RU

Burun dolğusu gözü kor edə bilər Kosmetoloqla MÜSAHİBƏ

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dolğular, botokslar xanımların bir yaşdan sonra ən çox üz tutduğu kosmetoloji prosedurlardır. Cərrahi yol olmadan, sadəcə iynələrlə üzə və bədənin digər nahiyələrinə edilən bu kiçik toxunuşlar insanları 10 yaşa qədər cavanlaşdırır, komplekslərdən azad edir. Amma kiçik dediyimiz bu işlərin də bəzən özündən 100 qat ağır bədəlini ödəyə bilirik. Hansı hallarda, hansısa şəxslərin əlləri ilə...

Həkim-kosmetoloq Ruxsaraxanım Quliyeva Lent.az-a sözügedən mövzularla bağlı geniş müsahibə verib.

- Ruxsara xanım, kosmetoloqlar niyə insanları bir-birinə oxşadırlar? Kosmetoloqa gedən xanımların 90%-nin cizgiləri eynidir.

- Həkim-kosmetoloqun ilk növbədə zövqü, daha sonra rəssamlıq bacarığı olmalıdır ki, o, assimmetriyanı, simmetriyanı baxdığı an görə bilsin. Kosmetoloq insana nə yaraşdığını təyin edə bilməlidir. Bəzən pasiyent gəlir ki, mən üzümdə filan şeyi bəyənmirəm, dolğu edək. Əslində isə problem həmin nahiyədə deyil. Sadəcə insanları gözləri yanıldır. Mən kosmetoloq kimi bunu görüb, izah edirəm. Hərdən böyük dodaq istəyirlər, amma görürəm ki, bu, xanıma yaraşmayacaq və etmirəm. Mənim böyük dodaqlarım yoxdur, çünki aynaya baxanda bunu özümə yaraşdırmıram. Eləcə də yanıma gələn xanımların da üz cizgilərinə baxıb, nə yaraşacaqsa, onu edə biləcəyimi qeyd edirəm. Xanımlar var ki, iri gözləri, burunu, geniş alını var. Bu zaman da onlara kiçik dodaq yaraşmır. Özünə kosmetoloq deyən şəxs pasiyentin üzünə baxıb, onun cizgilərini daha da gözəlləşdirməli, məsumluğunu itirməməlidir. Ehtiyacı olan xanımlara dolğu edirəm, ehtiyacı olmayana isə etmirəm. Yanıma böyük dodaqla gələn xanımlar olur. Onlar yenə dolğu istəyirlər, amma imtina edirəm. Çünki sabah ondan kimsə kosmetoloqunu soruşanda ilk növbədə mənim adımı verəcək.

- Mimika qırışlarını, batıqları, yaxud xoşagəlməz hissələri pərdələmək üçün tətbiq olunan dolğuların üzün hansı nahiyələrində istifadəsi təhlükəli ola bilər?

- Əslində təhlükəsiz heç bir şey yoxdur. Bu təkcə kosmetologiya sahəsinə aid deyil. Həkim illərlə universitet oxusa da, insan anatomiyasını əzbər bilsə də, insan, pasiyent kitab kimi deyil, o individualdır. Əks təsirə gəlincə, bu hər nahiyədə ola bilər. İstər dodaq, istər yanaq, alın və ya bədənin hansısa hissəsləri. Fərqi yoxdur. Lakin bir məqam var. Bu əks təsirin geri dönüşü varmı, yoxmu?! Qısası, həkimin əlində risk həmişə var. Mən insana aid hər şeyi mükəmməl bilərəm, amma siz uşaq vaxtı yıxılıb, dolğu etdirmək istədiyiniz nahiyədən zərbə almısınızsa, əzələniz deformasiya olubsa və bundan ikimizin də xəbəri yoxdursa, bax, o zaman problem yarana bilər.

İlk dəfə yanıma gələn xanımlardan soruşuram bu məqamları. Lakin ola bilər ki, pasiyentin özünün də xəbəri yoxdur, üzdə çapıq da görünmür. Amma içəridən əzələdə deformasiya olub.

Başıma gələn hadisəni danışıram. Mən dolğunu sümüyün üzərinə vururam. Ondan sonra əzələ və piy qatı gəlir. Dolğunu piy qatına vuranda o tərpənə bilər, amma əzələ ilə sümüyün arasına vurduqda, o tərpənmədən qalır. Bir dəfə xanıma çənə dolğu edirdik, hər şey qaydasında idi. İynə vurmağımda bir problem yox idi, lakin 2 gündən sonra şişlər çəkiləndə dolğu üzə çıxmağa, daha qabarıq görünməyə başladı. Xanım yanıma gəldi, dolğunu əridəndən sonra gördük ki, hansısa zərbədən deformasiya olub. Buna görə də dolğunu normal qaydada yox, daha kənardan vurmaq lazım imiş.

Bundan əlavə polimer tərkibli (el arasında süni dolğu da deyirlər)  dolğulardan qaçmaq lazımdır. Bəzi xanımlar düşünür ki, az pul verim, amma dolğu üzümdə ömürlük qalsın. Çünki təbii dolğu həm daha bahalıdır, həm də 6 ay 1 il sonra yenidən etdirmək tələb olunur. Ömürlük qalan dolğunu istəyən xanımlar da olur, amma anlamalıdırlar ki, cazibə qüvvəsi var, insan illər keçdikcə dəyişir, üzünün əzələləri fərqli formalara düşür. Bu zaman hər şeyin dəyişdiyi simada dolğunun olduğu kimi qalması gözə xoş görünərmi? Əsla. Keçmişdə üzünə süni dolğu etdirən hər kəsin indi yanaqları qabağa çıxır, dodaqları böyük, həddindən çox həcimli görünür. Təəssüf ki, bu görüntünün ləğv olunması üçün tək çarə cərrahi yoldur. Əməliyyat da həmişə uğurlu olmur. Yanıma gələn xanımlar olub ki, onların süni dolğularını əvvəldən cərrahlar kəsərək, çıxarıb, amma bu zaman da çapıqların, tikişlərin izi qalıb. Kiçik dodaqlarla yaşamaq daha gözəldir, nəinki tikişlərin əydiyi dodaqlarla gəzmək. Ona görə də polimer dolğudan mümkün qədər qaçmaq lazımdır. Ya təbii dolğu etdirərək kosmetoloqun qapısını həmişə döyməlisiniz, ya da ümumiyyətlə dolğu etdirməməlisiniz.

- Həkim, dolğu 6 ay – 1 il sonra sovrulursa, biz ömür boyu təkrar-təkrar kosmetoloqa müraciət etməliyik?

- Xeyr, əlbəttə. Siz özünüzə aynada baxanda dolğulu nahiyə gözünüzə xoş gəlirsə, ürəyinizcədirsə, o zaman təkrarlamağa gərək yoxdur. Bir yerə qədər – pasiyentin xoşuna gəldiyi andan sonra etdirmək lazım deyil.

- Estetik-plastik əməliyyat olunmaq istəməyən hər xanım burun dolğusu üçün kosmetoloqa müraciət edir. Amma siz burun dolğusu etmirsiniz, niyə?

- Bizdə burun problemi çoxdur, amma hər kəs də rinoplastika etdirmir. Ya qorxurlar, ya da qiymətlər əlçatan olmur. Dolğuya gəldikdə isə, bu prosedurla burnun üzərini doldururuq, vizual olaraq özümüzü aldadırıq ki, burun düz görünür, dikdir, lakin onu olduğundan daha da böyüdürük. Amma heç bir dəyişiklik olmur.

Burun dolğusuna çox az preparat istifadə olunur, amma qiymət cəhətdən bahalı prosedur sayılır. Yəni kosmetoloq pulu məhz əl işinə görə alır. Ən çox qazanc burun dolğusundadır, ona görə də, çoxları məhz bu dolğunu edir. Burun dolğusu ilə anında nəticəni görmək olur, amma anındaca pasiyent kor ola bilər. Yəni bu, o qədər risklidir. Burnumuzun kənarından göy rəngdə görünən damar keçir. O damar gözü qidalandırır. Əgər dolğu damara getsə, orada avtomatik troplaşma, tıxanma baş verəcək.

Başqa nahiyələrdə əks təsiri göyərmədən anlamaq olur və anındaca müalicə ilə həll edilir. Amma göz itirmə qabiliyyətini itirərsə, onu bərpa etmək əsla mümkün deyil.

- Bəzən də göz korluğu yox, burunun ucunun çürüdüyünə dair fotolar görürük. Bu da dolğuyla bağlıdır?

- Bəli, bu nekroz adlanır. Dolğu zamanı edilən səhvlər qruplara bölünür. Məsələn işemiya dolğu damarın yanına vurulanda baş verir. O, damarı sıxmağa başlayır və qan dövranı çətinləşir. Onu müalicə etmək mümkündür. Bir preparatıa o dolğunu əridib, sonra müalicə edə bilirik.

- Dolğunu əritmək olursa, o zaman burun dolğusunu niyə əritmirsiniz?

- Çünki burunda yerləşən damara iynə ilə daxil olmaq olmur. Gözümüz nəlbəki kimidir. Damar da onun arxası ilə hərəkət edir. Əgər dolğu geli qan dövranı ilə gedib, gözə çatsa, heç bir halda iynə ilə onu əridə bilmərik.

- Əvvəl uğursuz dodaq dolğusu etdirən xanımların dodağındakı dolğu mütləq əridilməlidir? Yoxsa üst-üstə vurmaqla uğursuzluğu aradan qaldırmaq olar?

- Uğursuz dolğunun üzərinə yenidən dolğu vurmağı düzgün hesab etmirəm. Ona görə də yanıma gələn pasiyentlərdə o dolğunu mütləq əridib, sonra işimi görürəm. Yox, əgər xanım əritməyimi istəmirsə, o zaman ümumiyyətlə proseduru icra etmirəm. Mən dolğu etdikcə, o dodaq daha da kobud və iyrənc görünəcək.

Uğursuz dolğulardan ən çox görünəni də, bığ dolğusudur. Bığ dolğusunun yaranma səbəblərindən biri düzgün vurmamaqdır. Bəzi kosmetoloqlar istəyir ki, bir dəfəyə daha çox pul qazansınlar. Ona görə də, dolğunun miqdarını artırırlar.

Çalışıram ki, gələn pasiyentin üzərində xırda-xırda işlər görüm. Bir dəfəyə çox dolğu vurmaqla onların üzünü çirkinləşdirə bilmərəm. Çox vurulan dolğular dodaqda oturmağa yer tapmadığı halda avtomatik bığa çıxır.

- Maksimum 1 dəfəyə nə qədər dolğu istifadə etmək olar?

- Maksimal 1 qramdan çox vurmuram. Dodaqda nə qədər yer varsa, o qədər doldururuq. Bu, 1 qramdan az ola bilər, çox ola bilməz. Maraqlanan xanımlara da həmişə 1 qramın məbləğini deyirəm. Əgər xanım yanıma gəlirsə, ona nə dediyim miqdardan çox dolğu vururam, nə də o məbləğdən çox pul istəyirəm.

- Bu gün xanımların ən çox müraciət etdiyi dolğu hansıdır?

- Mütləq ki, dodaq dolğusu (gülür). Dodaq doğrudan da insanı dəyişdirir, cavanlaşdırır. Adicə dodaq boyası çəkəndə də cizgidən birazca yuxarı çıxırıq. Çünki üzümüzdə görmək istədiyimiz də, məhz odur.

- Ruxsara xanım, bəs dolğunu neçə yaşdan sonra etdirmək olar?

- Valideynin icazəsi ilə 16 yaşdan sonra dolğu etdirmək olar. Amma pasiyent böyük dəyişikliklər istəsə belə, onun üzündəki məsumluğu pozmamaq şərti ilə dolğu tətbiq edirəm.

Təəssüf ki, indiki gənclər çox aqressivdirlər. Bir-birlərinə kompleks yaradırlar. Məhz bu səbəblərdən yeniyetmələr də dolğu üçün müraciət edirlər.

- Bəs bədən dolğusunu niyə etmirsiniz?

- Mənim fikrimcə, bədənlə bağlı dolğuları kosmetoloq etməməlidir. Bu, cərrahın işdir. 

- Təhsilsiz kosmetoloqlarla bağlı nə fikirləşirsiniz?

- Yaxşı olar ki, Elm və Təhsil Nazirliyinin nəzdində məktəb kimi kosmetologiya kursu yaradılsın. Burada isə məhz diplomları təsdiqlənmiş həkimlər qəbul edilsin. Lakin təəssüf ki, Azərbaycanda belə bir məktəb olmadığından hər yerindən duran insan kosmetoloq kimi fəaliyyət göstərir.

Onlar ucuz və keyfiyyətsiz iş görərək özlərinə pasiyent yığırlar.

- Ucuz dolğu edənlərdən danışdınız. Onların məhsullarımı keyfiyyətsizdir, yoxsa o qiyməti öz səviyyələrinəmi uyğun qoyublar?

- Dolğular 3 növə bölünürlər: Polimer (tam süni), süni dolğu ilə təbiinin qarışığı və tam təbii dolğu. Ucuz dolğular adətən süni ilə təbiinin qarışığından olur. Pasiyent gedəndə də deyirlər ki, təbiidir.

Həmin dolğulardan vurduran xanımlar da gəlir yanıma. İsrarla bildirirəm ki, tam təbii dolğu edilməyib sizə. Onlar isə deyir ki, ilk vurduran zaman dolğun idi, zamanla isə qalıq kimi görünməyə başladı. Tam təbii olan dolğularda isə o görüntü olmur. Təbii dolğu zamanla sovurulur, yoxa çıxır.

- Dodağına dolğu vurduğunuz xanımlardan eşitdiyiniz absurd, gülməli hansı sözlər olub?

- Bəzi xanımlar deyirlər ki, rəfiqəm başqa yerdə təbii dolğu etdirib, onda 1 il qalır dolğu, məndə isə 6 ay qaldı. Siz su vurmusunuz? (gülür).

Sadəcə təəccüblə baxıram ki, təbii olan daha az qalmalıdır axı...

- İndi hansı dodaqlar dəbdədir?

- Azərbaycana hələ gəlməyib, amma indi nazik, ip kimi dodaqlar dəbdədir.  Maraqlıdır ki, sabah, birisigün dəblə ayaqlaşan xanımlar dolğun dodaqlarını necə o hala salacaqlar?

“Barbie lips” kimi marketinq terminləri ilə böyük dodaqlar edilir. Yanıma gələn xanımlara bildirirəm ki, bu marketinq işidir, daha çox kütlə yığmaq üçündür. Dodaq isə iki cürdür. Ya ortanı qaldırırıq, ya da kənarları. Başqa heç nə etmək olmaz.

Bu arada dişlər də dodaq dolğusunda rol oynayır. Dişə, çənəyə, ğız quruluşuna baxaraq dolğu etdirmək lazımdır ki, xanımlar zərifliyini itirməsin, əksinə daha məsum görünsünlər.

- Sərt oval da dəbə gəlib. Necə baxırsınız buna?

- Sərt oval qadınlarda xoş görüntü yaratmır. Hər kəs sərt oval deyə-deyə kosmetoloqlara üz tutur. Problem odur ki, onlar üz cizgilərini bilmirlər. Bu prosedur hər insana yaraşmır. Sərt oval o xanıma yaraşar ki, o idmanla məşğul olsun, çiyinləri böyük, bədəni enli olsun. Hamı Ancelina Coliyə bənzətmək istəyir özünü, lakin onda sərt oval bədəni ilə kontrast yaradır.

Mənə də deyirlər ki, siz necə kosmetoloqsunuz ki, özünüzə sərt oval etmirsiniz. Özünüzə rəva bilmirsiniz? Məsələ bu deyil. Sərt oval mənə yaraşmadığına görə etmirəm.

Bu sərt oval da, bir müddətlikdir, marketinq siyasətidir. Zamanla dəbdən düşəndə əvvəlki vəziyyətə qayıtmaq çətin olacaq.

- Həkim, gözün üstünə yaxud altına vurulan dolğular barədə nə fikirləşirsiniz? Xüsusən “ceyrangöz” deyilən göz forması barədə.

- Elə dolğular var ki, onu sizə edərəm, bəyənərsiniz, hətta təşəkkür də edərsiniz, amma bir müddət sonra məcbur əməliyyata girəcəksiniz. O zaman isə düşünməyəcəksiniz ki, bu cərrahiyyə dolğular səbəbindən oldu.

Məsələn, gözaltı işıq dolğusu gözün altı çökən şəxslərə az miqdarda edilir. Amma bunu da hamıya etmək qadağandır. Düzgün qata vurulmayanda təbii dolğu belə, ərimir, bərkləşib qalır, zamanla özünə maye çəkir və zamanla tək həlli cərrahi yola çevirilir.

- Dolğudan sonra göyərmə normaldır? Xüsusən dodaqlarda.

- Bəli, normaldır. Çox zaman göyərmə qan azlığı olan şəxslərdə müşahidə olunur.

- Deyirlər ki, dodaq dolğusundan sonra 1 həftə spirtli içki və qaynaq çay içmək olmaz. Bu zaman o əriyir. Doğrudur?

- Dolğular istini sevmir. Bir gün qaynar çay içmək və 10 gün öpüşmək olmaz. Çünki dolğular yerinə oturmalıdır. Qaynar çay dolğunu əridir, öpüş isə onun yerini dəyişə bilir. Spirtli içki barədə isə bunları deyə bilmərəm. Dolğu etdirən şəxsə onu etmə, bunu etmə deyib, sıxmağı düzgün hesab etmirəm.

- Botokslar da hərdən əks təsir yaradır. Məsələn alındakı qırış üçün vurulur, amma qaşı aşağı salır. Bu niyə olur?

- Botoksun bədəndə qaldığı müddət 6 aydır. Əgər o, qaşı endirirsə, deməli ya çox vurulub, ya da düzgün əzələyə tətbiq edilməyib. Botoks qorxulu deyil, o zamanla bədəndən çıxıb, gedir. O, ilk dəfə vurulanda bəlli olmur. 4 gün sonra lazımi əzələyə çatır və 14 gün ərzində onu sıxıb saxlayır. 2 həftə sonra əgər tərpənmə yoxdursa, o zaman pasiyentlə görüşmürük. Yox, əgər bir tərəfdə tərpənmə varsa, korreksiya edib, onu düzəldirik.

- Masseter botoks nədir?

- Bizim üzümüzdə ən ağır masseter əzələsi var. Hımin nahiyəyə botoks vurduqda, o əzələ boşalır və yanaqlar içəri batır. Üz incəlir və dördbucaq formasını itirir. Bəzi xanımlar da üz incəltmə istədikləri üçün mənə yazırlar. Bildirirəm ki, gəlin, baxaq. O nahiyəyə botoks o halda ola bilər ki, pasiyentdə bruksizm diaqnozu olsun. Bruksizm gecələr yatanda, yaxud gündüz vaxtı dişləri qıcamadır. Məhz o, diaqnozdan sonra pasiyentlərin başları ağrıyır, dişləri tez tökülür. Pasiyentə baxan kimi onun olub-olmadığını bilmək olur. Dodaq üçün gələnlərdə bruksizm olduğunu görəndə, bildirirəm ki, gəlin masseter botoks edək, dodağa ehtiyac yoxdur. Bu botoksu gözəllik üçün yox, sağlamlıq üçün edirəm.

- Aha, dolğulardan və botokslardan kifayət qədər danışdıq. Bəs üz baxımları? Kosmetoloqa getmədən üzümüzə necə qulluq edə bilərik?

- Kosmetoloqa getməyən insanlar özlərini tanımalıdırlar. Ən sevmədiyim şey- bloggerlərin hansısa məhsulu “mükəmməlimişcəsinə” tərifləmələridir. Bir məhsulu tərifləyəndə onun kimə, hansı dəri tiplərinə, necə istifadə olunduğunu da izah etmək lazımdır. Hamı gördüyünü gedib, alır, sonra isə üzlərini bərbad vəziyyətə salırlar. Hər insanın üzü, bədəni, dərisi individualdır, ümumi fikirlər deyə bilmərəm.

- Ruxsara xanım, bəs sızanaqlı dərilərə necə qulluq etmək olar?

- Sızanaqlı dərilər ilk növbədə üzyuma dəsmalını ayırmalıdır. Yaxşı olar ki, kağız dəsmalla üzlərini qurulasınlar. Yastıq üzlərini heç olmasa həftədə 1 dəfə dəyişmək və ütülü formada istifadə etmək lazımdır. Makyajlı yatmaq da üz dərisini məhv edən şeylərdən biridir. Sızanaq varsa, onu sıxmaq olmaz, vəziyyət gərgindirsə, o zaman həkim-kosmetoloqa getmək lazımdır.

 

- Sızanaqlardan əziyyət çəkən şəxsə kosmetoloq necə yardımçı olur? Hansısa prosedurlar icra edirsiniz?

- Xeyr, ilk növbədə səbəbləri soruşuram. Nədən sonra yaranıb, necə yaranıb, yaş, emosional vəziyyət və s. bu tip suallara cavab alıram. Daha sonra isə ona müalicə yazıram. Çox vaxt vəziyyətə baxaraq, analizə belə, göndərmirəm. Çünki analiz adı gələndə, insanlar qaçırlar ki, o da bir xərc (gülür). Elə müalicə yazıram ki, pasiyentə xeyri olsun, imkan və digər səbəblərdən üzü daha da pis vəziyyətə düşməsin.

Pasiyentin tələbə olması da ona yazdığım vitaminlərə təsir edir. Çalışıram ki, büdcəsinə uyğun resept verim ki, faydasını görsün. Bəzən görürəm ki, pasiyent yoxa çıxdı. Onda anlayıram ki, dərmanların təsiri olub, hər şey qaydasındadır. Yox, əgər o ikinci dəfə eyni şikayətlə qayıdırsa, o zaman yenidən yoxlayıb, problemi həll etməyə çalışırıq.

- Çistka kimi tanınan prosedur var. Ucuz olduğundan ona müraciət edənlərin sayı da çoxdur. Bunun zərərləri var?

- Çistikanı hamıya etmək olmaz, xüsusən də sızanaqlı və quru dərilərə. Bu dəriləri qurudub, sızanaqları bütün üzə yayır. Nəticədə qara nöqtələrdən, sızanaqlardan əziyyət çəkən üz daha ağır problemlərlə üz-üzə gəlir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
32
lent.az

1Источники