RU

Amazon meşələrinin bərpası onlarla xəstəliklərə qarşı mübarizə üsulu kimi qiymətləndirilib

Bakı, 12 sentyabr, AZƏRTAC

Beynəlxalq ekologiya tədqiqatçıları aşkar ediblər ki, Amazon bölgəsində geniş sahələri ibtidai meşələrlə örtülü ərazilər meşə yanğınları və zoonoz infeksiyalarla bağlı 27 xəstəliyə daha az məruz qalır. Bu, artıq məhv edilmiş meşələrin bərpası və onların kəsiminin məhdudlaşdırılmasının vacibliyini göstərir.

AZƏRTAC xəbər verir ki, məlumatı Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) mətbuat xidməti yayıb.

“Uzun müddətdir bilirdik ki, tropik meşələrdə çoxlu sayda müalicəvi bitki yetişir və onların ekstraktları dərman istehsalında istifadə olunur. Apardığımız təhlil göstərir ki, bu meşələr özləri də yanğınlarla əlaqəli ağciyər və qan dövranı sistemi xəstəliklərinə, eləcə də malyariya, Çaqas xəstəliyi və riketsioz kimi infeksiyalara qarşı təbii baryerdir”, - deyə IUCN-in Meşə və Çöl Araşdırmaları Proqramının koordinatoru Paula Prist bildirib.

Tədqiqatçılar 2001–2019-cu illər arasında Amazoniyanın səkkiz ölkəsində ekoloji və tibbi xidmətlər tərəfindən toplanmış məlumatları analiz edərək bu nəticəyə gəliblər. Bu müddət ərzində 28,4 milyondan çox xəstə infeksiyalar və ya tənəffüs və qan dövranı sistemi xroniki xəstəlikləri ilə bağlı yardım üçün müraciət edib, bu da alimlərə meşə kəsiminin xəstəliklərin yaranma tezliyinə təsirini qiymətləndirməyə imkan verib.

Ekoloqlar bütün araşdırılan ölkələrdə meşə sahələrinin dəyişməsini, yerli cinayətkarların qanunsuz fəaliyyətindən yaranan yanğınların tezliyini və məhv edilmiş meşə sahələrinin həcmini təhlil ediblər. Ən çox zərər Boliviyaya dəyib, belə ki, son iyirmi ildə Amazon bölgələrinin təxminən 30%-i yanğınlar və qanunsuz meşə kəsiminə məruz qalıb, Braziliyada isə bu göstərici təxminən 15% olub.

Alimlərin hesablamalarına görə, meşə kəsimi və onunla əlaqəli yanğınlar havada aerozol hissəciklərinin konsentrasiyasını kəskin artırıb, bu isə 27 xroniki və infeksion xəstəliyin səviyyəsinə mənfi təsir göstərib. Braziliyanın Amazon bölgəsində xroniki ağciyər və ürək-damar xəstəlikləri ilə bağlı pasientlər 38% və 27% daha çox şikayətlərlə müraciət etməyə başlayıblar. Malyariya, Çaqas xəstəliyi və riketsioz infeksiyalarının yayılması isə əvvəllər meşə ilə örtülmüş ərazisi 40%-dən çox olan bələdiyyələrdə artıb.

Alimlərin fikrincə, bu müşahidələr Amazon meşələrinin kəsimdən qorunması, artıq məhv edilmiş meşə sahələrinin bərpası və “hind torpaqları” adlanan – Cənubi Amerika yerli xalqlarının yaşadığı meşə bölgələri üçün xüsusi hüquqi statusun gücləndirilməsinin vacibliyini göstərir. Bu tədbirlər hər il təxminən 15 milyon nəfərin tənəffüs və ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edə bilər.

Избранный
36
3
azertag.az

4Источники