Kim tərəfindən, dünyanın harasında baş verməsindən asılı olmayaraq planetimizin insanlarının hamılıqla lənətləyib, etiraz etdiyi iki hadisə var - müharibə və terror aktları. Haqsız müharibələr və törədilən terror aktları birmənalı şəkildə qəbuledilməzdir. Hər ikisində günahsız insanların, azyaşlı uşaqların həyatlarına qəddarcasına son qoyulur, dağıntılar, fəlakətlər baş verir. Ağır cinayət sayılan terrora və qanlı müharibələlərə qarşı bütün bəşəriyyət birləşib mübarizə aparmalı, günahsız insanların ölümünə səbəb olanlar qınanmalı və mühakimə olunmalıdır.
Terrorizm müasir dövrdə dünya ictimaiyyətini narahat edən qlobal təhlükəyə çevrilib. İnsanlığa qarşı cinayət olan terrorizmlə mübarizə siyasəti ən əsas məqam kimi qəbul edilməlidir.
XXI əsrin əsas bəlalarından biri qlobal terrorizmdir. Son illər dünyanın müxtəlif ölkələrində çoxsaylı insan tələfatına səbəb olan terror aktları törədilib. Bu gün ABŞ-də törədilən dəhşətli terror hadisəsindən 24 il keçir. Bu dəhşətli və qorxunc terror aktı yalnız Amerikanın deyil, bütün bəşəriyyətin faciəsinə çevrildi. Bu hadisə bir daha sübut etdi ki, terrorizm nə sərhəd tanıyır, nə də din və millət seçir. O, bəşəriyyətin ortaq bəlasıdır.
Bu bir həqiqətdir ki, Azərbaycan xalqı terrordan ən çox əziyyət çəkənlərdən biridir. 1988-ci ildən başlayaraq Ermənistan Azərbaycana qarşı yalnız işğal siyasəti aparmayıb, eyni zamanda dinc əhaliyə qarşı sistemli terror aktları həyata keçirib. Dəmir yollarında, avtobuslarda, metroda törədilən partlayışlar, müxtəlif ictimai obyektlərdə təşkil olunan qətllər nəticəsində yüzlərlə günahsız insan həyatını itirib. 1992-ci ilin fevralında Xocalıda törədilən soyqırımı - 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın xüsusi amansızlıqla qətlə yetirilməsi ilə bəşər tarixinin ən dəhşətli terroru baş verib. Xalqımıza qarşı xüsusi qəddarlıqla törədilən bu terror aktı Ermənistanın terrorçu siyasətinin kuliminasiya nöqtəsi olub. Cəzasızlıq, Ermənistanın beynəlxalq aləmdə himayə olunması terrorçu dövlətin növbəti terror aktları törətməsinə vəsilə olub. 1994-cü ilin martında Bakı metrosunda törədilən terror aktları nəticəsində onlarla insan həlak olub, yüzlərlə insan yaralanıb. Ümumilikdə 1988-1994-cü illərdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terror aktlarında minlərlə dinc vətəndaşımızn həyatına son qoyulub.
2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) ikinci korpusunda baş vermiş terror aktı yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə, insanlıq dəyərlərinə qarşı yönəlmiş qanlı faciə idi. Terror nəticəsində 13 nəfər gənc həyatını itirdi, 10 nəfər isə yaralandı.
Terrorçu dövlət olan Ermənistan 44 günlük Vətən müharibəsi zamanı da bu terror siyasətini davam etdirdi. Döyüş bölgəsindən yüzlərlə kilometr uzaqda yerləşən Gəncə və Bərdə şəhərlərinə atılan "Skad" və "Smerç" raketlərinin zərbəsi nəticəsində mülki insanlar - qadın, uşaq və qocalar həlak oldu. Müharibə və insanlıq qanunlarını pozub dinc əhaliyə qarşı vəhşilik törədən düşmənin beynəlxalq hüququn şərtlərini də kobud şəkildə pozub kasetli bombalardan istifadə etməsi terrorçu dövlətin mahiyyətini ifadə edirdi. Xalqımıza qarşı terror bu gün də davam etməkdədir. Ermənistanın basdırdığı yüz minlərlə mina Azərbaycanın azad edilmiş ərazilərində dinc əhaliyə qarşı gizli terror silahıdır. Rəsmi məlumatlara görə, yalnız 2020-ci ildən bəri mina partlayışları nəticəsində 360-dan çox vətəndaşımız həlak olub və ya ağır yaralanıb. Qeyd etdiklərimiz terror faktlarının cüzi bir hissəsidir.
Bu gün dünyada baş verən hadisələr göstərir ki, terrorizm və zorakılıq yalnız bir regionun problemi deyil. Qəzzada, Fələstində, Ukraynada minlərlə günahsız insan həyatını itirir, yüz minlərlə insan evindən didərgin düşür. İnsanların taleyi dövlət başçılarının geosiyasi maraqlarının və ideoloji qarşıdurmaların qurbanına çevrilməməlidir. Bəşəriyyətin ən ali dəyəri insan həyatıdır və bu dəyər heç bir siyasi məqsəd naminə tapdalanmamalıdır. Beynəlxalq hüquq və humanitar prinsiplər bu gün hər zamankından daha çox müdafiə edilməli, münaqişələrin həlli dialoq, əməkdaşlıq və beynəlxalq ədalət mexanizmləri üzərindən aparılmalı, dinc əhalinin hədəfə alınmasına, müharibə cinayətləri və terror aktlarına birmənalı şəkildə son qoyulmalıdır.
Nə yaxşı ki, bütün insanlar dünyaya hökmranlıq etmək istəyən tiranlar kimi düşünmürlər. Dünyada sülhü, sabitliyi və beynəlxalq ədaləti qorumaq uğrunda çalışan liderlər və dövlətlər də var. Bu baxımdan ABŞ-nin Prezidenti Donald Trampın hakimiyyətə sülh platforması ilə gəlməsi və hakimiyyətdə olduğu bu qısa müddətdə bir sıra beynəlxalq böhranların yumşaldılması və həlli istiqamətində atdığı addımlar diqqətəlayiqdir.
Azərbaycan xalqı yaxşı bilir ki, terrorun məqsədi insanlarda qorxu yaratmaq, mübarizə əzmini sındırmaqdır. Lakin tarix göstərdi ki, Azərbaycan xalqının iradəsi heç vaxt qırıla bilməz. Biz işğalın, soyqırımın, raket hücumlarının və mina terrorunun ağrılarını yaşasaq da, öz haqq işimiz uğrunda mübarizədən geri çəkilmədik və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, əzmkar rəhbərliyi ilə ərazi bütövlüyümüzü bərpa etdik. Azərbaycan öz təcrübəsi ilə sübut etdi ki, terror heç vaxt xalqların iradəsini sındıra bilməz. Əksinə, bu, birliyə həmrəyliyə və ədalətə inamı daha da gücləndirir.
11 sentyabr faciəsi və Azərbaycan xalqının yaşadığı acı təcrübələr beynəlxalq ictimaiyyət üçün ortaq dərsdir. Bu bəşəri təhlükəyə qarşı yalnız birgə və qətiyyətli mübarizə insanlığı gələcək faciələrdən qoruya bilər.
Terrorizim beynəlxalq bəla olduğu üçün onunla mübarizə milli və dini çərçivədə deyil, bütün bəşəriyyət birgə mübarizə aparmalıdır. İnsanlığa qarşı cinayətlərə bəraət yoxdur və ola da bilməz.
Elşən QƏNİYEV,
"Azərbaycan"