RU

“QHT-lərin saxta medal təsis etməsi çirkin biznesə çevrilib” - QHT sədri

Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi bəzi qeyri-hökumət təşkilatlarının qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi və onların təqdim edilməsi ilə bağlı birgə bəyanat yayıb.

QHT.az xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə bəzi qeyri-hökumət təşkilatlarının qanunsuz şəkildə medal və orden təsis etməsinə kəskin münasibət bildirib. QHT sədri bu fəaliyyətlərin nə qanunvericiliyə, nə də QHT anlayışına uyğun olduğunu vurğulayıb:

“Mənim fikrimcə, bu sahədə çoxdan hüquqi və sərt islahatların reallaşdırılması lazım idi. Əslində QHT-lər haqqında qanunvericilikdə medal, orden təsis etmək kimi bir səlahiyyət yoxdur. Bəzi QHT anlayışından uzaq sədrlər bu çirkin biznesi şəxsi qazanc mənbəyinə çevirdilər. Soruşan lazımdır ki, axı sən kimsən ki, şəhid ailəsini təltif edəsən, kimsən ki, qazilik statusu verəsən?” – deyə o bildirib.

Sevinc Alızadə vurğulayıb ki, şəhid adı uca məqamdır və heç bir saxta medal bu dəyəri təsdiq edə bilməz:

“Şəhid adı uca məqamdır, sənin təqdim etdiyin saxta medal o adın yanında hansı məqamda dayanır, nəyi təsdiq edir? Niyə axı QHT anlayışını bu qədər dayaz səviyyədə anlayırıq?”

Birlik sədri həmçinin Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu hallara qarşı birgə mübarizəsini yüksək qiymətləndirib:

“Gec də olsa, bu addımları təqdir edirəm və hesab edirəm ki, hər birimiz belə hallara qarşı sərt mövqe ortaya qoymalıyıq”.

 

Pərvanə Fərhadqızı

Избранный
30
qht.az

1Источники