RU

Ermənistan Qazaxıstanın başına çoxdandır buna görə “fırlanır”... “bir kəmər, bir yola” çıxmaq...


Firdovsi Şahbazov: “İranla müqayisədə Azərbaycan üzərindən məsafə daha qısadır”

İran mediasının yaydığı məlumata görə, Türkmənistanın dəmir yolu nəqliyyatı naziri iranlı həmkarı ilə görüşüb. Türkmənistan və İran dəmiryol əməkdaşlığının genişləndirilməsi və illik tranzitin 20 milyon tona, o cümlədən dəmir yolu ilə 6 milyon tona çatdırılması üçün birgə fəaliyyət planı hazırlamaq barədə razılığa gəliblər.

İranın yollar və şəhərsalma naziri Fərzaneh Sadiq və Dəmiryol İdarəsinin rəhbəri Cabbarəli Zakeri ilə danışıqlar aparılıb. Tərəflər dəmir yolu marşrutlarının, o cümlədən Çin-Qazaxıstan-Türkmənistan-İran marşrutunun, həmçinin Aşqabad sazişi dəhlizinin (Özbəkistan, Türkmənistan, İran, Oman) inkişafını müzakirə ediblər. İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olan ölkələr arasında ticarət dövriyyəsinin artırılması və Ermənistan-İran-Türkmənistan-Qazaxıstan tranzit dəhlizindən səmərəli istifadə məqsədilə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildiriblər.

O da məlumdur ki, Ermənistan neçə vaxtdır Qazaxıstan və Türkənistanla yaxınlaşmaq istiqamətində xüsusi canfəşanlıq edir. Sən demə, Ermənistanın İran üzərindən Orta Asiya ölkələri ilə nəqliyyat əlaqələri qurması ilə bağlı xüsusi planlar var imiş. Söhbət Ermənistan-İran-Türkmənistan-Qazaxıstan dəmir yolundan gedir. Üstəlik, Çinin Qazaxıstan və Türkmənistanla dəmiryol bağlantısını olduğunu nəzərə alsaq, bütün bu yollar bir-biri ilə əlaqələnəcək. Yəni Ermənistan sözügedən marşrutla Çinə quru yolu ilə çıxmaq imkanı qazanacaq. Yəni Ermənistanın Azərbaycansız “Bir kəmər, bir yola” qoşulmasının variantı budur. Düzdür, hazırda Ermənistan İranla dəmir yolu əlaqəsinə malik deyil. Ancaq belə bir yol salınandan sonra Ermənistan Qazaxıstana qədər getmək imkanı əldə edəcək. Ermənistan üçün belə bir imkan isə yalnız Zəngəzur dəhlizinin açılmasından sonra mümkündür.

“Ermənistanın İran üzərindən Orta Asiya ilə nəqliyyat əlaqəsi qurması iqtisadi baxımdan cəlbedici deyil”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, Ermənistanın Azərbaycansız İran üzərindən Orta Asiya və Çinlə əlaqə qurmaq istəkləri olsa da, məsafə və xərc baxımından sərfəli deyil: “Bəli, Ermənistan bizə düşmən dövlət olaraq çalışır ki, Azərbaycansız İran üzərindən Orta Asiya ölkələri və Çinlə dəmir yol əlaqəsi qursun. Ancaq gəlin görək bu iqtisadi baxımdan cəlbedicidirmi? Fikrimcə yox. Niyə? Əvvəla, Zəngəzurdan dəmiryol xətti keçsə də, bu yolun Ermənistan daxilində İranla əlaqəsi yoxdur. Ona görə ki, Mehri ilə Ermənistanın şimalı ilə əlaqə sərt dağlıq ərazidən keçir. Həmin ərazidən dəmir yolu çəkmək həm müşkül məsələdir, həm də çox böyük maliyyə vəsaiti tələb edir. Ancaq Zəngəzur dəhlizindən keçməklə Naxçıvan vasitəsilə İranın dəmir yollarına qoşulmaq mümkündür. Ancaq İran vasitəsilə Orta Asiya və Çin arasında əlaqə çox uzundur. Üstəlik, İranın Türkmənistanla sərhədində dəmiryol infrastrukturu yaxşı inkişaf etməyib. Hələ orada görüləsi çox işlər var. Başqa bir tərəfdən, İran sanksiyalar altındadır. O baxımdan Ermənistan üçün ən sərfəli variant Orta Dəhliz vasitəsilə Mərkəzi Asiya və Çinlə əlaqə qurmaqdır. Yəni Azərbaycan üzərindən. Çünki İranla müqayisədə Azərbaycan üzərindən məsafə daha qısadır. Eyni zamanda, nəqliyyat infrastrukturu bunun üçün əlverişlidir. O baxımdan, Ermənistanın İran üzərindən Orta Asiya ilə nəqliyyat əlaqəsi qurması iqtisadi baxımdan cəlbedici deyil”.

Vidadi ORDAHALLI

Избранный
49
baki-xeber.com

1Источники