Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 11 sentyabr, AZƏRTAC
Zəngəzur dəhlizi yalnız geosiyasi deyil, həm də logistika baxımından potensial əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a müsahibəsində nəqliyyat və logistika üzrə ekspert, “MALBI-trans” beynəlxalq logistika şirkətinin baş direktoru Liliana Krutonoq söyləyib.
O qeyd edib ki, əvvəla bu dəhliz Xəzər hövzəsi ilə Türkiyə arasında birbaşa quru əlaqəsi yaradacaq. Onun fikrincə, bu, yüklərin Türkiyəyə, oradan isə Aralıq dənizi limanlarının inkişaf etmiş dəmir yolu və liman infrastrukturu vasitəsilə Avropaya çatdırılma müddətini qısaldacaq.
Ekspert bildirib ki, ikincisi, Zəngəzur dəhlizi Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində əsas yollardan birinə çevrilə bilər. O əlavə edib ki, bu marşrut Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan və Türkiyəni Avropa bazarları ilə birləşdirərək Rusiyadan keçən Şimal marşrutundan və İrandan keçən Cənub marşrutundan asılılığı azaldacaq. L.Krutonoq, həmçinin vurğulayıb ki, Çin və Avropa İttifaqı üçün bu, təchizatların şaxələndirilməsində əlavə strateji alternativ olacaq.
“MALBI-trans” şirkətinin baş direktoru qeyd edib ki, üçüncüsü isə layihənin həyata keçirilməsi bütün region üçün əhəmiyyətli iqtisadi təsir yaradacaq. O hesab edir ki, Azərbaycan, Ermənistan və Türkiyənin kəsişməsində multimodal logistika mərkəzlərinin formalaşması mümkün olacaq. Bu da Cənubi Qafqaz üzərindən yeni təchizat zəncirlərinin yaradılmasına və Naxçıvanın mühüm tranzit qovşağı kimi əhəmiyyətinin artmasına şərait yaradacaq.
“Beləliklə, Zəngəzur dəhlizi Avrasiya logistikasının arxitekturasına ciddi dəyişikliklər gətirə, Azərbaycanın Şərq və Qərb arasında strateji logistika mərkəzi kimi rolunu daha da gücləndirə bilər”, - deyə o fikrini tamamlayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.