RU

Z nəsli inqilabı: Rəqəmsal üsyan Nepalı silkələdi

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

8 sentyabr 2025-dən etibarən Hindistanla Çin nəhənglərinin arasında sıxılıb qalmış Nepal gözlənilməz siyasi sarsıntıların episentrinə çevrildi. "Z nəsli inqilabı" adı ilə tarixə düşən bu etiraz dalğası hökumətin istefası, insan tələfatı və ölkənin siyasi mənzərəsində köklü dəyişikliklərə yol açdı. Alovu alışdıran səbəb hökumətin 26 sosial şəbəkəni - Facebook, X (Twitter), YouTube, Instagram və LinkedIn də daxil olmaqla - bloklaması oldu. Rəsmi izah belə idi: guya şirkətlər Nepalın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində vaxtında qeydiyyatdan keçməmişdi. Amma məsələ təkcə bundan ibarət deyildi. Prosesə dərindən baxanda görünür ki, səbəblər ölkə cəmiyyətinin sistemli problemlərində gizlənirdi - kütləvi işsizlik, korrupsiya və təhsilli gənclər üçün sosial liftlərin yoxluğu.

Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Böhran xronologiyası: Rəqəmsal qadağadan küçə toqquşmalarına

4 sentyabr 2025-də baş nazir Şarma Oli hökuməti sərt qərar verdi: bir həftə ərzində qeydiyyatdan keçməyən iri sosial platformalar bloklanacaq. Siyahıya Meta (Facebook, Instagram, WhatsApp), Alphabet-in YouTube-u, X (Twitter), Reddit və LinkedIn də düşdü. Hökumət bunu "saxta xəbərlərə, nifrət təbliğatına və onlayn dələduzluğa qarşı mübarizə" ilə əsaslandırmağa çalışdı.

Amma 8 sentyabrda səbir kasası daşdı. Əsasən 1998-2012-ci illərdə doğulan Z nəslinin nümayəndələri - minlərlə gənc Katmandu və başqa şəhərlərin küçələrinə axışdı. Onların əllərində belə şüarlar vardı: "Korrupsiyanı qadağan edin, yoxsa sosial şəbəkələri!", "Sosial şəbəkələri açın!", "Gənclik korrupsiyaya qarşıdır!". Etirazlar çox tez polis zorakılığına çevrildi: əvvəl su şırnaqları, dəyənəklər və rezin güllələr işə düşdü, daha sonra odlu silah tətbiq olundu. Fərqli mənbələrin məlumatına görə, 19-dan 34-ə qədər insan həyatını itirdi, 1,3 mindən çox etirazçı yaralandı.

9 sentyabrda hökumət məcbur olub qadağanı geri götürdü, amma artıq gec idi. Küçələrdəki qəzəb bu dəfə birbaşa hakimiyyətə yönəldi. Baş nazir Şarma Olini hədəfə alan nümayişçilər onun iqamətgahını yandırdılar. Hökumət partiyası "Nepal Konqresi"nin mərkəzi ofisi, parlament binası, Ali Məhkəmə, baş prokurorun ofisi və Katmandu dairə məhkəməsi də alova qərq oldu. Ən faciəli hadisələrdən biri isə keçmiş baş nazir Cala Natxa Xanalın iqamətgahının yandırılması nəticəsində həyat yoldaşının yanaraq ölməsi oldu. Maliyyə naziri Bişnu Prasad Paudel isə qəzəbli kütlə tərəfindən döyüldü.

Hərbçilərin təzyiqi və zorakılığın artması fonunda baş nazir Şarma Oli istefa verdi. Onun ardınca daxili işlər naziri Rameş Lekhak və müxalif Milli Demokrat Partiyasının 42 üzvü də parlament və yerli orqanlardakı vəzifələrindən getdiklərini açıqladılar. İstefadan əvvəl isə Oli xüsusi istintaq komissiyası yaradılması göstərişi verdi. Bu komitə 15 gün ərzində baş verənləri təhlil edib gələcəkdə belə hadisələrin qarşısını almaq üçün təkliflər hazırlamalı idi.

Dərin səbəblər: Məsələ təkcə sosial şəbəkələr deyil

Hadisələrin gedişinə diqqətlə baxanda görünür ki, sosial şəbəkələrin bağlanması yalnız qığılcım idi, əslində isə etirazların kökündə illərdir yığılan sistemli problemlər dayanır. Nepal uzun müddətdir ki, gəncləri daha çox vurub incidən bu problemlərin yükü altında qalıb.

"Nepokids/Nepobabies" sindromu: niyə partladı?

Məsələ hökumətin övladlarında idi. Elitanın uşaqları sosial şəbəkələrdə Dubai alış-verişindən tutmuş, bahalı maşınlar və dəbdəbəli saatlarla dolu paylaşımları ilə gündəmdə idi. Sentyabrın əvvəlində #NepoKid və #NepoBabies həştəqləri trendə çevrildi. Etiraz hesabları nazir övladlarının "parıltılı" həyatını sadə ailələrin reallığı ilə üz-üzə qoydu. Məhz həmin günlərdə sosial platformaların bloklanması ilə gənclik küçələrə axışdı. Şüarlar aydın idi: "Bağlayın korrupsiyanı, yoxsa şəbəkələri" və "Youth against corruption".

İqtisadi qıcıq: bir post = bir illik gəlir

Ümumdünya Bankının hesablamalarına görə, 2023-də Nepalda adambaşına düşən ÜDM 1382 dollar, 2024-də isə 1447 dollar olub, yəni təxminən 1400 dollar. Bu isə deməkdir ki, sosial şəbəkədə paylaşılan bir lüks çanta və ya saat adi bir vətəndaşın illik qazancına bərabər gəlirdi. Ona görə də "NepoKids" videoları kasıb gənclərin gözündə açıq-aşkar təhqir idi.

Kimlər etiraz etdi və niyə tez yayıldı?

Nepalda rəqəmsal baza kifayət qədər güclüdür. 2024-cü ilin əvvəlində 15,4 milyon internet istifadəçisi (əhalinin 49,6 faizi) və 13,5 milyon sosial şəbəkə hesabı (43,5 faiz) vardı. Median yaş - 24,6, 18-34 yaş qrupu isə əhalinin 32 faizini təşkil edir. 2025-in əvvəlinə isə bu rəqəmlər daha da artdı: internet istifadəçiləri 16,5 milyona, sosial şəbəkə hesabları 14,3 milyona çatdı. Ona görə də "NepoKids" memləri və videoları dərhal küçələrə daşındı.

"Ban" qığılcım oldu: hansı platformalar bağlandı və nəticə necə oldu?

4 sentyabrda hökumət 20-dən çox platformanı qeydiyyata girmədiyi üçün bağladı - Facebook, Instagram, YouTube, X və digərləri. Təkcə TikTok və Viber kimi bəzi tətbiqlər işləməyə davam etdi. Gənclər qalan messencerlər üzərindən əlaqə saxlayaraq küçələrə çıxdı. Artıq 8-9 sentyabrda ilk ölümlər qeydə alındı: əvvəlcə 19 nəfər, sonra rəqəm 30-a qədər qalxdı. Katmanduda hökumət binaları odlandı, nəticədə baş nazir K.P. Şarma Oli istefa verdi.

Niyə "korrupsiyaya qarşı, bəzilərin dediyi kimi qadağaya yox" şüarı əsas oldu?

Transparency International-ın 2024 hesabatına görə, Nepal korrupsiya indeksində 34/100 xal toplayıb və 180 ölkə arasında 107-ci yerdədir. Cəmiyyət dövlət institutlarını kökündən korrupsiyalaşmış hesab edir. Bu fonda "nepotizm - NepoKids - bərabərsizlik" zənciri çox açıq və ağrılı göründü.

Əmək bazarı və nəsil faktoru

Elita övladlarının dəbdəbəsi işsizliyin acısını yaşayan gənclikdə xüsusi rezonans doğurdu. Gənclər arasında işsizlik 20-22 faiz səviyyəsindədir. Etirazların əsasını təşkil edən Z nəslinin gözündə bu görüntülər sosial liftlərin tam yoxluğunun simvolu idi.

Miqrant pulları və nümayişkaranə dəbdəbə

Nepal iqtisadiyyatının ən həssas nöqtələrindən biri də budur. 2023-də miqrantların göndərdiyi pul transferləri ÜDM-in 27 faizini təşkil edib - dünyanın ən yüksək göstəricilərindən biri. Əhalinin böyük qismi Malayziya, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanından gələn pullarla yaşayır. Belə bir ölkədə "NepoKids"in lüks həyatı cəmiyyət tərəfindən birbaşa təhqir kimi qəbul edildi.

Niyə bu, "platforma davası" yox, siyasi böhran oldu?

2008-dən bəri Nepal təxminən 14 hökumət dəyişib və heç biri tam müddətini başa vura bilməyib. Ona görə də institutlara inam çoxdan tükənib. Etiraz plakatlarında yazılan "Shut down corruption, not social media" artıq təkcə "rəqəmsal narazılıq" yox, açıq-aşkar ədalət və hesabat tələbiydi.

"Nepokids/Nepobabies" fenomeni səbəb yox, katalizator idi. O, gənc nəslin gözündə nepotizmi və bərabərsizliyi vizuallaşdırdı. Onlayn yaşayan, memlərlə siyasi mesajı birləşdirməyi bacaran gənclik üçün bu kadrlar barıt çəlləyinə qığılcım oldu. Adambaşına düşən ÜDM-in 1400 dollar, korrupsiya indeksinin 34/100, gənclər işsizliyinin 20 faizdən yuxarı olduğu ölkədə dəbdəbəli saatlar və Dubai səfərləri açıq çağırış kimi görünürdü. Dövlətin sosial şəbəkələri "söndürmək" cəhdi isə küçə üsyanına çevrildi. Orda əsas tələb aydın idi: "Biz korrupsiyaya qarşıyıq - paylaşmaq və hesabat tələb etmək haqqımıza yox".

Siyasi qeyri-sabitlik

Son on altı ildə respublika elan olunandan bəri Nepal düz 14 hökumət dəyişib və onların heç biri tam beşillik mandatını başa vura bilməyib. Bu, təsadüf deyil, artıq siyasi həyatın qanunauyğunluğuna çevrilmiş institusional qeyri-sabitliyin göstəricisidir. Hər 10-14 aydan bir yeni koalisiya qurulur, etimad böhranı yaşanır, tərəfdaşlar dəyişir.

Tarixi yol və köklü səbəblər

1990-cı ildə ölkə mütləq monarxiyadan konstitusiyalı monarxiyaya keçdi, 1996-2006-cı illərdə on il davam edən maoist vətəndaş müharibəsi baş verdi, 17 mindən çox insan həyatını itirdi. 2008-də Nepal federativ demokratik respublika elan olundu. Yeni konstitusiya isə yalnız 2015-də qəbul edildi və ölkə 7 vilayətdən ibarət federasiya kimi rəsmiləşdirildi. Ancaq institutlar hələ də güclənə bilməyib, koalisiya qaydaları isə daima sürüşkən və dəyişkəndir.

Seçki sistemi və parçalanma

Parlamentdə 275 mandat var: 165-i majoritar dairələr, 110-u isə proporsional siyahılar üzrə seçilir. 2022-ci il seçkilərinin nəticəsi partiya sisteminin tam parçalanmasını göstərdi. "Nepal Konqresi" 89 yer, Birləşmiş Marksist-Leninçilər 78, maoistlər 32, yeni siyasi hərəkatlar isə onlarla mandat qazandılar. Bu tablo koalisiyaları həssas və qısamüddətli edir.

Məhkəmənin rolu

Son illərdə Ali Məhkəmə əsas siyasi hakimə çevrilib. 2020-2021-də baş nazir iki dəfə parlamenti buraxdı, ancaq məhkəmə bərpa etdi və hətta yeni hökumət başçısı təyin etdi. 2021-də Ali Məhkəmə sol blokun birləşməsini ləğv etdi və UML-lə maoistləri yenidən ayrı-ayrı partiyalar kimi fəaliyyətə qaytardı. Bu qərarlar hökumət dəyişikliyini siyasi dövrün adi hissəsinə çevirdi.

Koalisiyaların qısa ömrü

2022 seçkilərindən sonra baş nazir Puşpa Kamal Dahl bir il ərzində üç dəfə koalisiyanın konfiqurasiyasını dəyişdi, dəfələrlə etimad səsverməsinə çıxdı. Partnyorlar gah müxalifətə keçirdi, gah geri qayıdırdı. Bu təcrübə uzunmüddətli islahatların planlaşdırılmasına imkan vermir, idarəetməni isə böhrandan böhrana yaşamaq taktikasına çevirir.

İqtisadi nəticələr

2023/24 maliyyə ilində ÜDM-in artımı cəmi 3,9 faiz oldu. 2024/25 üçün proqnoz 4,5 faizdir ki, bu da hədəflərdən aşağıdır. Dövlət borcu ÜDM-in 42-43 faizi civarındadır, inflyasiya təxminən 4 faizdir. Sosial xərclər məhdud qalır. Əsas maliyyə mənbəyi isə əmək miqrantlarının göndərdiyi pullardır - ÜDM-in 27 faizi, yəni dünyada ən yüksək göstəricilərdən biri. Təkcə 2023/24 maliyyə ilində 740 mindən çox insan əsasən BƏƏ, Qətər və Səudiyyə Ərəbistanında işləmək üçün icazə alıb. Bu asılılıq həm xilas edir, həm də ölkəni zəiflədir: valyuta balansını sabitləşdirir, amma işçi qüvvəsini və demoqrafik potensialı tükədir.

Korrupsiya və institusional zəiflik

Transparency International-ın 2024 hesabatında Nepal korrupsiya indeksində 34 bal yığıb və 180 ölkə arasında 107-ci yeri tutub. Dünya Bankının siyasi sabitlik və hökumətin effektivliyi göstəricilərində Nepal yalnız ən aşağı kvartalda qərarlaşır. Bu isə hakimiyyətə sistemli etimadsızlığın təzahürüdür.

Ferderalizmin müsbət cəhətləri

Konstitusiya parlamentin ən azı üçdəbirinin qadınlardan ibarət olmasını tələb edir. Hazırda parlamentdə 92 qadın deputat var - bu, 33,5 faiz deməkdir. Amma gender balansı siyasi partiyaların zəifliyini və koalisiya siyasətinin xaotikliyini ört-basdır edə bilmir. Sorğular göstərir ki, insanlar federal və vilayət strukturlarına nisbətən yerli idarəetməyə daha çox güvənir. Bələdiyyələr daha etibarlı instansiya kimi qəbul edilir. Lakin milli səviyyədə partiya siyasətinə və elitanın sonu gəlməyən kompromislərinə inam xroniki olaraq aşağıdır.

On altı ildə on dörd hökumət - bu, təsadüfi yox, qanunauyğunluqdur. Nepalı üç açar problem sıxıb: parçalanmış partiya sistemi, zəif institusional baza və xarici mənbələrdən iqtisadi asılılıq. Bu düyünlər çözülməyənə qədər Nepal daimi siyasi böhran vəziyyətindən çıxa bilməyəcək.

Ordu və maoist faktor: gizli balans necə işləyir

Nepal ordusu tarixən dövlətin davamlılığını təmin edən institut sayılıb. Monarxiya dövründə əsas dayaqlardan biri idi, 2006-cı ildən sonra formal olaraq mülki nəzarətə tabe edildi, amma təsirini qorudu. Bu tarazlıq bir neçə mühüm detal üzərində qurulub.

Miqyas və profil

Ordunun şəxsi heyəti təxminən 95-100 min nəfərdir. Prioritetlər - ərazi bütövlüyünün qorunması, fövqəladə halların nəticələrinin aradan qaldırılması (torpaq sürüşmələri, daşqınlar, zəlzələlər), strateji obyektlərin mühafizəsi və BMT missiyalarında iştirakdır. Sonuncu həm zabit korpusunun valyuta mənbəyi, həm də peşəkarlaşma kanalıdır. Müdafiəyə ÜDM-in 2 faizindən az vəsait ayrılır, büdcə böyük deyil, amma institusional olaraq toxunulmazdır.

Mülki nəzarət və kadr siyasəti

Formal olaraq kadr təyinatlarını mülki rəhbərlik təsdiqləyir, amma generalitet yüksək dərəcədə avtonomdur. Hökumətlər dəyişir, amma hərbi idarəetmənin konturları dəyişmir. Bu da "inersion sabitlik" yaradır - siyasi böhran fonunda ordunun idarəetməsi stabil qalır.

Keçmiş döyüşçülərin inteqrasiyası

2006-cı il sülh sazişindən sonra 19-20 minə yaxın maoist döyüşçü qeydiyyata alındı, amma cəmi 1,4-1,5 min nəfəri fərdi meyarlara görə orduya keçdi. Proses illərlə çəkdi, amma ciddi nəticə vermədi: institutların qarışması baş tutmadı, əksinə, ordu ilə maoist hərəkat paralel trayektoriyalarla yaşamağa davam etdi.

Siyasi rol

Ordu koalisiyaların çəkişməsindən kənarda durmağa çalışır, amma böhran anlarında - konstitusiya mübahisələri, parlamentin buraxılması təşəbbüsləri, küçə səfərbərlikləri - onun mövqeyi gizli amil kimi önə çıxır. Ordunun açıq müdaxiləsi yoxdur, amma hamının gözləntisi odur ki, güc strukturu idarəolunmazlıq riskini (kütləvi iğtişaşlar, zorakı revanş, təhlükəsizlik aparatının parçalanması) buraxmayacaq.

Maoistlər: inqilabdan transaksion siyasətə

Puşpa Kamal Dahlın rəhbərlik etdiyi maoistlər üç mərhələ keçiblər:

İnsurqent dövr (1996-2006): hərbi xətt, radikal sol layihə.

Təsisçi dövr (2006-2015): konstitusiya kontraktının yenidən yazılmasında iştirak, dövlətçilik modelinin dəyişdirilməsinə cəhd.

Koalision-transaksion dövr (2015-dən sonra): partiya artıq koalisiyalarda "çəki daşına" çevrildi, "Nepal Konqresi" ilə UML arasında manevr etməyə başladı.

Əsas nəticə budur ki, maoistlər dialoq potensialını qorudular, amma kütləvi dayaqlarını itirdilər. 2008-ci ildə Təsis Məclisi seçkilərində birinci idilər, sonrakı illərdə isə nəticələr ardıcıl zəiflədi. 2022-də artıq cəmi 30-a yaxın mandatla kifayətləndilər. Ona görə də ideoloji sərtlik taktiki elastikliklə əvəz olundu.

Bugünkü model belədir: maoistlər "koalisiya ilməsi"dir, kabinetin formalaşmasına yardımçı olurlar, amma böyük islahat paketlərini aparmaq üçün təkbaşına gücləri yoxdur. Onların dayağı yalnız iki "ağırçəkili" - "Nepal Konqresi" və ya UML ilə ittifaq ola bilər. Bu isə koalisiyaların ömrünü qısaldır, hakimiyyət dəyişikliyini tezləşdirir və siyasəti struktural islahat yox, seçkiyə hesablanmış kosmetik qərarlara çevirir.

Sosial şəbəkələrin rolu

Nepalda sosial şəbəkələr sadəcə ünsiyyət vasitəsi deyil, kiçik biznes, ticarət və reklam üçün əsas platformadır. Ölkədə müstəqil media yoxdur, sosial şəbəkələr isə demək olar ki, yeganə etiraz tribunasına çevrilib. Onların bağlanması cəmiyyət tərəfindən "narazıların səsini boğmaq" cəhdi kimi qavrandı və tam əks effekt doğurdu.

Beynəlxalq kontekst və reaksiyalar

Nepalda baş verən hadisələr qlobal miqyasda narahatlıq doğurdu. Hindistan hökuməti həm Nepal hakimiyyətini, həm də etirazçıları təmkinə çağırdı, öz vətəndaşlarına isə ölkəyə səfərləri təxirə salmağı tövsiyə etdi. Çin səfirliyi öz vətəndaşlarına təhlükəsizlik tədbirlərini gücləndirməyi, küçələrə çıxmamağı tövsiyə etdi.

Rusiyanın Katmandudakı səfirliyi yerli hakimiyyətlə əlaqə saxladığını, rusiyalılar arasında xəsarət alanın olmadığını bildirdi. Rusiya Tur Operatorları Assosiasiyasının məlumatına görə, həmin vaxt Nepalda 350-400 rusiyalı turist olub, onlardan cəmi 50 nəfəri təşkil olunmuş turlarda iştirak edirdi. Rusiya Turizm Sənayesi İttifaqı soydaşlara təhlükəsiz məkanlarda qalmağı, etirazların mərkəzlərindən uzaq durmağı və yerli hakimiyyətin göstərişlərinə əməl etməyi tövsiyə etdi.

Ordu və güc strukturları: Neytrallıq mövqeyi

Bu dəfəki etirazların fərqli tərəfi Nepal ordusunun mövqeyi oldu. Polis küçələrdə sərt güc tətbiq edərkən, ordu daha çox neytral mövqedə qaldı. Hərbi komandanlıq digər güc strukturları ilə koordinasiya edərək Katmandu və digər şəhərlərdə asayişin qorunması üçün qüvvələr yerləşdirdi, amma nümayişçilərə qarşı birbaşa zorakılıqdan yayınmağa çalışdı.

Baş Qərargah rəisi general Aşok Rac Siqdel milli televiziya ilə çıxışında gəncləri zorakılığı dayandırmağa və dialoqa başlamaga çağırdı. O, ölkənin artıq böyük insan itkisi və maddi ziyana məruz qaldığını vurğuladı. Bəzi mənbələrə görə, məhz hərbi rəhbərlik baş nazir Şarma Olinin istefasını tələb edib və bunu asayişin bərpası üçün şərt kimi irəli sürüb.

Nepalda baş verənlər bir daha göstərdi ki, texnoloji dəyişikliklər və rəqəmsal aktivizm dərin siyasi transformasiyaların katalizatoruna çevrilə bilir. "Z nəsli inqilabı" təkcə sosial şəbəkələrin bloklanmasına qarşı üsyan deyildi. Bu, illərlə yığılan problemlərin - korrupsiya, işsizlik, sosial bərabərsizlik və siyasi qeyri-sabitliyin - üzə çıxardığı sistem böhranı idi.

Ölkənin gələcəyi isə hələ də qeyri-müəyyəndir. Bir tərəfdən, hökumətin istefası və atdığı geri addımlar real dəyişikliklərə yol aça bilər. Digər tərəfdən, etirazçıların vahid təşkilati quruluş və siyasi proqramının olmaması növbəti böhran dalğasına və ya "köhnə elitanın yeni niqab altında qayıdışına" səbəb ola bilər.

Beynəlxalq ictimaiyyət, xüsusilə də Nepalın qonşuları Hindistan və Çin, hadisələri diqqətlə izləyir. İki nəhəng arasında sıxışıb qalan bu ölkənin gələcəyi təkcə daxili deyil, həm də beynəlxalq siyasətin predmetinə çevrilib.

Aydın olan budur: Nepal artıq əvvəlki Nepal deyil. "Z nəsli" real siyasi güc kimi səhnəyə çıxdı və bundan sonra bütün siyasi oyunçular bu faktorla hesablaşmağa məcbur olacaq. Himalaylarda baş verən rəqəmsal inqilab XXI əsrdə sosial şəbəkələrin əyləncə vasitəsi yox, bütöv bir ölkənin taleyini dəyişəcək siyasi mobilizasiya aləti olduğunu sübut etdi.

Mənbələr:

· Young anti-corruption protesters oust Nepal PM Oli - Reuters - https://www.reuters.com/world/asia-pacific/young-anti-corruption-protesters-oust-nepal-pm-oli-2025-09-09/ Reuters

· Nineteen killed in Nepal in 'Gen Z' protest over social media ban, corruption - Reuters - https://www.reuters.com/business/media-telecom/nineteen-killed-nepal-gen-z-protest-over-social-media-ban-corruption-2025-09-08/ Reuters

· What's next for Nepal after 'Gen Z' protests forced its prime minister to quit? - Reuters - https://www.reuters.com/world/asia-pacific/whats-next-nepal-after-gen-z-protests-forced-its-prime-minister-quit-2025-09-10/ Reuters

· Nepal's young protesters back former chief justice as interim head - Reuters - https://www.reuters.com/world/asia-pacific/nepals-young-protesters-back-former-chief-justice-interim-head-2025-09-11/ Reuters

· At least 19 killed in 'gen Z' protests against Nepal's social media ban - The Guardian - https://www.theguardian.com/world/2025/sep/08/nepal-bans-26-social-media-sites-including-x-whatsapp-and-youtube Гардиан

· Nepal lifts social media ban after anti-corruption protests leave 19 dead, curfew imposed - Reuters - https://www.reuters.com/world/asia-pacific/nepal-lifts-social-media-ban-after-anti-corruption-protests-leave-19-dead-curfew-imposed-2025-09-09/ Reuters

· Police open fire on protests of Nepal's social media policy, killing at least 17 - AP News - https://apnews.com/article/1ac9efd7d2f28783cc9f2be60edfa1da AP News

· Why Gen Z Is Revolting in Nepal to Overthrow Government - Newsweek - https://www.newsweek.com/gen-z-nepal-protests-2127266 Ньюсвик

· A deadly 'Gen Z' protest in Nepal was sparked by a social ... - ABC News - https://www.abc.net.au/news/2025-09-10/nepal-kathmandu-gen-z-protests-social-media/105756398 ABC

· Youthful anger at political 'nepo babies' drives Nepal protests - Financial Times - https://www.ft.com/content/be1cdc26-dc5f-4001-a3ce-27bb1d70ee73 ft.com

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
1
news.milli.az

2Источники