RU

Azərbaycanın strateji kursu qlobal layihələrin təşviqi ilə də xarakterizə olunur

"Azərbaycanın son illərdə həyata keçirdiyi strateji kurs yalnız milli maraqların müdafiəsi ilə məhdudlaşmır, eyni zamanda regionun və daha geniş coğrafiyanın gələcəyinə təsir edən qlobal layihələrin təşviqi ilə də xarakterizə olunur. Bu baxımdan Prezident İlham Əliyevin Avrasiya Qlobal Əməkdaşlıq Mərkəzinin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası iştirakçılarına ünvanladığı müraciət, xüsusilə də Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı verdiyi mesajlar, ölkəmizin yeni dövrdə üzərinə götürdüyü tarixi missiyanın konturlarını aydın şəkildə göstərir".

Bu fikirləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib. O bildirib ki, Prezidentin sözlərinə görə, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra təşviq etdiyi sülh gündəliyi artıq milli sərhədləri aşaraq daha qlobal xarakter daşımağa başlayıb. Bu, yalnız siyasi-diplomatik alanda deyil, eyni zamanda iqtisadi, logistika və nəqliyyat kommunikasiyalarında da öz əksini tapmaqdadır. Bu faktdır ki, Azərbaycan son illərdə Avrasiyanın mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilib. "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizləri üzərində yerləşməsi ölkəmizin geosiyasi mövqeyini daha da gücləndirir. Strateji baxımdan ən mühüm layihələrdən biri məhz Zəngəzur dəhlizidir (TRIPP). Prezident İlham Əliyev də müraciətində bunu xüsusi vurğulayaraq qeyd edib ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi (TRIPP) qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaq. Bu perspektiv sadəcə regional əhəmiyyət daşımır, həm də qlobal miqyasda nəqliyyat, ticarət və enerji şəbəkələrinin dəyişdirilməsi potensialına malikdir.

Deputat qeyd edib ki, Zəngəzur dəhlizi (TRIPP), ilk növbədə, Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirərək ölkənin daxili coğrafi bütövlüyünü təmin edəcək: "Bu, həm təhlükəsizlik, həm iqtisadi inkişaf, həm də sosial-mədəni inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır. Çünki uzun illər ərzində Naxçıvanın blokada şəraitində yaşaması regionun inkişaf imkanlarını məhdudlaşdırıb. Dəhlizin açılması ilə bu məhdudiyyətlər aradan qalxır və Naxçıvanla yanaşı, bütün Cənubi Qafqaz yeni iqtisadi nəfəs qazanır.

Eyni zamanda bu dəhliz Avropa ilə Asiyanı birləşdirən Orta dəhlizin tərkib hissəsi kimi çıxış edir. Bu gün Çin və Avropa arasındakı ticarət dövriyyəsi yüz milyard dollarla ölçülür. İpək yolu üzərində yerləşən Azərbaycan bu proseslərdə tranzit ölkə statusunu daha da möhkəmləndirməkdədir. Zəngəzur dəhlizi (TRIPP) isə həm zaman, həm məsrəf baxımından ən səmərəli marşrutlardan birinə çevrilə bilər. Alternativ marşrutlarla müqayisədə bu yol yükdaşımaların xeyli sürətləndirilməsi, daşınma xərclərinin azalması və logistik təhlükəsizliyin güclənməsi deməkdir".

E.Mirzəbəyli deyib ki, layihənin regional sabitlik baxımından əhəmiyyəti də ayrıca diqqətəlayiqdir. Sülh sazişinin paraflanması ilə paralel şəkildə Zəngəzur dəhlizinin (TRIPP) reallaşdırılması Cənubi Qafqazı uzun illərin gərginlik meydanından əməkdaşlıq platformasına çevirə bilər. Prezident İlham Əliyev bu məqamı xüsusi vurğulayaraq qeyd edir ki, kommunikasiya xətlərinin bərpası yalnız Azərbaycan-Ermənistan münasibətlərinə deyil, həm də daha geniş miqyasda əməkdaşlığa töhfə verəcək. Bu, həm də Ermənistanın, uzun illər davam etdirdiyi işğalçılıq siyasəti ucbatından qarşılaşdığı iqtisadi izolyasiyadan çıxışına real imkan yaradacaq.

"Beynəlxalq güclərin, xüsusilə də ABŞ-nin mövqeyi dəhlizin gələcəyi baxımından mühüm rol oynaya bilər. ABŞ nümayəndə heyətinin son səfəri regionun sülh və əməkdaşlıq gündəliyi proseslərinə Vaşinqtonun dəstəyini ifadə edir. 

Burada diqqətə alınmalı digər mühüm məsələ dəhlizin açılmasının Avropa İttifaqının da maraqlarına uyğun olmasıdır. Avropa uzun müddətdir enerji və ticarət marşrutlarının diversifikasiyasına çalışır. Azərbaycan qazının Avropaya nəqli, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti, həmçinin Bakı limanı vasitəsilə həyata keçirilən yüklərin həcminin artması bu maraqların real göstəricisidir. Zəngəzur dəhlizi (TRIPP) isə Avropanın Asiya ilə birbaşa, daha qısa və etibarlı marşrut əldə etməsinə imkan verəcək. Bu, Avropa üçün həm də geoiqtisadi alternativ deməkdir", - deyə o əlavə edib.

Deputat vurğulayıb ki, ən önəmli məqamlardan biri də odur ki, Azərbaycan bu mürəkkəb geosiyasi mənzərədə Zəngəzur dəhlizi (TRIPP) layihəsini qarşıdurma yox, əməkdaşlıq xətti kimi təqdim edir və çətin missiyanın öhdəsindən uğurla gəlməyi bacarır. Prezident İlham Əliyevin müraciətində də qeyd etdiyi kimi, kommunikasiya xətləri yalnız iqtisadi deyil, həm də siyasi sabitliyin təminatçısıdır. Bu baxımdan Azərbaycan özünün coğrafi "körpü" potensialını qarşılıqlı faydalılıq platforması kimi təqdim etməklə, qlobal güclərin əməkdaşlığı üçün əlverişli imkanlar yaradır. "Şübhəsiz ki, dəhlizin reallaşması Azərbaycanın daxili inkişafına da mühüm töhfə verəcək. İlk növbədə işğaldan azad edilmiş ərazilərin bərpası və reinteqrasiyası prosesində yeni iqtisadi imkanlar yaranacaq. Qarabağ və Şərqi Zəngəzur regionu artıq böyük tikinti meydanına çevrilib. Burada yenidən qurulan şəhərlər, kəndlər, yeni sənaye zonaları və logistika mərkəzləri Zəngəzur dəhlizi (TRIPP) ilə sinxron fəaliyyət göstərəcək. Bu, Böyük qayıdış proqramının sosial-iqtisadi dayaqlarını daha da möhkəmləndirəcək və bölgənin inkişafına yeni nəfəs verəcək", - deyə deputat bildirib.

E.Mirzəbəyli qeyd edib ki, dəhlizin açılması Azərbaycanın beynəlxalq imicini də gücləndirəcək. Ölkəmiz yalnız enerji ixracatçısı kimi deyil, həm də qlobal ticarət və nəqliyyat şəbəkələrinin mühüm mərkəzi kimi çıxış edəcək. Bu isə Azərbaycanın beynəlxalq diplomatiyada təsir imkanlarını artıracaq, qlobal iqtisadi layihələrdə söz sahibinə çevirəcək. Azərbaycanın təqdim etdiyi baxış bucağında "Zəngəzur dəhlizi açılmalıdır" sülhün, sabitliyin və əməkdaşlığın alternativsiz yoludur. 

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin AQEM üzvlərinə müraciəti Azərbaycanın yeni mərhələdəki xarici siyasətinin yalnız regional deyil, həm də qlobal perspektivlər üzərində qurulduğunu göstərir: "Zəngəzur dəhlizi (TRIPP) bu strategiyanın mərkəzində duran layihədir. Onun reallaşması Azərbaycan üçün iqtisadi inkişaf, region üçün sabitlik və əməkdaşlıq, dünya üçün isə yeni nəqliyyat və ticarət şəbəkələrinin formalaşması deməkdir. ABŞ-nin və digər beynəlxalq tərəfdaşların bu prosesdə iştirakı isə layihənin daha tez və uğurlu nəticə verməsinə zəmin yarada bilər".

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
27
1
azerbaijan-news.az

2Источники