RU

Meloni-Salvini çəkişməsi: İtaliya koalisiyası Rusiya məsələsində ziddiyyətli siqnallar göndərir...

İtaliyada ictimai rəy parçalanıb, hakimiyyət daxilində də fikir ayrılıqları böyüyür...

Poliqon The Economist nəşrinə istinadən xəbər verir ki, İtaliyada hakim koalisiyanın Ukrayna-Rusiya müharibəsinə dair mövqeləri həm seçicilər, həm də siyasi liderlər arasında ciddi ziddiyyətlər yaradır. Xüsusilə vitse-premyer, “Liqa” partiyasının lideri Matteo Salvini uzun illərdir Rusiya prezidenti Vladimir Putinə simpatiyası ilə tanınır.

2015-ci ildə Avropa Parlamentində çıxışı zamanı üzərində Putinin şəkli olan futbolka geyinməsi və Putini sabah İtaliyanın baş naziri görmək istədiyini söyləməsi yadda qalmışdı. Lakin Giorgia Meloni-nin açıq şəkildə Ukraynanı dəstəkləyən hökumət koalisiyasına 2022-ci ildə qoşulduqdan sonra Salvini öz ritorikasını yumşaltmağa məcbur oldu.

Son aylarda ABŞ-da Donald Trampın hakimiyyətə qayıdışı və onun zaman-zaman Ukrayna prezidenti Volodimir Zelenskini tənqid etməsi “Liqa”nı daha sərbəst danışmağa sövq edib. Salvini müharibənin Ukraynanın xeyrinə nəticələnməyəcəyini iddia edir və Zelenskiyə “Putinin hisslərinə toxunmadan” danışıqlara getməyi tövsiyə edir. O, ötən ay Fransa prezidenti Emmanuel Makronu hədəfə alaraq Avropa qoşunlarının Ukraynaya göndərilməsinə qarşı çıxıb və jurnalistlərə istehzalı şəkildə “İstəyirsinizsə, özünüz gedin. Dəbilqə, gödəkcə, silah götürün və Ukraynaya yollanın” demişdi.

İctimai rəyin də təsiri böyükdür. Surrey Universitetindən politoloq Daniele Albertazzinin sözlərinə görə, İtaliya ictimaiyyəti NATO-nun qlobal roluna şübhə ilə yanaşır və çoxları Rusiyanı münaqişənin yeganə günahkarı hesab etmir. Youtrend-in keçirdiyi son sorğu göstərib ki, “Liqa” tərəfdarlarının 60 faizi Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə qarşıdır. Müqayisə üçün, Corciya Meloninin “İtaliyanın Qardaşları” partiyasının tərəfdarları arasında bu rəqəm cəmi 30 faizdir.

Koalisiyadakı gərginliyi artıran amillərdən biri də “Liqa” daxilindəki daxili rəqabətdir. Partiyanın sədr müavini, keçmiş general Roberto Vannacci ötən il açıq şəkildə “Putinlə Zelenski arasında seçim etmək lazım gəlsə, mən Putini seçərəm” deyə bəyan etmişdi. Bu mövqe Salvini üzərində əlavə təzyiq yaradıb. Hökumət başçısı Meloni isə ötən ay diplomatik məsləhətçisi Stefano Beltrameni Moskvaya səfir təyin etməklə, müəyyən mənada Salviniyə güzəşt etmiş oldu.

Bununla belə, müşahidəçilər hesab edir ki, Salvini hələlik koalisiyanın bütövlüyünü təhdid edəcək addımlar atmır və əsasən simvolik, lakin provokativ açıqlamalarla kifayətlənir. “Liqa” rəsmiləri isə Moskva yönümlü mövqe tutmadıqlarını vurğulayaraq bildirirlər ki, partiya hər zaman Ukraynaya dəstək tədbirlərinə səs verib, sadəcə İtaliya əsgərlərinin müharibəyə cəlb edilməsinə qarşı çıxır.

Ekspertlərin qənaətinə görə, yaxın aylarda keçiriləcək regional seçkilər Salvini üçün sınaq olacaq. Onun “İtaliyanın Qardaşları”ndan fərqlənmək cəhdləri koalisiyada gərginlik yaratsa da, partiyanın əsas məqsədi seçicilərin diqqətini cəlb etmək və mümkün uğursuzluqdan yayınmaqdır. Bu isə İtaliyanın Rusiya-Ukrayna münaqişəsindəki mövqeyini daha da qarışıq və çoxqatlı göstərir.

Poliqon.info

Избранный
63
poliqon.info

1Источники