RU

Özünü sevmə ilə eqoizm arasındakı əsas fərq nədir?

"Bəzən özünü sevmə ilə eqoizm qarışdırılır". 

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, əslində özünü sevmə ilə eqoizm arasındakı fərq çox böyükdür:

"Çünki "özünü sevmək" dediyimiz zaman biz əslində özümüzü görməkdən başlayırıq. Ancaq "eqoizm" dediyimiz zaman isə "mənlik" topluqdan başlayır. Yəni bu, "ancaq özümü görəcəm və özümə nəzər yönəldəcəm" deməkdir".

Ekspert qeyd edib ki, özünü sevmək dediyimiz zaman özümüzə dəyər veririk:

"Özümüzə diqqətlə yanaşırıq və özümüzü ətrafdakı insanlardan üstün görmürük. Bir növ öz daxili dünyamızda baş verən çatışmazlıqları və yaxud tamamlanmamış parçaları tapırıq. Beləliklə, yarımçıq hisslər və duyğular varsa, onların fərqinə varırıq. 

Bu zaman mütləq şəkildə onların həlli, toparlanması və daha yaxşı olması üçün üzərimizdə çalışırıq. "Mən dəyərliyəm" demək bütün gözəlliklərə, xoşbəxtliyə, hüzura və rahatçılığa layiqəm deməkdir. Yəni "mən" anlayışını anlamaqdır". 

381679

Psixoloqun sözlərinə görə, özümüzü sevdiyimiz, dəyər verdiyimiz zaman təkcə "mən" olmuruq, "biz" olmağa başlayırıq:

"Yəni ətrafdakı insanları da nəzərə alırıq. Sadəcə "mən" demir və özümüzü düşünmürük. Bəli, özümüzə dəyər veririk, amma ətrafdakı insanların da insaniyyətinə, dediklərinə və təcrübələrinə hörmət edirik. Yəni təkcə "mən"dən deyil, artıq "biz"dən ibarət oluruq. İnsan özünün həm güclü, həm zəif tərəflərini görür və onların fərqinə varmağa başlayır". 

Ancaq mütəxəssis vurğulayıb ki, eqoizm isə tam fərqlidir:

"Eqoizm zamanı ətrafımızdakı insanların ehtiyac və tələbatları, istək və arzuları, fikir və düşüncələri önəmsənmir. Ancaq "mən"dən ibarət olur. Yalnız özümüzü düşünür və özümü önəmsəyirik. Məndən başqa heç bir dəyərli fikir və düşüncə sahibi yoxdur havasına giririk.

Eqoizm zamanı yalnız özümüzə anlayış göstəririk. "Mən bunu belə istəyirəm, belə arzulayıram, belə görmək istəyirəm" düşüncəsində oluruq. Başqalarının fikirlərini önəmli hesab etmirik. O zaman "biz" anlayışı olmur, sadəcə "mən" olur. 

Özünü sevəndə ətrafdakı insanlara da dəyər veririk, eqoizmdə isə başqalarına əhəmiyyət vermirik, ancaq özümüzü düşünürük. Əsas fərq bundan ibarətdir". 

Pərviz

Избранный
22
hit.az

1Источники