RU

ABŞ-la Azərbaycan 8 avqustdan sonra daha bir mühüm qərar verdi - ilin sonunda...


Əli Mustafa: “Bu o deməkdir ki, ABŞ Cənubi Qafqazda Azərbaycana xüsusi önəm verir”

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə Bürosunun baş nümayəndəsi Brenden Hanrahanın Bakıya və İrəvana səfəri 8 avqustda ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Cənubi Qafqazda sülhün yeni bir dövrünü açmış tarixi görüşünün davamıdır. Bu barədə ABŞ səfirliyindən bildirilib.

“Səfər çərçivəsində B.Hanrahan Prezident Tramp və onun həmkarları tərəfindən imzalanmış ikitərəfli Anlaşma Memorandumlarının icrası məqsədilə cari ilin sonunadək hər iki ölkə ilə ilk işçi qrupların toplanacağına dair planları elan etdi”, - deyə səfirlikdən qeyd ediblər.

Diplomatik nümayəndəlikdən bildirilib ki, Bakıda Hanrahan ABŞ və Azərbaycan arasında ilk dəfə yaradılacaq Strateji Tərəfdaşlığın əsasını təşkil edəcək Strateji İşçi Qrupunun nizamnamə layihəsini təqdim edib. Təşəbbüsün məqsədi regional əlaqəlilik, iqtisadi investisiyalar və təhlükəsizlik məsələlərində əməkdaşlığın inkişaf etdirilməsidir.

Diplomatik nümayəndəlikdən qeyd olunub ki, Hanrahan Bakıda ABŞ və Azərbaycan arasında ilk dəfə təsis ediləcək Strateji Tərəfdaşlığın əsasını təşkil edəcək strateji işçi qrupunun nizamnaməsinin ilkin layihəsini təqdim edib. Təşəbbüsün məqsədi regional əlaqəlilik, iqtisadi investisiyalar və təhlükəsizlik məsələləri sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.

“O, həmçinin, Prezident Trampın 907-ci düzəlişin ləğvi ilə bağlı qərarı fonunda təhlükəsizlik sahəsində gələcək ikitərəfli əməkdaşlıqdan danışdı. Biz Ermənistan və Azərbaycan rəsmiləri arasında sərhədlərin delimitasiyası, minalardan təmizləmə və TRIPP təşəbbüsünü dəstəkləmək məqsədilə infrastrukturun inkişafı ilə bağlı son məzmunlu danışıqlar barədə xəbərləri alqışlayırıq. ABŞ-nin rəhbərlik etdiyi birgə səylər bu proseslərlə yanaşı, özəl investisiyaları cəlb edəcək və Ermənistan, Azərbaycan və bütövlükdə region üçün yeni rifah dövrünü başladacaq”, - deyə səfirlikdən bildiriblər.

Görünən odur ki, ABŞ-Azərbaycan əməkdaşlığında 8 avqust razılaşmasından sonrakı böyük bir dövrün əsas konturları hazırlandı. İlin sonunda isə strateji tərəfdaşlıqlar üzrə işçi qrupların toplanması qərarlaşdırıldı.

“Prezident imzalanmış sənədlərə önəm verir və onların reallaşması, yarımçıq işlərin başa çatdırılması üçün zəruri tədbirlər görür”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi şərhçi Əli Mustafanın fikrincə, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə Bürosunun baş nümayəndəsi Brenden Hanrahanın Bakıya və İrəvana səfəri onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar Cənubi Qafqazla əməkdaşlığa xüsusi önəm verir: “Vaşinqtonda avqustun 8-də imzalanan razılaşmalar və digər sənədlər, o cümlədən ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlığa dair razılaşmanın hazırlanması üçün işçi qrupun yaradılması önəmli hadisədir. Hətta işçi qrupun nizamnaməsinin, layihənin Azərbaycana təqdim edilməsi onu deməyə əsas verir ki, ABŞ Cənubi Qafqazda Azərbaycana xüsusi önəm verir. O üzdən, strateji tərəfdaşlığın hazırlanması üçün lazım olan işlər görülür. Eyni zamanda burada bir neçə istiqamət üzrə işlər görülür. Əlaqəlilik, investisiya, təhlükəsizlik məsələlərinin xüsusilə önə çəkilməsi bir daha onu deməyə əsas verir ki, region Birləşmiş Ştatların strateji maraqlarına daxildir. Prezident imzalanmış sənədlərə önəm verir və onların reallaşması, yarımçıq işlərin başa çatdırılması üçün zəruri tədbirlər görür. Məhz Dövlət Departamentinin Avropa və Avrasiya üzrə Bürosunun baş nümayəndəsinin gəlişi də bundan qaynaqlanır. Nəzərdə tutulan tədbirlərin, razılaşmaların həyata keçirilməsi istiqamətində artıq fəaliyyətlər var. Eyni zamanda 907-ci düzəlişin ləğvi ilə bağlı razılaşma da önəmli əhəmiyyət kəsb edir. Təbii ki, Zəngəzur dəhlizi (Tramp yolu) ilə bağlı işlərin görülməsi də vacib məsələdir. Əslində 8 avqustda Azərbaycanla ABŞ arasında çox önəmli məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. Təbii ki, burada 907-ci düzəliş, strateji tərəfdaşlıq, dəhlizin açılması çox önəmli əhəmiyyətə malikdir. Bu, həm də o deməkdir ki, biz ABŞ üçün çox əhəmiyyətli statusdayıq. Ümid etmək olar ki, bu statusun rəsmiləşməsi və güclənməsi istiqamətində artıq qarşılıqlı fəaliyyətlər reallaşmağa başlayıb”.

Vidadi ORDAHALLI

Избранный
15
baki-xeber.com

1Источники