətinləşməsi ilə müşayiət olunur. Bank sektoruna qoyulan qadağalar “LUKoil”un müxtəlif ölkələrdəki əməliyyatlarını, o cümlədən investisiya mexanizmlərini çətinləşdirəcək.
Bundan başqa, texnologiya və avadanlıq idxalı ilə bağlı sanksiyalar enerji layihələrinin icra tempinə təsir edər ki, bu da şirkətin fəaliyyətində müəyyən ləngimələrə səbəb ola bilər. Digər tərəfdən, sanksiyaların hədəfi əsasən Rusiyanın gəlir mənbələrini daraltmaqdır, buna görə də sanksiya tətbiq edilərsə, digər şirkətlər kimi “LUKoil”un beynəlxalq bazarda manevr imkanlarını məhdudlaşacaq.
Qeyd edilməlidir ki, sanksiyalar şirkətin hər bir ölkədəki fəaliyyətinə eyni dərəcədə təsir göstərməyə bilər. Həmin təsirlər daha çox maliyyə dövriyyəsi, əməkdaşlıq formaları və tərəfdaş ölkələrin hüquqi çərçivələrindən asılı olacaq. Əlavə olaraq, “LUKoil”-un öz strateji qərarları da bu prosesdə həlledici rol oynaya bilər.
Yəni sanksiyalar fəaliyyətin tam dayanması anlamına gəlmir, lakin əlavə inzibati və maliyyə maneələrinin yaranması ehtimalı yüksəkdir. Şirkətin gələcək addımları və Avropa İttifaqının məhdudiyyətlərinin miqyası məsələnin əsas həlledici amili olacaq. Bu səbəbdən prosesə ehtiyatla yanaşılır və nəticələrin çoxsahəli qiymətləndirilməsi vacibdir".
Ekspert onu da qeyd etdi ki, "LUKoil" əsasən Abşeron qaz-kondensat yatağı, "Şahdəniz" layihəsi, həmçinin ticarət və yanacaq satışı sahələrində fəaliyyət göstərir, Azərbaycanın enerji ixracı üçün vacib olan layihələrdə payı nisbətən böyükdür: "Məsələn, “Şahdəniz”də "LUKoil"un payı 19,99%-dir. Əgər Aİ bankları "LUKoil" ilə işləməyi dayandırsa, şirkətin Azərbaycandakı əməliyyatlarının maliyyə dövriyyəsi daha çox Rusiya, Çin və ya yerli banklara yönələcək. Bu isə əməliyyat xərclərini artıra bilər. Avropa şirkətlərinin "LUKoil"la əməkdaşlığı məhdudlaşdırılarsa, Azərbaycandakı layihələrdə istifadə olunan bəzi avadanlıq və texnologiyaların gətirilməsi çətinləşə bilər.
"LUKoil"un Azərbaycandakı hasilat payı əsasən ixraca yönəlir. Avropa bazarında məhdudiyyətlər onun qaz və neft satışında problemlər yaradarsa, Azərbaycan SOCAR vasitəsilə bu ixracı başqa istiqamətlərə yönləndirə bilər.
Yəni qısamüddətli dövrdə "LUKoil"un Azərbaycandakı fəaliyyətinə kritik zərbə gözlənilmir, çünki layihələr birbaşa Azərbaycan hökuməti və beynəlxalq konsorsiumlarla bağlıdır.
Amma orta və uzun müddətdə maliyyə, texnologiya və ixrac məhdudiyyətləri səbəbindən "LUKoil"un Azərbaycandakı payı və təsir imkanları zəifləyə bilər.
Bu isə SOCAR və Qərb şirkətlərinin mövqelərini nisbətən gücləndirə bilər".
Akif NƏSİRLİ