RU

Bakının mərkəzinin tramvay xəttinə çox ehtiyacı var, ya yaxın ətrafların?


Aslan Əsədov: “Tramvayların mərkəzi ərazilərdə salınması əsasən turizmin inkişafı məqsədilə edilir”

Bakını tıxacsız şəhər kimi görmək istəyiriksə, o zaman ictimai nəqliyyat mükəmməl olmalıdır. Çünki tıxacsız yolların açarı ictimai nəqliyyatın inkişaf etdirilməsindədir. Paytaxt yollarını tıxacdan qurtarmaq üçün irəli sürülən təkliflərdən biri də tramvay xətlərinin bərpası ilə bağlıdır.

Xatırladaq ki, 1924-cü il fevralın 8-də Bakıda ilk dəfə tramvay xətti istifadəyə verilib. Paytaxtın sosial-iqtisadi həyatında olduqca mühüm yer tutmuş və şəhər sakinlərinin böyük marağına səbəb olmuş ilk tramvaylar "Azneft" meydanı ilə Bakı Dəmiryol Vağzalı arasında hərəkət edib. Tədricən isə tramvayların əhatə dairəsi xeyli genişlənib və onları əksər mərkəzi küçələrdə görmək mümkün olub. 2000-ci illərin əvvəllərində isə Bakı tramvayı tarixə çevrilib.

Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında paytaxtda tramvay və metrobus ictimai nəqliyyat növlərinin yaradılması məsələsi əksini tapıb. Bu planda qeyd olunur ki, Bakıda infrastrukturun yenidən aktivləşdirilməsi və daha səmərəli istifadə olunması planlaşdırılır. Məlumat üçün bildirək ki, artıq Bakı şəhərində yenidən salınacaq tramvay xəttinin sxemi açıqlanıb. Sxemdən görünür ki, tramvay xətti əsasən şəhərin mərkəz hissəsini əhatə edəcək. Nəzərə almaq lazımdır ki, Bakı əhalisinin böyük bir qismi mərkəzi ərazilərdə deyil, kənar qəsəbələrdə yaşayır. Həmçinin, paytaxtın mərkəzi küçələrində günün istənilən saatında nəqliyyat sıxlığı müşahidə olunur. Olmazmı ki, tramvay xətləri mərkəzi ərazilərə deyil, kənarlarda istifadəyə verilsin? Maraqlıdır, tramvay xətləri niyə məhz mərkəzdə qurulacaq?

“Tramvayların bərpası, düşünürəm ki, qismən də olsa tıxacların azalmasına gətirib çıxara bilər”

Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, tramvaylar ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi sayılır, atmosferə zərərli qazlar buraxmır, elektrik enerjisi ilə çalışır: “Tramvayların bərpası, düşünürəm ki, qismən də olsa tıxacların azalmasına gətirib çıxara bilər. Tramvay xətlərinin çəkilməsi təqdirəlayiq hadisədir. Amma burada bir məsələ var - şəhər infrastrukturu buna imkan verəcəkmi? Yəni bu mümkün olduğu təqdirdə, müəyyən addımlar atmaq olar. Məsələn, hər hansı bir ərazidə yenidənqurma, söküntü işlərinin aparılması, yolun genişləndirilməsi, istiqamətin ayrılması hesabına olacaqsa, burada sərnişinlərin kütləvi axınını təyin edəcək addımların atılması məmnuniyyət hissi yaradacaq. Yox, əgər bu məsələlər kifayət qədər öz həllini tapmayacaqsa, istiqamət üzrə sərnişinlərin daşınması və avtomobil yolları, yeni zolaq hesabına tramvay xətləri çəkiləcəksə, yolların bir zolaq itirilməsi ilə nəticələnəcəksə, bu, təbii ki, avtobus daşımalarına da mane ola bilər”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, tramvayların mərkəzi ərazilərdə salınması əsasən turizmin inkişafı məqsədilə edilir: “Belə ki, tramvayların şəhərin mərkəzində hərəkət etməsi həm vizual, həm də tarixi ab-hava yaradır. Bu nəqliyyat vasitələri şəhərin turizm potensialını artırır və həm yerli sakinlər, həm də qonaqlar üçün cəlbedici bir elementdir. Bu bir urbanistik və turistik yanaşmadır”.

Günel CƏLİLOVA

Избранный
21
baki-xeber.com

1Источники