RU

Daşkənddə Zəngi Ata Mavzoleyi, Sahibgiran darvazası, Zəngi tayfaları… FOTO

Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.

… Hava limanına gedən yolların ab-havası bir başqa cür olur. Bir də ki, bu yolun üstündə vətən, yurd, kimlik təəssübkeşliyi varsa, yol sənə qol-qanad verir. Ona görə də nə zaman yolçusu olduğum məsləkim üçün yola çıxıramsa, elə bilirəm ki, qollu-qanadlıyam.

Heydər Əliyev adına Hava Limanında mənimlə birlikdə Daşkəndə yola düşəcək operator Fariz Şıxəlizadə ilə görüşüb qeydiyyatdan keçirik. Təyyarəyə minik başlayandan Azərbaycanın Milli Qəhrəmanı, pilot Hökümə Əliyevanın şəkli gözlərimin önündən getmir. AZAL –ın uniformasında gördüyüm bütün xanımlar mənə nakam Hökuməni xatırladır. “Uzbekiston Havo Yullari” aviaşirkətinin təyyarəsi havaya qalxmağa başlayanda, adətim üzrə yenə əllərimi göyə açıb, sağ-salamat təyinat yerinə çatmağımız üçün Tanrıya, Göy Səmaya dua edirəm.

Təyyarəmiz yarım saat gecikmə ilə havaya qalxdığından, Daşkənd vaxtı ilə günorta saat 14.10-da yerə enəndə Fariz Daşkəndin təyyarədən görüntülərini lentə alır. Elə bu vaxt sərnişinlər adəti üzrə uçuş heyətinə minnətdarlığını bildimək üçün əl çalırlar. Və qəfildən... təyyarəmiz uğultulu bir sürətlə yenə də göyə qalxır. Salona tam bir səssizlik hakim kəsilib. Təyyarə göydə uçuş xəttini hamarlayandan sonra, yenə də manevrlər edib, yönünü dəyişir... Və bu proses bitmir. Təyyarəmiz demək olar ki, Daşkəndin və hava limanının başına dolanır. İkinci dəfə yenə eniş edir, mən dönüb operotorumun üzünə baxıram. Hiss elətdirməsə də, görürəm ki, dodaqlarının rəngi qaçıb... Həmin anda yenə də əlimi Tanrıya açıb imdad diləyirəm, zikr edirəm ki, Əmir Teymur babamızın ruhu xəbərdar olsun... Mən onun ruhunu Tanrıdan istəyəndə hər zaman işlərim sahmana düşür, çətinlik aradan qalxır. Farizin başını qatmaq, həyəcanını dağıtmaq üçün ağlıma nə gəldi danışıram. Deyirəm ki, belə hallar tez-tez olur. Yəqin başqa aerodroma enəcəyik. Belə kritik vaxtlarda xarakter etibarı ilə heç vaxt qorxu hissim olmur. Lakin içərimdə bir təəssüf var ki, xalxın uşağını özümlə gətirmişəm, Tanrı qəzavü-qədərdən qorusun bizi. Vəziyyətin gərginləşdiyini görüb, heç bir həyəcansız telefonumu açıb havada başımıza gələnlər haqqında video çəkirəm. Yenə Hökumə Əliyevanı xatırlayıram...

Təyyarənin Daşkəndin başına dolanmasının 12-ci dəqiqəsində hava gəmisinin kapitanı, İqor adında pilot deyir ki, guya küləkli hava şəraitinə görə, çətinlik yaranıb, 5 dəqiqəyə eniş edəcəyik. Beləliklə, təyyarəmiz düz 3 dəfə şəhərin başına dolanandan sonra, 20-ci dəqiqədə eniş edir. Sərnişinlər yenə də uçuş heyətini alqışlayırlar... Telefonumuzda təyyarənin cızdığı hava xəritəsi yoluna baxanda təəccüb məni bürüyür... Buna bənzər şəkil Qroznıda rusların “yaraladığı”, ktauya eniş edən təyyarəmizin qəzası zamanı alınmışdı. Sonradan təyyarədə yazdığım videonu izləyəndə isə görürəm ki, mən də özümdən asılı olmayaraq, “Hər şey yaxşı olacaq...” deyə fikrimi bitirmişəm.

... Həyəcanlı anları arxada qoyub, aeroportu tərk edirik. Qapıda bizi tələbəlik dostum,(indiyə qədər də ailəvi dostuq) Özbəkistanın tanınmış hüquqşünası, vəkil Şakir Paşayev qarşılayır. Deyir ki, şükür Allaha ki, salamat endiniz. Aeroportun işçiləri deyirdilər ki, Allaha dua edin... yaman qorxutdunuz bizi...

Telefonla taksi çağırmaq istəyirik, Şakirin telefonunda problem yarandığından alınmır. Bu vaxt bir gənc özbək oğlana yaxınlaşıb, özbəkcə ondan bizim üçün taksi sifariş etməsini xahiş edirəm.Taksi gələnə yaxın adını sonradan öyrəndiyim Akmal deyir ki, taksinin pulunu artıq özü ödəyib. Neyləsək də, pulu götürmür. Deyir ki, onu da Azərbaycanda hər zaman belə qarşılayırlar, azərbaycanlılardan hər zaman hörmət görüb. Yaddaşımda qalsın deyə, bu vətənpərvər gənclə Özbəkistan bayrağının fonunda şəkil də çəkdirirəm.

Dostum Şakiri indi çox sevincli və rahat görürəm. Həyəcanı ötüb keçib. Bizim gəlməyimiz onu lap çox sevindirib. Şakir çox vətənpərvər oğlandır. 1984-cü ildən Daşkənddə yaşayır. Azərbaycanlı kimi hər yerdə hörmət qazanıb. Şakir həm də Əfqanıstan veteranıdır. Universiteti də burada bitirib. Ötən 40 ildən artıq müddətdə başına gələn əhvalatları hər zaman elə danışır ki, sanki qara-ağ lentə çəkilmiş film izləyirsən.

Yenə də bizi əvvəlcə evinə aparır. Həyat yoldaşı Nəzakət xanım, həmişəki kimi sevdiyim yarpaq xəngəl bişirib. Onu deyim ki, Nəzakət Niftalıyevanın babası 1937-ci ildə Qazaxıstana Kür qırağından sürgün olunmuş bəylərdəndir. Stalin repressiyalarından keçiblər. Çimkənddə doğulan Nəzakət nənələrinin Azərbaycandan gətirdiyi yemək dadından tutmuş, adət-ənənəyə qədər hər şeyi - bu ocaqda, bu nəsildə və nəslin yerləşdiyi Maxtaaral rayonunda bu günə qədər də yaşatmaqdadır. Qərib ölkələri gəzib, qəribləri tanıdıqca bir mütləqi anladım ki, qəriblər vətən adətlərini, ənənələrini demək olar ki, unutmurlar. Xatirələrlə, məişətlərində yaşatmaqla nəsildən-nəsilə, yaddaşdan-yaddaşa köçürürlər.

...Axşamüstü telefonuma Hamza Cumayevdən zəng gəldi. Həmzə Cumayevlə 2004-cü ildə Özbəkistana xüsusi müxbir postunun rəhbəri kimi təyin olunanda tanış olmuşdum. O zaman Həmzə Türkiyədə təhsil alan gənc jurnalist kimi mənimlə dostluğu üstünlük vermişdi. Özbəkistan Dövlət Televiziyasında işləyirdi. Bu gün Mərkəzi Asiya regionunda sevilən simadır. Onun hər sözü gənclər üçün yol və dərsdir. Oğlu Məhəmməd Əmir də atasının yolunu davam etdirir.

Həmzə Cumayev Özbəkistanın tanınmış gənc şairi və jurnalisti, bu yaxınlarda Prezident mükafatına layiq görülən Şuxrat Oriflə birlikdə bizi şam yeməyinə dəvət edirlər.

Dostlarla görüş ən gözəl bayramdır. Biz də Özbəkistan Müstəqilliyinin 34-cü ildönümü ərəfəsində qardaş ölkəyə qonaq gəlmişik. Çilanzar rayonun məşhur restoranlarından birində şam yeməyinə otururuq. Süfrə ətrafında görəcəyim işlər haqqında – Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu və Türk Mədəmniyyəti İrsi Fondunun dəstəyi ilə çəkəcəyim itirilmiş tariximiz - “Zəngi tayfaları” (ilkin adını hələ tam qərarlaşdırmamışıq) tarixi-sənədli filmi haqqında dostlara məlumat verirəm. Elə süfrə arxasındaca Həmzə və Şuxrat qarşıdakı günlərdə aparacağım çəkilişlər üçün icazə məsələsini həll edirlər. Lazımi yerlərlə danışıb, yol xəritəmi hazırlayırlar.

Şuxrat və Hamza ilə Azərbaycandakı dostlardan, ölkəmizin Zəngəzur dəhlizi ilə bağlı əldə etdiyi son nailiyyətdən və eyni zamanda Özbəkistanın Azərbaycana etdiyi mənəvi köməkdən də danışırıq. Onlar danışdıqca könüllərində yer salan Azərbaycan sevdasının nə qədər ulu olduğunu daha dərindən hiss edirəm.

Özlüyümdə sevinirəm ki, Mərkəzi Asiya respublikalarında seçdiyim dostlarımın heç birində yanılmamışam. Mən Özbəkistanı, Qazaxıstanı, Qırğızıstanı... sevdiyim qədər, bu yerlərdəki dostlarım də mənim Vətənimi həmin sevda boyda sevirlər.

... Səhər tezdən Zəngi Ata ziyarətgahına yola düşürük. Bu ziyarətgahı öz dövründə Əmir Teymur abadlaşdırıb. Əmir Teymur müsəlman və türk dünyasının müqəddəs saydığı bütün pirilərin, şairlərin, tarixi şəxsiyyətlərin uyuduqları məkanlara hər zaman xüsusi diqqət yetirərdi. O, XI-XII əsrlərdə yaşamış , əsil adı AyXoca Bağırqani olan bu övliyanın məqbərəsini XIII əsrdə abadlaşdırıb. Əmir Teymurdan sonra nəvəsi Uluqbəy də buranı əsl mavzoleyə çevirdi...

Mavzoley kompleksinin gülüstana bənzəyən həyəti ziyarətə gəlib-gedənlərlə dolub-daşır. 13 əsrdir ki, insanlar bu məkanı müqəddəs bilib, ziyarətə gəlib, niyyətlərinə çatdıqlarını deyirlər. Mavzoleyin həyətinin şərq tərəfində qurbangah da var.

Zəngi Ata ziyarətgahında Zəngi babanın məzarını da lentə alırıq. Tanrıya dualarımızı edib, xoş niyyətlə bu müqəddəs ziyarətgaha bir də gəlməyi arzulayırıq.

Sentyabrın 1-i Özbəkistanın Müstəqillik günüdür. İki gün əvvəl, Daşkənddə dövlət səviyyəsində, açıq səma altında keçirilən, Özbəkistan Prezidenti Şavkat Mirzyoyevin də iştirak etdiyi bayram tədbirində ölkənin tanınmış müğənnisi Yulduz Turdiyeva Qarabağ haqqında mahnı oxuyubmuş. Bayram konsertində iştirak edən yerli müğənnilər də öz Müstəqillik bayramlarında Türk Birliyinə daxil olan ölkələrin mahnılarını ifa ediblər. Bu mənzərənin özü Türk Birliyinə qarşı çıxmaq istəyənlərə Şavkat Mirzyoyevin mədəniyyət dilində ötürülən mesajıdır desəm yanılmaram.

Axşamdan şair Şuhrat Arif bizə belə məsləhət görmüşdü ki, əgər Səmərqəndə gedərkən, Cizak yolunun üstündə yerləşən Əmir Teymur darvazalarını çəkəsi olsaq, o zaman yol maşını ilə getmək daha məqsədəuyğun olacaq. Sizə deyim ki, hələ 15 il bundan əvvəl “Özbəkistan Dəmir Yolları”nda sürət qatarı ilə Daşkənddən Səmərqəndə 2 saat yarıma çatmaq kimi gözəl bir fürsət var idi. Bu gün də həmin “Afrasiyob” adlı qatar Əmir Teymur darvazalarından keçir.

Sahibgiran Əmir Teymurun darvazalarını çəkmək üçün səhər tezdən avtovağzala gəlib, avtomobil ilə yola düşürük. Təxminən 55-60 yaşlarında olan sürücü çox təmkinli və rahat bir adama bənzəyir. Ondan xahiş edirəm ki, 4-cü sərnişini götürməsin ki, maşının salonunda rahat otura bilim. Ön oturacaqda əyləşən operatorumuz Fariz Şıxəlizadə hərdən “OZMO” kameranı işə salıb, öz işini görür. Bəxtim onda gətirib ki, Farizə çəkiliş meydanında, iş vaxtı heç nə demək lazım deyil. Rejissor əvəzinə də, redaktor əvəzinə də, operator əvəzinə də çox məharətlə işləyir. Tam səmimiyyətlə deyə bilərəm ki, işinin peşəkarıdır.

Uzun yolları arxada qoyduqca, sürücümüz Şerzod əkə bizə Daşkənddən Səmərqəndə qədər olan 310 km məsafədə yerləşən şəhərlər və obalar haqqında məlumat verir. Adı Məvarənnəhrin dövründən də qədimə gedən Sırdərya çayı haqqında danışarkən buradakı balıq növlərini sayır. Sırdəryanın Çinaz bölgəsinin balığı həqiqətən də dadlı olur. Bu gün heyif ki, həmin balığın dadına yenidən baxmağa zamanımız yetmir. Özbəkistanın çox yerinə balıq buradan paylanır. Sırdərya həm də qovun-qarpızı ilə məşhurdur. Yol boyu təxminən 30-40 kilometr məsafədə kəndlilər öz becərdikləri yemişləri yol qırağına düzüblər. Buralar həm də topdansatış mərkəzidir. Özbəkistanın əksər rayon və şəhərlərinə bal kimi dadlı yemişlər buradan aparılır.

Bir az keçəndən sonra isə Cizak və Nəvai arasındakı yollarda səf-səf keçən dəvələr görünür. Dəvələrin keçdiyi yerlərdə isə yasəmən rəngində yulğunlar var. Bu yulğun kolları həm də lavandaya bənzəyir. Buranın dəvələri saksaul deyil, yulğunla qidalanırlar. Dəvənin südü və ətindən alınan məhsul da Tanrının bu müqəddəs yerlərə bir ruzi payıdır. Buradakı dəvələrin bizim dəvələrdən fərqli olaraq bir hürgücü var. Əgər yolumuzu dəyişib dəvələrin arxasınca getsək, o zaman əsrarəngiz Aydarkul (Heydərgöl) gölünə gedib çıxacağıq. Bu süni yaradılmış göl 3500 kvadrat kilometr ərazini əhatə edir. Özbəkistan prezidentinin sərəncamı ilə, bu rayonda yeni Antalya yaradılır. Aydarkul gölü bundan sonra Mərkəzi Asiyanın Antalyası olmağa iddialıdır. Sürücümüz deyir ki, Aydarkul gölünün təbiəti çox əsrarəngizdir, buralar istər suda, istərsə də quruda yaşayan heyvanlarla zəngindir. Aydarkul gölü ətrafında turistlərin əlindən yer tapmaq çətindir.

Biz Səmərqəndə çatana qədər yollarda kartof və soğan yarmarkaları, üzüm və alma bağları da görürük. Sırdərya sahilində becərilən üzümlər əsasən şərabçılığa yarayır. Ən yaxşı süfrə üzümləri isə Fərqanədə yetişdirilir. Baxmol rayonunun almasına isə söz ola bilməz. Yol boyu bağ-bostandan yığılan almalar göz oxşayır. Sürücüdən xahiş edirəm ki, maşını saxlasın ki, bir kilo alma alaq. Şerzod əkə uyğun bir yerdə avtomobilini saxlayır. Satıcı qızdan 1 kilo alma çəkməsini xahiş edir. Almanın pulunu da özü ödəyir. Özbək pul vahidi ilə 15 min sum. (təxminən 2 AZN). Çaş-baş qalıram. Şerzod əkə deyir ki, mən öz vətənimin məhsulunu sizə təqdim edirəm, nuş-canınız olsun.

Biz azərbaycanlılar da qonaqpərvərik. Lakin, çox vaxt özbəklərin qonaqpərvərliyinin bizdən daha çox olduğunu görmüşəm. Özbəkistan bazarlarında piştaxtadan götürüb yediyinə görə, kimsə sənə ağır söz deməz, əksinə sevinclə “Olin, olin” deyərlər. Özbəklər heç vaxt kiminsə evinə əliboş getmirlər. Əllərində ən azı iki dənə təndir çörəyi “non” götürərlər. Bir tikələrini belə tək yeməzlər. Yolda qalan yolçunu evinə aparar, susuza su verər, ac qalanın qarnını doyurarlar. Bəlkə elə buna görədir ki, “Daşkənd çörəkli şəhərdir” deyimi dillərdə əzbərdir.

Daşkənddən Səmərqəndə qədər olan 300 kilometrdən artıq ərazidən keçdikcə bu torpağın necə zəngin və bərəkətli olduğunu yol kənarında əkilən pambığı, soğanı, kartofu, üzümü, qarpızı ilə kənd təsərrüfatı məhsullarının bir növ sərgisinə bənzəyən panoramdan bəlli olur. Bu bolluğa görə, Tanrıya şükür edirəm. Ucu-bucağı olmayan bu yurdu insan əməyi və zehni dirçəldir. Şerzod əkə onu da deyir ki, dehqanların öz becərdikləri məhsulları sərbəst şəkildə bazara çıxarmağında və daşımasında heç bir problem olmur. Özbək özü əkib-becərdiyi məhsulun yiyəsidir. Bu gün özbək insanı öz dövlətinə və zəhmətinə güvənir.

Səmərqəndin yaxınlığında yeni bir mənzərə diqqətimizi cəlb edir. Bu isə “Yangi Samarkand”, yəni “Yeni Səmərqənd” şəhərciyidir. Bu şəhərcik insana tarixi bir filmi xatırladır. Səmərqənddə olan bütün tarixi abidələrin bənzəri burada bir meydanda tikilib-qurulub. İndi Özbəkistan Prezidenti Şakvat Mirzyoyev özünün yüksək çinli xarici qonaqlarını, dövlət rəsmilərini bu şəhərcikdə qəbul edir. Sanki Əmir Teymurun XIV əsrdə yaratdığı ənənəni davam etdirir. O vaxtlar dünyanın sahibi olmaq istəyənlər Əmir Teymurun dövründə paytaxt olan Səmərqəndə gələrdilər. Bu gün də Səmərqənd Türk dünyasının darvazasıdır.

...Gün günortanın belinə çatmamış gəlib Səmərqəndə yetişirik. Daşkənddə yaşayan əziz dostumuz və həmkarımız , qocaman jurnalist Ruzibay Qoldaşevin Səmərqənddəki dostları bizi Uluqbəyin rəsədxanasının ətəyində qarşılayırlar. Belə gözəl dostları görəndə fikirləşirəm ki, bir ölkədə bu qədər dostu olan jurnalist özünü bəxtəvər saymasın, neyləsin?! Özbək dostlarımın bizə bu qədər yüksək səviyyədə diqqət göstərməsi ürəyimi sinəmdən atlandırır.

Mədəni Miras İctimai Təşkilatının mətbuat katibi Bahadur əkə bizi “Quri Əmir” Kompleksinə gətirir. Burada da çəkilişlərimizi çox böyük həvəslə başlayırıq, daha sonra həmişə olduğu kimi, “Quri Əmir” Mavzoleyində uyuyan Əmir Teymur həzrətlərini ziyarət etmək məqamı yetişir. Bu dəfə isə böyük fatehi Movzoleyin direktoru Xuşnud Abdullayevlə birgə ziyarət edirik. Həm babam Əmir Teymurun məzarı önündə diz çöküb dua edirəm, həm də ağlayıram... Tanrıma şükür edirəm ki, mənə belə böyük bir məqam verib. 20 ildən artıqdır ki, hər dəfə ziyarətinə gəldikdə, məzarı önündə əyilmək nəsibim olur.

Səmərqəndə bu dəfəki səfərimizdə Türk Mədəniyyəti və İrsi Fondu həm dəstəkçi, həm də istəkçi olub. Biz Səmərqənd haqqında birgə hazırladığımız filmdə də maraqlı məqamlara toxunacağıq.

Təbii ki, Səmərqənddə olub, Əmir Teymur dövründən qalan tarixi abidələri lentə almasaq, doğru olmaz. Demək olar ki, gün batana qədər Şahi Zinda və Bibixanım komplekslərində də çəkilişlərimizi sonlandırırıq. Burada isə bizi qocaman jurnalist Yakubcan Hazratkulov tək qoymur. İşimiz sona çatanda isə bizi dəmir yolu vağzalına qədər özü şəxsən ötürür.

“Şərq” qatarı ilə Daşkəndə gecə saat 23:45-də çatırıq. Vağzaldan otelə getmək üçün taksi çağırmaq lazım olanda, bizimlə qatarda gələn gənc oğlana müraciət edirəm. Bu gənc oğlan da, bizim üçün taksi sifariş verir... və deyir ki, siz taksiyə pulu ödəməzsiniz, mən artıq ödəmişəm yol pulunuzu...

Yenə heyrət... yenə təəccüb... və nəticə:

Dövlətlərimizin dostluğu əsil qardaşlığa çevrilib, bu qardaşlıq həm də qandaşlıqdır. Özbəkistan və Azərbaycan mədəniyyət və iqtisadiyyatın bütün sahələri üzrə birgə əməkdaşlığı genişləndirir. Özbəkistandakı böyük elçimiz, hörmətli Hüseyn Quliyev də iş adamı Emin Ağalarovun Daşkəndin 40-cı kilometirliyində olan “Çervak” istirahət zonasında tikintisinə başladığı “Sea Breze” kompleksi haqqında danışaraq deyir ki, biz yaxşı olan nəyimiz varsa, buraya gətiririk. Çünki qardaş qardaşdan heç nəyini əsirgəməz. Artıq bütün özbək gəncləri bir həqiqəti bilirlər ki, Özbəkistan və Azərbaycan adı olan yerdə sevgi, hörmət və məhəbbət ən yüksək həddədir.

... Sonuncu gün isə Teymurilər Dövlət Muzeyində Özbəkistanın tanınmış yazıçısı, Dövlət Mükafatı laureatı, Əmir Teymur haqqında 4 cildlik tarixi kitabın müəllifi, Azərbaycan ədəbiyyatının özbək dilinə ən mahir tərcüməçisi Məhəmməd Əlini çəkdik. O, hazırda “Əmir Teymur” Fondunun rəhbəridir. Məhəmməd Əlini ilk dəfə 2007-ci ildə çəkmişdim. Üstündən bu qədər il keçəndən sonra da, böyük Məhəmməd Əli müəllim məni unutmayıbmış, öz balası kimi bağrına basıb, “Xoş gəlibsən!” dedi. Sonra isə Əmir Teymur, Azərbaycan haqqında gözəl söhbətlər etdi...

Alimlərlə görüşmək işıqlanmaq deməkdir. Özbəkistanda olduğumuz 5 gün 4 gecə ərzində təzələndim, yeniləndim. Ona görə sevindim ki, özbəklər bu gün çox firavan yaşayırlar. Özbəklər bu gün BAYdırlar! (Bay - varlı, bəyzadə deməkdir) . Bu gün adi məktəb müəllimi 1000 dollardan yuxarı əmək haqqı alır, həkimlərin aylıq əmək haqqı onların hər birinin gedib xarici ölkələrdə gəzib-dolanmasına imkan verir. Bu gün Daşkəndin, Səmərqəndin küçələrində Özbəkistanın bir neçə şəhərində istehsal edilən “Chevrolet” markalı , çox gözəl avtomobillər şütüyür, qiymətləri də əlçatandır. Hər bir ailənin ən azı 1 avatomobili var. Dünyanın ən böyük şirkətləri Özbəkistana etibar edir, bura investisiya yatırırlar.

Özbəkistanın gənclərinin gözlərində işıq var, gələcəyə inam var. Bu gün özbək vətəndaşı hər yeni gündə Özbəkistan Prezidnetinin ölkənin, xalqın rifahının yaxşılaşdırılması üçün verdiyi yeni sərəncamı eşidir, həyatın firavanlaşdığına şükür edir. Bu Özbəkistan 10 il bundan əvvəlki Özbəkistan deyil, bu, qurulan Yeni Özbəkistandır. Bu Özbəkistan o qədər varlıdır ki, hətta Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına sərmayə yatırır, Füzulidə Uluqbəy məktəbi tikir. Yeri gəlmişkən onu da deyim ki, Əmir Teymurun nəvəsi Uluqbəy Qarabağda doğulmuşdu. Elə ona görə də Qarabağda adı əbədiləşdi. Bir zamanlar Səmərqənddə akademiya yaradan Uluqbəyin elm-ürfan arzusu indi də Azərbaycanda öz adını daşıyan təhsil ocağında çiçəklənir.

Aida Eyvazlı Göytürk,

İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri,

AzTV-nin İnformasiya Proqramları redaksaiyasının böyük redaktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
www.bakupost.az

1Источники