RU

Əraqçi: İranın uran ehtiyatları hücumlar nəticəsində dağıntılar altında qalıb

İranın xarici işlər naziri Abbas Əraqçi deyib ki, İranın nüvə obyektlərinə son hücumlardan sonra ölkənin zənginləşdirilmiş uran ehtiyatları dağıntılar altında qalıb. Diplomat bu barədə dövlət televiziyasında bildirib.

Məlumatı “Anadolu” verib. 

“Obyektlərə endirilən zərbələr nəticəsində nüvə materiallarımızla bağlı hər şey dağıntılar altındadır. İndi İranın Atom Enerjisi Təşkilatı onlara daxil olmağın mümkünlüyünü və onların hansı vəziyyətdə olduğunu qiymətləndirir”, - deyə Əraqçi bildirib.

Onun sözlərinə görə, qiymətləndirmə başa çatdıqdan sonra ölkənin təhlükəsizliyinə yönəlmiş maraq və təhdidləri nəzərə alaraq gələcək addımlar barədə qərar verəcək Ali Milli Təhlükəsizlik Şurası üçün hesabat hazırlanacaq.

Diplomat vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının sanksiyaları bərpa olunarsa, İranın reaksiyası “həlledici” olacaq: “Bu reaksiyanın formasını və xarakterini Ali Milli Təhlükəsizlik Şurası müəyyən edəcək, çünki bu məsələ bu gün ölkənin xarici siyasətinin ən mühüm mövzularından birinə çevrilib”.

İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxma ehtimalı ilə bağlı o, deyib: “Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxma məsələsi həqiqətən də zaman-zaman bir seçim kimi gündəmə gətirilib, lakin İslam Respublikasının variantları bununla məhdudlaşmır. Qərar hansı variantın milli maraqlara daha yaxşı xidmət etdiyinə əsasən veriləcək”.

Əraqçi onu da bildirib ki, əvvəllər Qahirədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə imzalanmış sazişdə hələlik yoxlamalar nəzərdə tutulmayıb: “Gələcək yoxlamalar əlavə danışıqlar və Ali Milli Təhlükəsizlik Şurasının təsdiqini tələb edəcək”.

P.Əmircanov
XQ

Избранный
16
1
xalqqazeti.az

2Источники