RU

Dünyada ilk dəfə süni intellekt nazir təyin edildi

Albaniyada dövlət satınalmalarına nəzarət edəcək yeni nazir heç bir halda rüşvət, təhdid və ya imtiyaz təkliflərindən təsirlənməyəcək. Çünki "Diella" adlı bu nazir əslində süni intellekt tərəfindən yaradılmış botdur.

Baş nazir Edi Rama açıqlayıb ki, "Diella" (albanca "günəş" deməkdir) bütün dövlət tenderlərinin idarə olunması və özəl şirkətlərə layihələrin verilməsi prosesini aparacaq. Rama çıxışında bildirib:

"Diella kabinetin fiziki olaraq mövcud olmayan, lakin virtual şəkildə yaradılan ilk üzvüdür. O, Albaniyanı tenderlərin 100% korrupsiyadan azad olduğu ölkəyə çevirməyə kömək edəcək."

Dövlət satınalmaları uzun illərdir Albaniyada korrupsiya qalmaqallarının əsas mənbələrindən biri hesab olunur. Ekspertlərin fikrincə, Balkan ölkəsi olan Albaniya narkotik və silah qaçaqmalçılığından əldə edilən pulların yuyulması üçün mühüm mərkəzə çevrilib və korrupsiya hakimiyyətin yüksək eşalonlarına qədər nüfuz edib. Bu imic ölkənin 2030-cu ilə qədər Avropa İttifaqına qoşulmaq planlarını da çətinləşdirir.

Hökumət hələ ki, "Diella"nın fəaliyyətinə hansı formada insan nəzarəti olacağını açıqlamayıb və botun manipulyasiya edilmə risklərinə toxunmayıb.

"Diella" ilin əvvəlində e-Albania platformasında süni intellekt əsasında virtual köməkçi kimi istifadəyə verilmişdi. O, ənənəvi albaniya geyimində təqdim olunur, səsli əmrlərlə vətəndaşlara və bizneslərə dövlət sənədlərinin əldə olunmasında yardım göstərir, elektron möhürlərlə sənəd verir və bürokratik ləngimələri azaldır.

Bununla belə, hamı bu yeniliyə inanmır. Bir sosial şəbəkə istifadəçisi yazıb: "Albaniyada hətta Diella da korrupsiyalaşacaq." Digəri isə belə şərh edib: "Oğurluq davam edəcək və günah Diellanın üstünə atılacaq."

May ayında seçilən yeni parlamentin cümə günü toplanacağı gözlənilir. Lakin hökumətin həmin gün səsverməyə çıxarılıb-çıxarılmayacağı hələlik bəlli deyil.

Lalə Qüdrətova
Milli.Az

Избранный
11
1
milli.az

2Источники